Sumqayıtlılar tualetin azlığından şikayətçidir

“400 min nəfərə yaxın əhalisi olan şəhərdə cəmi 3 ictimai ayaqyolu var”

Source:


“400 min nəfərə yaxın əhalisi olan şəhərdə cəmi 3 ictimai ayaqyolu var”

“Əhalisinə görə Azərbaycanın ikinci böyük şəhərinin cəmi 3 ictimai ayaqyolusu var. Bulvarda isə, ümumiyyətlə, yoxdur” – deyir, Sumqayıt sakinləri.

Sakinlər problemləri ilə bağlı Meydan TV-yə yazıblar. Bildiriblər ki, Sumqayıtın 400 min nəfərə yaxın əhalisi var. Bu qədər insanın qabağında 3 ayaqyolu çox azdır:

“Tualet insanın gündəlik həyatında mütləq gündə ən azı bir neçə dəfə baş çəkdiyi yerdir. İctimai ayaqyolunun olması mədəniyyətin göstəricisidir”.

Sakinlərdən Azər Qasımov deyir ki, tualet mövzusu kimlərəsə önəmli görünməyə bilər. Ancaq Sumqayıt üçün artıq kifayət qədər böyük problemə çevrilib: “Biabırçılıqdır. Şəhərdə nəzərəçarpacaq abadlıq işləri görülsə də, inkişaf olsa da, tualet problemi həll edilmir. Pullu ictimai tualetlər olsa da, bu, əhalinin sayına tərs-mütənasibdir. İnsanların gur olduğu mərkəzi yerlərdə, məsələn, Nizami meydanı ətrafında, Azərbaycan prospektində ictimai tualet yoxdur”.

Azər Qasımov Sumqayıt bulvarının ümumi sahəsinin 106 hektar, uzunluğunun 4,2 kilometr olduğunu deyir. Bildirir ki, bu qədər böyük ərazidə cəmi 2 ayaqyolu var:

“Təzə inşa olunan Sumqayıt Bulvarında istirahət obyektləri, atraksionlar, ticarət obyektləri, uşaqlar üçün əyləncə mərkəzləri, idman infrastrukturu, kafelər, çayxanalar, restoranların inşa olunmasına baxmayaraq, çox acınacaqlı olsa da, “əsas məsələ”- ayaqyolu tikmək “yaddan” çıxıb. Belə çıxır təcili tualetə getmək istəyən bulvarın bir başından 2-3 km kross qaçmalıdır”.

Sakinlər məşhur kinodan məsələ də gətirirlər. Deyirlər, “bu tualet ki var, çox qəliz məsələdi. Həm qəlizdir, həm də ki vacib. Vacib məsələ olmasaydı, dünyada “Tualet günü” olmazdı”.

Azər Qasımov deyir ki, heç bir inkişaf etmiş, normal ölkələrdə ayaqyolu problemi yoxdur:

“Hər addımbaşında var. Yaxşı haldır ki, “Binə”, “Sədərək” ticarət mərkəzlərində hər addımbaşı tualet var. Həm alıcılar, həm də yarmarkadakı satıcılar razıdır. Bir sözlə, ayaqyolunun çoxluğu hərtərəfli yaxşı haldır. Parklarda, bulvarda istirahət edənlərin əksər hissəsi yaşlılar və uşaqlardır. Uşaqlar iradəli ola bilmədiyindən, yaşlı nəslin nümayəndələrin isə çoxu ya böyrək, ya da digər xəstəliklərdən əziyyət çəkdiklərindən tualetə tez-tez getməli olurlar. Bundan başqa, bulvarda, Nəsimi parkında, elə Sumqayıt İcra Hakimiyyətinin qabağında tez-tez kütləvi bayramlar, tədbirlər keçirilir. Bu zaman ictimai ayaqyolunun yeri “görünür””.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən şəhərdə kifayət qədər tualetin olduğu bildirilib:

“Şəhərdə əsaslı abadlıq işləri aparılıb. Parklarda, şəhər mərkəzində kifayət qədər ictimai ayaqyolu tikilib. Bu barədə problem olmamalıdır. Özünüz də araşdırıb, görə bilərsiniz”.

Azadlıq Radiosunun məlumatına görə, dünyada tualetsiz qalan insanların problemini gündəmə gətirmək məqsədilə 2001-ci ildən 19 ölkədə hər il noyabrın 19-da Tualet Günü qeyd edilir. BMT-nin araşdırmalarına görə, dünyada 2.5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5 min uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər.

Ana səhifəXəbərlərSumqayıtlılar tualetin azlığından şikayətçidir