Hansı komissiya yaradıldı, hansı komissiya binaların qəzalı olmasıyla bağlı rəy verdi?
“Şuşada qəzalı evlər sökülür” – son günlərin yayılan xəbərlərindəndir, sosial şəbəkələrdə, saytlarda videolar da var. Bakının tarixini sökən ekskavatorlar indi də Şuşanı uçurur. AzərTAc yazır: “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən AzərTac-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir. Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir”.
Tapşırıqla bərpa və yenidənqurma, söküntü aparılarmı? Hanı sərəncam, hanı qərar, hanı ayrılan büdcə vəsaiti? Hələ layihələndirmə işləri gedirsə, nədən binalar qəzalı adıyla sökülür? Hansı komissiya yaradıldı, hansı komissiya binaların qəzalı olmasıyla bağlı rəy verdi? Söhbət Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı
Əlaqələndirmə Qərargahı
ndan gedirsə, o qrup bütünlüklə dövlət qurumları rəhbərlərindən ibarətdir və onlar prezidentin tapşırığına qarşı çıxa bilməz. Eyni zamanda prezidentin də kiminsə şəxsi mülkiyyəti üzərində sərəncam və ya tapşırıq vermək səlahiyyəti yoxdur. Konstitusiyamız da bunu qadağan edir:
“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.
Komissiya yaradılıbsa, ictimaiyyət nümayəndələrindən, tanınmış adamlardan, o yerin sahiblərindən – şuşalılardan o qrupda kimsə varmı? Şuşanın tarixini – binalarının, hər daşının, hər məhəllənin tarixini bilən kimsə salınıbmı ora? Yoxsa yenə “Ağanəzərəm, belə gəzərəm” prinsipiylə aparılır işlər? Bərpa işləri başlanmalıdır, ancaq əvvəlcə hərtərəfli araşdırma aparılmalı, inzibati binalar, tarixi abidələr, muzeylər və s. ilə bağlı qərar verilməlidir. Sakinlərin evini onların icazəsi olmadan, onlar o evi görmədən sökmək, dağıtmaq olmaz. Üstəlik, yanaşma dəyişməlidir, bütün məsuliyyət dövlətin, büdcənin boynuna qoyulmamalıdır, imkan verilməlidir ki, şuşalılar özləri evlərini bərpa etsinlər, zəruri hallarda dövlət dəstəyi olmalıdır. 44 günlük müharibənin, xalqın birliyinin sonu budurmu: yenə tikintini hansısa nazirin, məmurun şirkətinə verib yeni yeyinti yerləri açmaqmı, ölkənin başqa görməli yerləri kimi Şuşanı da özəlləşdirməkmi?
“Əziz şuşalılar…” müraciəti yoxsa sadəcə görüntü üçünmüş? Bərpa işlərinə başlamaq üçün şuşalıların, ictimaiyyət nümayəndələrinin, “bəli, baş üstə” deməyən mütəxəssislərin rəyi nəzərə alınmalıdır. 29 ildir o yerlərdən, evlərindən didərgin düşən şuşalılara daha bir faciə yaşatmağa kimsənin haqqı yoxdur. 29 il qabaq qoyub gəldiyi bir divar, bir daş, bir ağac, bir gül kolu, bir darvaza, bir qapı, bir çəpər, ekskovatorun cənginə verdiyiniz o binalar, qəzalı olanı belə, bilirsinizmi nə deməkdir o adamlar üçün? 29 il qabaq əlindən alınanı görmək, ona sarılmaq, onu sığallamaq, ondan üzr istəmək, “biz qayıtdıq” deyib hönkür-hönkür ağlamaq şuşalıların haqqıdır. Bu haqqı kimsə onların əlindən ala bilməz, almamalıdır. Bir də Şuşada binaları ciddi qəzalı duruma salacaq ağır döyüşlər getməyib, nə Birinci, nə də İkinci Qarabağ savaşında. Dağılmış, viran qoyulmuş evlər də var, ancaq başqa rayonlarımız kimi Şuşa yerlə bir edilməyib, düşmənlərimiz, işğalçılar yaşayıb axı orda, evlər sökülə bilər, o da yenə ev sahibinin, mülk yiyəsinin razılığıyla olmalıdır. Şuşada Prezidentin xususi nümayəndəlik institutu yaratması o demək olmamalıdır ki, o nümayəndə xüsusi səlahiyyətlidir və yerli sakinlərin, o evlərin yiyələrinin – şuşalıların heç bir hüququ yoxdur…
İndi başlıca iş yolların, ərazinin təhlükəsizliyidir, infrastrukturu qurmaqdır, onu təmin etmək hökumətin vəzifəsidir, mümkün qədər tez bu işlər görülməli, şuşalılar doğma şəhərə qayıtmalı, salamat qalan evləriylə, həyət-bacalarıyla salamlaşmalı, evlərinə baxıb özləri, həm də mütəxəssislər ədalətli qərar verməlidirlər; ya bərpa, ya da yenidən tikmək. Şuşanı Bakının gününə qoymaq, qədimliyini əlindən almaq yanlış addımdır, təcili durdurulmalıdır. Bugünkü ekskavator qərarına heç bir halda haqq qazandırmaq olmaz. Elə “Prezident İlham Əliyevin tapşırığına əsasən…” kimi cümlələrlə qədim, çoxlu ənənələri olan bir şəhərin tarixinin üstündən xətt çəkmək olmaz. Bu qərar şuşalılara 29 il qabaq vurulan yaradan, 29 il sürən həsrətdən, didərginlikdən, qaçqınlıqdan, köçkünlükdən, başqasına sığınmaq zorunda qalmaqdan daha dəhşətli əzab verər, verəcək. Adamların xatirələrini bu şəkildə silmək, ürəyinə dağ çəkmək olmaz. Orada müasir, lap elə qədim üslubda tikəcəyiniz, hər cür şərait yaradacağınız ev şuşalının qoyub gəldiyi, xatirələrini yaşatdığı, ömrünün bir hissəsini – uşaqlığını, gəncliyini keçirdiyi yuva olmayacaq, şəhəri onun yiyələrinə yadlaşdırmayın…
Heç olmasa Qarabağda söz sahibi etdiyiniz “sülhməramlı” ruslardan dərs alın, qısa müddətdə erməniləri yenidən daşıyıb gətirdi, həm də binaları bərpa etmədən, sizsə 29 ilin həsrətlilərinin qayıdıb yaşaya biləcəyi evləri ekskavatorun cənginə verir, qayıdışı yubadır, bəlkə də, qarşısını alırsız. Sosial şəbəkələrdə az qala hər gün acı xəbərlərlə qarşılaşırıq: şuşalı, laçınlı, ağdamlı, kəlbəcərli, zəngilanlı… qaçqın işğaldan azad edilmiş torpağını görmədən öldü. Fərqindəsinizmi?!