Sürüşmə zonalarında gərginlik artıb

Elbrus Əlizadə: ”Buna səbəb payız aylarının həddən artıq rütubətli keçməsidir”

Source:


Elbrus Əlizadə: ”Buna səbəb payız aylarının həddən artıq rütubətli keçməsidir”

Sürüşmə təhlükəli zonalarda vəziyyət gərgin olaraq qalır.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. Onun sözlərinə görə, buna səbəb payız aylarının həddən artıq rütubətli keçməsidir.

Direktor müavini deyib ki, Bakıda mövcud sürüşmə sahələrində aktivlik və gərginlik müşahidə olunmaqdadır. Onun sözlərinə görə, Zığ qəsəbəsində, Masazırda isə qəbiristanlıq və onun ətrafında olan sürüşmə sahələrində vəziyyət gərgindir.

E.Əlizadənin sözlərinə görə, temperaturların mənfi və müsbət dərəcə arasında oynaması, süxurların gecə donması, gündüz isə temperaturun müsbət hala keçməsi sürüşmə sahələrindəki intensivliyi daha da artırıb. Xüsusi sürüşmə təhlükəli zonalar Böyük Qafqazın cənub-şərq hissəsində, yəni İsmayıllı, Ağsu, Şamaxı Qobustan, o cümlədən Xızı, Siyəzən rayonlarındadır.

E.Əlizadə vurğulayıb ki, Şamaxıda həm əvvəldən mövcud olan sürüşmə sahələrində, həm də Şamaxı şəhərinin özündə, İsmayıllı rayonunda isə Basqal, İstisu və Buynuz kəndlərində intensiv sürüşmə hadisələri müşahidə olunur. Şamaxı şəhəri, rayonun Muğanlı, Mədrəsə kəndləri, Qobustanın Poladlı kəndi və digər ərazilərdə sürüşmə təsərrüfatlara və evlərə ciddi ziyan verməkdədir:

“İsmayıllının İstisu, Buynuz, Çaydərəsi zonasında, Girdimançay dərəsi və ona yaxın olan kəndlərdə, Basqal, Sulut və ona yaxın kəndlərdə, Xızı rayonu ərazisində Altıağac-Xızı yolu və ona yaxın olan kəndlərdə olan sürüşmə səbəbindən təsərrüfatlara, evlərə və yollara böyük ziyan dəyir. Gərginlik Qubada, Qusarın Ləzə kəndi və ona yaxın olan kəndlərdə də qalmaqdadır”.

Ayın ilk ongünlüyündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da mətbuata açıqlamasında bildirmişdi ki, Zığ-1 sürüşmə sahəsində prosesin dinamikasında aktivlik qeydə alınıb.

Onun sözlərinə görə, Qaraçuxur sürüşmə sahəsində lokal çökmələr baş verib:

“Eyni zamanda, Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən prosesin dinamikasında aktivlik müşahidə olunub”.

Ə.Qaralov qeyd edib ki, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib, ay ərzində prosesin dinamikasında aktivlik qeydə alınmayıb:

“Badamdar sürüşmə sahəsinə istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar və deformasiyalar müşahidə edilməyib. Əhmədli-1, Əhmədli-2, Əhmədli-Günəşli arası sürüşmə sahələrində aktivlik müşahidə edilməyib”.

Ana səhifəXəbərlərSürüşmə zonalarında gərginlik artıb