Şuşa yaxınlığında insident: Azərbaycanla Ermənistan bir-birini ittiham edir

Foto: Azərtac

Leyla Abdullayeva: “Noyabrın 8-də baş verən insident Ermənistanın təxribatıdır”

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın Ermənistan XİN-nin 9 noyabr bəyanatına cavab reaksiyasında yer alıb.

Ermənistan Xarici İşlər Nazirliyi Şuşa yaxınlığında baş verən insidentlə bağlı noyabrın 9-da bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan silahlı qüvvələri noyabrın 8-də Şuşa yaxınlığında mülki əhalini atəşə tutub, nəticədə 1 nəfər mülki erməni ölüb, 3 nəfər isə yaralanıb.

Ermənistan XİN: “Son bir ayda Azərbaycan silahlı qüvvələri mülki şəxslərə iki dəfə hücum ediblər”

Nazirlik qeyd edib ki, hadisə üçtərəfli bəyanatın imzalanmasının ildönümü ərəfəsində baş verib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı növbəti mənfur bəyanatı və güc tətbiq etməklə hədələməsi erməni nifrətli ritorikasının davam etməsidir. Atəşkəs rejiminin dəfələrlə pozulması halları rəsmi Bakının Ermənistan və erməni xalqı ilə münasibətlərin normallaşması ilə bağlı bəyanatlarının qeyri-səmimi olduğunu açıq şəkildə nümayiş etdirir. Bu, son bir ayda Azərbaycan silahlı qüvvələrinin mülki şəxslərə hücumu nəticəsində insan itkisi qeydə alınan ikinci hadisədir”, – deyə Ermənistan XİN bildirib.

Leyla Abdullayeva isə deyir ki, noyabrın 8-də baş verən insident Ermənistan tərəfinin təxribatıdır:

“Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Adətən, bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, cuddi suallar doğurur. Həmçinin sözügedən tarixdə Azərbaycanın Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi. Belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hansısa su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır”.

L.Abdullayeva hesab edir ki, Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi də təxribatların davamıdır: “Bütün bunlar onu göstərir ki, Ermənistam tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə bu, üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır”.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəXəbərlərŞuşa yaxınlığında insident: Azərbaycanla Ermənistan bir-birini ittiham edir