”Taleh Bağırzadə barəsində yeni cinayət işi açılıb”

Vəkil: “Bildiyimə görə hələlik ona rəsmi ittiham elan edilməyib”

Source:
Taleh Bağırzadə foto Meydan TV
Taleh Bağırzadə foto Meydan TV


Vəkil: “Bildiyimə görə hələlik ona rəsmi ittiham elan edilməyib”

Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə barəsində yenidən cinayət işi başlanıb.

Bu haqda Meydan TV-yə ilahiyyatçının yaxınları məlumat veriblər. Onlar T.Bağırzadənin Cinayət Məcəlləsinin 317.1 maddəsilə (cəzaçəkmə yerlərində qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi) ittiham olunduğunu deyirlər.

Yaxınlarının sözlərinə görə, ittihamda ilahiyyatçının üzərindən kəsici-deşici əşya tapıldığı iddia olunur, lakin bu yalandır.

T.Bağırzadənin vəkili Cavad Cavadlı isə bildirib ki, bu haqda detallı bilgiyə malik deyil:

“Mən də ordan-burdan eşitmişəm. Yaxın günlərdə görüşəcəm və məsələnin nə yerdə olduğunu öyrənəcəm. Bildiyimə görə hələlik ona rəsmi ittiham elan edilməyib”.

Yaxınları deyir ki, Taleh Bağırzadə iyulda Qobustandakı qapalı həbsxanaya gətirilən gün orada onun üzərində axtarış aparılıb. İlahiyyatçının üzərindən içində dini musiqilər olan mini kartlar tapılıb. Həmin kartlar ekspertizaya göndərilib. Ekspertiza da rəy verib ki, kartlarda heç bir qanunsuz material aşkarlanmayıb. Buna baxmayaraq, Taleh Bağırzadə haqqında cinayət işi başlanıb.

Yaxınlarının sözlərinə görə, ilahiyyatçı bu gün ailə üzvləri ilə telefon danışığında haqqındakı yeni cinayət işinə münasibət bildirib. Deyib ki, nə yolla olursa olsun, onu yenidən şərləmək üçün mini-kartları kəsici, deşici alət kimi qələmə verib, yeni cinayət işi açıblar: “İslam həmrəyliyi ilinin əvvəlində şərləyib, məhkum etdikləri kimi, sonunda da şərləməyə davam edirlər”.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş polis əməliyyatı nəticəsində həbs olunub. Daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını deyən ilahiyyatçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

Taleh Bağırzadə ona verilən ittihamları rədd edir, əməliyyat zamanı ölmüş altı nəfərin, o cümlədən iki polisin elə əməliyyatı keçirənlərin özləri tərəfindən qətlə yetirildiyini, saxlanılan dindarların heç birində silah olmadığını, namaz qıldıqları yerdə polislərin hücumuna məruz qaldıqlarını bildirir.

Ana səhifəXəbərlər”Taleh Bağırzadə barəsində yeni cinayət işi açılıb”