Kəmaləddin Heydərovla Baba Rzayev hadisə yerinə gedib
Noyabrın 13-də Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın olub.
Şüvəlan Elektrik Stansiyasında çalışan, adının açıqlanmasını istəməyən mənbənin məlumatına görə, yanğın test zamanı baş verib: “Dekabrın 24-də İlham Əliyevin yeni enerji blokunun açılışına gəlməsi planlaşdırılır. Həmin blokun fəaliyyətini yoxlamaq üçün sınaq testi keçirirdilər. Bu zaman da yanğın çıxdı”.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına görə, yanğın stansiyanın özündə baş verib.
“Azərişıq” ASC-nin məbuat katibi Tanrıverdi Mustafayev isə “Qafqazinfo”ya bildirib ki, yanğının elektrik stansiyasına aidiyyatı yoxdur:
“Stansiyanın fəaliyyətində hər şey qaydasındadır. Yanğın stansiyanın ərazisində yox, sadəcə yaxınlığında baş verib. Hazırda elektrik enerjisinin verilməsində də heç bir problem yaşanmayıb”.
Yanğından xəsarət alanın olub-olmaması barədə, eləcə də yanğının hansı səbəbdən baş verməsi haqda hər hansı məlumat yoxdur.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev də hadisə yerində olublar.
FHN-in məlumatına görə, elektrik stansiyasının ərazisində yerləşən ehtiyat transformatorda baş vermiş yanğın artıq söndürülüb.
Bu il, iyulun 2-si və 3-də Mingəçevirdə yerləşən “Azərbaycan İES”də baş verən yanğın ölkə ərazisinin əksər hissəsini elektrik enerjisiz
qoydu
.