Sumqayıtda məmurlar sahibkarın aptekini sökürlər

Sahibkar İlham Əbilov prezidentə müraciət edir

Source:



Sahibkar İlham Əbilov prezidentə müraciət edir

Sumqayıtda obyekt sahibi İham Əbdilov Meydan TV-yə müraciət edərək məmurlar tərəfindən obyektinin buldozerlə söküləcəyi ilə təhdid olunduğunu bildirib. Sahibkar deyir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin  Memarlıq və Şəhərsalma İdarəsinin işçiləri şəhərin 13-cü mikrorayon, Üzeyir Hacıbəyli küçəsi, 62a ünvanında yerləşən özəl ticarət obyektinin boşaldılması ilə bağlı onu təhdid edirlər:

“İdarənin Kənan adlı işçisi mənə yaxınlaşaraq obyektin sənədini istədi, verdim. Sonrakı günlərdə özlərini dövlət məmuru kimi təqdim edən müxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa müddətdə boşaltmamı, ticarət fəaliyyətimi dayandırmamı istədilər. Səbəbini soruşduqda “yuxarıdan göstəriş var, sökülməlidir”, – dedilər. Etiraz etdim ki, əlinizdə məhkəmə qərarı yoxdur. Bu zaman da dedilər ki, “şifahi göstəriş var, sökülməlidir”.

Sahibkar etiraz edərək obyekti boşaltmayıb. Bu zaman da onu polislə hədələyiblər:

“Mənə “polislə gələcəyik, obyektini ucuracağıq”, – deyib hədə-qorxu gəlirlər. Əgər mənim obyektimin sökülməsinə dövlət ehtiyacı səbəbindən zərurət yaranıbsa, bu, dövlətimizin qanunlarına uyğun şəkildə edilsin. Lakin mənə söküntü barədə heç bir rəsmi sənəd təqdim edilmir. Halbuki mənim obyektimin bütün sənədləri tam qaydasındadır. Belə ki, obyektin tikilməsi üçün o vaxtkı bələdiyyə sədri Zakir Fərəcov (hal-hazırda Sumqayıtın icra başçısıdır) tərəfindən 16 dekabr 2004-cü ildə torpaq ayrılıb və 28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncamı ilə tikintiyə icazə verilib. Obyekt 02.09.2010-cu ildəDaşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alınıb”.

Sahibkar ona qarşı edilənləri qanunsuzluq sayır və prezident İlham Əliyevə müraciət edərək kömək istəyir:

“Cənab prezident, bu haqsızlığı yerdə qoymayın. Media vasitəsilə Zakir Qaralova da müraciət edirəm. Xahiş edirəm, Sumqayıt şəhər İcra Hakimiyyəti məmurlarının qanunsuz əməllərinin qarşısı alınsın, obyektimin və obyektdə yerləşən mal və əşyaların məhv edilməsinə imkan verilməsin”.

Meydan TV münasibət öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətindən bildirilib ki, sualı cavablandırmaq səlahiyyətində olan şəxs məzuniyyətdədir.

Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsində isə telefona  (+994 186) 42-01-39) cavab verən yoxdur.

Ana səhifəXəbərlərSumqayıtda məmurlar sahibkarın aptekini sökürlər