İki nəfərin xəsarət aldığı bildirilir
Dekabrın 7-də Şuşa və Füzuli rayonlarında mina partlayışları baş verib. Bu hadisələr nəticəsində iki nəfər xəsarət alıb.
Şuşadakı mina partlayışı səhər saat 11:15 radələrində şəhərdəki “Tar sexi” adlanan ərazidə olub. Orada elektrik təsərrüfat sahəsində işləyən, “Azərenerji”nin əməkdaşı Rahim Həbibov minaya düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Lerik rayon sakini olan 36 yaşlı Rahim Həbibov ayağından xəsarət alıb.
Yaralı Xankəndidəki xəstəxanaya aparılıb.
Digər mina partlayışı səhər saat 10 radələrində Füzuli rayonu Horadiz kəndində baş verib. Orada əkin işləri aparan traktor minaya düşüb. Nəticədə 29 yaşlı Zamin Həsənli xəsarət alıb.
“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır”, – prokurorluqdan bildirilib.