”Sübahir Qurbanovun səhhətində problem var”

Vəkillər general-mayorun tibbi ekspertizadan keçirilməsini istəyib

Source:


Vəkillər general-mayorun tibbi ekspertizadan keçirilməsini istəyib

Fevralın 28-də Sabunçu rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb. İclasdan sonra jurnalistlərə açıqlama verən S. Qurbanovun vəkili Azər Tağıyev deyib ki, prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. İclasda iştirak edən 25 zərərçəkən şəxsin vəkilləri mülki iddia ilə çıxış ediblər. Məhkəmə iddiaları icraata qəbul edib. Prosesdə mülki iddialar araşdırılacaq.

Daha sonra S. Qurbanovun vəkilləri vəsatətlə çıxış edərək müdafiə etdikləri şəxsin səhhətində problem olduğuni deyiblər və onun tibbi ekspertizadan keçirilməsini istəyiblər. Lakin məhkəmə bu vəsatəti təmin etməyib. Daha sonra prokuror ittiham aktını elan etməyə başlayıb. Bu zaman vəkillər ittiham aktının nəticəvi hissəsinin elan olunmasını xahiş ediblər. Lakin Sübahir Qurbanov və digər təqsirləndirilən şəxslər ittihamın tamamilə elan edilməsini istəyiblər. Bundan sonra prokuror S. Qurbanovla bağlı hissəni elan edib. İttihama münasibət bildirən S. Qurbanov isə özünü təqsirli bilmədiyini deyib. O, ittihamları qəbul etməyib. Məhkəmə prosesi martın 2-də davam edəcək. Həmin gün prokuror Fizuli Əliyevlə bağlı ittihamı elan edəcək.

İttiham aktına görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natəvan Mürvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi də məhkəmənin sədri Həbib Həsənovun icraatında araşdırılır.

Ana səhifəXəbərlər”Sübahir Qurbanovun səhhətində problem var”