Sumqayıtda Bakı çörəyinə ”qadağa”

(embedded content removed)

Sumqayıt şəhərinin bir çox mağazalarında Bakıdan gələn çörək qəbul olunmur. Bakıdan Sumqayıta maşınlarla çörək paylayan işçilər deyir ki, yanvarın 8-də satacaqları çörəklər əllərində qalıb. Onlar iddia edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin göstərişi ilə mağazalara Bakıdan çörək almaq qadağan olunub. Tapşırığa görə mağaza sahibləri yalnız Sumqayıt Çörək zavodunun məhsullarını ala bilərlər.

Çörək zavodunun işçiləri deyirlər ki, qadağa qoyulandan Yol Patrul Xidmətinin əməkdaşları onları saxlayıb, maşınlarını cərimə meydançasına aparırlar. Sürücülər işləmək üçün lisenziyalarının olduğunu deyirlər.

Alıcılar da Bakıdan gələn çörəkləri mağazada tapmadıqlarını deyirlər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev publika.az saytına bildirib ki, sahibkarların işinə heç bir məhdudiyyət qoyulmayıb. “Bu gün marketlərdə çoxsaylı çörək çeşidləri var. Amma Sumqayıt zavodunun istehsalı olan çörək daha çox alınır. Sumqayıtın çörək zavodu kifayət qədər genişdir. Bundan əlavə, bir neçə çörək sexləri də fəaliyyət göstərir. Ümumiyyətlə, Sumqayıt zavodunda istehsal edilən çörəklər əhalinin təlabatını tamamilə ödəyir. Bazar iqtisadiyyatında yaşayırıq. Kimsə hansısa məqsədlə qalmaqal yaratmaq istəyib. Amma rəsmi olaraq İcra Hakimiyyətinin bu məsələyə heç bir müdaxiləsi yoxdur”.

Alıcılar isə mağazada tapmadıqları çörəyi, maşınlardan alırlar.

Ana səhifəVideoSumqayıtda Bakı çörəyinə ”qadağa”