Tale Heydərov Nigar Köçərliyə cavab verdi

”Bu məsələdə ən çox zərərçəkən tərəf məhz ”TEAS Press” Nəşriyyat Evidir”

Source:
Tale Heydərov


”Bu məsələdə ən çox zərərçəkən tərəf məhz ”TEAS Press” Nəşriyyat Evidir”

“Nigar Köçərli sosial şəbəkələrdə sahibi olduğu kitab mağazalarına “yaranmış təhlükə ilə bağlı” müraciət yayıb. Əslində hədəf kimi Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və “LİBRAFF” kitab mağazaları şəbəkəsi seçilib”.

Bu fikirlər “LİBRAFF” kitab mağazaları şəbəkəsinin Nigar Köçərlinin ittihamları ilə bağlı açıqlamasında yer alıb.

“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli fevralın 12-də fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanlanmış videomüraciət

yayıb

.

Sahibkar xanım müraciətində bildirib ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov onun işinə mane olur, mağazalarını mollardan çıxartdırıb, öz kitab şəbəkəsini yerləşdirmək istəyir.

Tale Heydərovun sahibi olduğu bildirilən “LİBRAFF” kitab mağazaları şəbəkəsinin yaydığı

açıqlama

da isə N.Köçərlinin ittihamları rədd edilir:

“Nigar Köçərlini narahat edən məsələlərə, daha dəqiq desək, onun iddialarına keçməzdən əvvəl bildirək ki, bu müraciətin formal ünvanı bir, əslində hədəf seçilən obyekt isə tamam başqa instansiyadır. Bu isə atılan addımın özünün məntiqliliyini sual altında qoyur. “LİBRAFF” sadəcə kitab mağazaları şəbəkəsidir, özəl sektora aiddir, ölkədəki on minlərlə analoji strukturdan biridir, yəni dövlət qurumu deyil, hər hansı nazirliyin şöbəsi heç deyil. Amma bu da sirr deyil ki, müraciətin məhz başqa instansiyaya ünvanlaması məqsədlidir – hər halda daha böyük effektə, güclü ictimai rezonans yaradacağına ümid bəslənib.

TEAS-ın təsisçisi və sədri Tale Heydərovu “4 ildir onun mağazalarını bağlayıb yerində öz mağazalarını açmaq”da ittiham edən N.Köçərli də bilməmiş deyil ki, “LİBRAFF”ın ilk dükanı 4 il qabaq yox, ötən il – 2017-ci ildə açılıb.

Məntiqi sual yaranır: əgər N.Köçərliyə qarşı bu “hücumlar” son 4 ildə, doğrudan da, olubsa, onda, iddia edildiyi kimi, “o fil qarışqanı niyə əzməyib”, hətta əksinə, ticarət mərkəzlərində yeni mağazaları açılıb? İttiham etmək asandır, amma bu ittihamlar sübut olunmalıdır, əks halda onu böhtan saymaq lazım gəlir”.

Açıqlamada daha sonra deyilir ki, “LİBRAFF” kitab satışı ilə məşğul olmağa başlayandan N.Köçərli və tərəfdaşları tərəfindən mənəvi təzyiqlərə və böhtanlara məruz qalıb:

“TEAS Press Nəşriyyat Evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb. N.Köçərlinin müraciəti də həmin kampaniyanın tərkib hissəsi və davamıdır. Təlaşın səbəbi bəllidir – sağlam rəqabətə davam gətirmək çətinləşəndə qurşaqdan aşağı zərbə vurursan. Belə zərbələrdən biri də budur: “Mağazalarımızda gizli çəkilişlər aparılıb”.

Əgər söhbət hər hansı qanunsuzluq və piratçılıq faktının sənədləşdirilməsindən gedirsə, bu, qanunsuz kitab nəşri ilə mübarizənin əsas tələbidir. Kitab satışı sektorunda ən başlıca məsələlərdən biri müəllif hüquqları məsələsidir. Problem də ondadır ki, bu məsələdə ən çox zərərçəkən tərəf məhz “TEAS Press” Nəşriyyat Evidir. Nəşr hüququ “TEAS Press” Nəşriyyat Evinə məxsus olan kitablar qanunsuz şəkildə nəşr edilir və bu pirat kitablar N.Köçərlinin mağazalarının vitrinlərində satılır. Həmçinin Oksford Universiteti nəşriyyatının (OUP) və Türkiyə nəşriyyatlarının ən çox satılan kitablarının pirat nüsxələrinin bu mağazalarda satılması faktları OUP və Türkiyə Yayınçılar Birliyinin monitorinqi nəticəsində aşkarlandı. “TEAS Press” Nəşriyyat Evi öz qanuni hüquqlarını qorumağa qalxanda isə qarşı tərəfin “inhisarçı” ittihamı ilə, “qara məni basınca…” məntiqinə əsaslanan hücumlarla üzləşir.

“LİBRAFF” şəbəkəsi saxta kitablar satmır, yerli müəlliflər arasında ayrı-seçkilik qoymur, kitab satışının yaradıcılığı dəstəkləmək kimi sosial biznes missiyasını yerinə yetirir, bu sahədəki boşluğu doldurmağa çalışır. Nə yaradırsa, sıfırdan yaradır. Heç bir mağazanı bağlamır, heç bir başqa dükanın bazasında nəsə yaratmır”- açıqlamada bildirilir.

Ana səhifəXəbərlərTale Heydərov Nigar Köçərliyə cavab verdi