”Süni mayalanmadan istifadə halı artıb”

Zinyət Muradova: ”Ölkəmizdə sonsuzluq halları daha çox kişilərlə bağlıdır”

Source:


Zinyət Muradova: ”Ölkəmizdə sonsuzluq halları daha çox kişilərlə bağlıdır”

Azərbaycanda süni mayalanma üsulundan istifadə halları artıb. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova belə deyib.

O, APA-ya açıqlamasında bunu valideynlərin istəyi ilə yox, sonsuzluğun artması ilə əlaqələndirib.

“Sonsuzluqdan əziyyət çəkən şəxslər çıxış yolu kimi süni mayalanmanı seçirlər”.

Şöbə müdiri sonsuzluğun səbəblərinin müxtəlif olduğunu deyib:

“Ölkəmizdə sonsuzluq halları daha çox kişilərlə bağlıdır. Onlarda olan infeksiyalar, həyat tərzi və digər məsələlər sonsuzluğun səbəbləridir”.

Zinyət Muradova hamiləliyin düzgün idarə olunmasının əsas nüanslarından birinin də risk faktorlarının vaxtında aşkarlanması olduğunu deyir:

“Risk faktorlarına sosial-bioloji, mama-ginekoloji və ekstragenetal faktorlar daxildir. Sosial bioloji faktorlara ana və atanın yaşı, zərərli vərdişlərdən istifadə, bədən çəkisi, yaşının 18-dən az, 35-dən çox olması, mama-ginekoloji faktorlara anemnezdə düşüklərin olması, qeysəriyyə kəsiyi əməliyyatı, sonsuzluq və digərləri, ekstrgenetal faktorlara isə sidik, ağciyər, ürək-damar xəstəliklərinin aşkarlanması daxildir. Bunlar vaxtında aşkarlanmazsa, hamiləlik patoloji sonlana bilər. Müəyyən risk qruplarına aid olan qadınlar vaxtında müayinə olunarsa, problemlərin qarşısını almaq olar. Bütün patologiyalar vaxtından əvvəl doğuşla nəticələnir”.

Mərkəzi Klinik Xəstəxananın (MKX) ginekologiya şöbəsinin müdiri Mahirə İsmayılova mətbuata açıqlamasında bildirib ki, dünyada ailələrin 15-20 faizi təqribən sonsuzluqla üzləşib. Azərbaycanda isə bu 15-17 faizdir:

“Bunun isə 10 faizinə süni mayalanma lazım olur. Böyük rəqəmdir. Odur ki, süni mayalanmaya tələbat böyükdür. Mərkəzi Klinik Xəstəxanaya da müraciətlər çox olur. Bütün dünyada isə EKM üsulu ilə 2 milyondan artıq uşaq doğulub”.

Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35 faiz hallarda hamiləlik baş verir.

M.İsmayılova 2004-cü ildən süni mayalanma ilə məşğul olduqlarını deyir. Prosesi necə həyata keçirdiklərindən danışır:

“Qadına aybaşının ikinci günündən başlayaraq xüsusi dərmanlar veririk. Açıq deyək, həmin dərmanlar vasitəsilə yumurta yetişdiririk. Hər üç-dörd gündən bir onu müayinə edirik. Müalicə təqribən 12-13 gün davam edir. Folekullar yetişəndən sonra kəsik aparılmadan yumurtalar xüsusi iynə vasitəsilə toplanır. Eyni gün qadının həyat yoldaşı sperma analizi verir. Burada qadın və kişi hüceyrələri seçilir, laboratoriyada mayalanma aparılır. Embrionlar əmələ gəlir. Bu embrionlar 3 gün inkubatorda saxlanır, izlənir. Sonra onlardan ən yaxşı ikisi seçilib uşaqlığa transfer edilir”.

Həkim ümumi müalicənin 15-16 gün çəkdiyini deyir:

“Yalnız xüsusi hallar zamanı biz uşaqların cinsiyyətini müəyyən edirik”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatına görə, bu gün dünyada hər 5 nikahdan biri sonsuzluqla nəticələnir. Sonsuzluq insanlarda müxtəlif psixoloji pozulmalara, şəxsi komplekslərin inkişafına səbəb olur. Aparılan statistik araşdırmalara əsasən bütün dünyada 50-80 milyon insan sonsuzluqdan əziyyət çəkir. Hər il dünyada on minlərlə ailə sonsuzluq üzündən dağılır.

Psixoloq Aysel İsgəndərli də təsdiq edir ki, cəmiyyətdə uşağı olmayan qadına və kişiyə münasibət normal deyil. Xüsusən də qadınlara psixoloji basqılar çox olur:

“Hətta buna görə intihara əl atanlar da var. Övladı olmayan ailələrə münasibət dəhşətlidir. Nəinki ana və ata, xalalar, bibilər, əmilər, dayılar, qonşular, uzaq qohumlar da işə qarışır. Elə “Allah sizə də övlad payı versin”  – demələri nəyə desəniz dəyər. Belə olanda cütlükdə digər bir fikir formalaşmağa başlayır: “Görəsən nə etmişik ki, Allah bizə övlad vermir?” Bu da psixoloji travmanın növbəti mərhələsidir. 22-23 yaşlı gəncin nə günahı ola bilər ki? Başlayırlar özlərini günahlandırmağa. Əslində belə insanları əlaqəsiz müalicələrə, intihara sürükləyən də cəmiyyətdir”.

Süni mayalanmadan ilk dəfə 1978-ci ildə Böyük Britaniyada istifadə olunub. 1985-ci ildən Rusiyada, 1990-cı ildən Türkiyədə, 2004-cü ildən isə Azərbaycanda tətbiq edilib.

Ana səhifəXəbərlər”Süni mayalanmadan istifadə halı artıb”