”Bundan sonra vəziyyət Azərbaycan diplomatiyasının hansı səviyyədə fəal olmasından asılıdır”
2-5 aprel hərbi əməliyyatları nəyi dəyişdi, ümumiyyətlə, Azərbaycan bu gedişatdan hansı qazancla çıxdı? İtkilərimiz məlumdur, 30-dan çox şəhid verdik, mülki şəxslər itirdik, bir sıra yaşayış evləri dağıdıldı. Bəs sonra? Suallar çoxdur. Bu məqsədlə siyasi şərhçi Rauf Mirqədirovla ötən 3 günü yaradan amilləri müzakirə etdik…
–
Rauf bəy, hərbi əməliyyatlardan sonra güman ki, bir müddət hansı tərəf başladı, bunlar kimə lazım idi və nəhayət, nəticə nə oldu sualları üzərində mübahisələr davam edəcək. Sizin bu məsələlərə münasibətiniz necədir?
– Hərbi əməliyyatların hansı tərəfin başlaması haqqında mübahisələr spelkulyativ xarakter daşıyır. Ən əsası ona görə ki, münaqişə zonasında qoşunların təmas xəttində beynəlxalq müşahidəçilər olmadığından obyektiv dəyərləndirmə ola bilməz. Hər iki tərəfin bir-birini ittiham etməsi isə daimi bir şeydir, atəşkəs rejiminin pozulması zamanı həmişə belə olub. Əslində, problem atəşkəsi birinci kimin pozması deyil.
–
Yəni atan kazaklar idi…?
–
Hətta kazakların da atması önəmli deyildi. Hadisələrin məntiqi onu deyir ki, gec-tez atəşkəs pozulmalıydı. Bunun bir çox səbəbi var.
–
Səbəblər nədən ibarətdir?
– Birinci səbəb danışıqların sonsuz olmamasıdır. Uzun sürən danışıqlar bu və ya digər dərəcədə münaqişəyə çevrilməlidir. Ərəb-İsrail münaqişəsi buna misaldır, vaxtaşırı müharibələr olur və Təl-Əviv anti-terror əməliyyatları aparır. Yəni münaqişənin dondurulması nəticə etibarıyla hansısa şəkildə qanlı faciələrlə nəticələnməlidir. Qoşunların təmas xəttində ardıcıl müşahidə yoxdur, tərəflər dayanmadan silahlanır. Rusiya silahlarını Azərbaycana dünya bazarındakı qiymətlərlə, Ermənistana isə daxili bazar qiymətləri, yaxud kreditlərlə satır. Bir sıra hallarda kreditlərin qaytarılması çox şübhəlidir. Nəhayət, Rusiyanın Ermənistanın müdafiəsini təşkil etmək öhdəliyi var. Bu vəziyyət 1905-ci ildə qubernatorun erməni və Azərbaycan tərəfini çağırıb silahlandırmasını xatırladır. İndiki vəziyyət Azərbaycanın maraqlarına cavab vermirdi, çünki torpaqlarımız 20 ildən çoxdur işğal olunub. Status-kvonun saxlanılması isə Ermənistanın maraqlarına cavab verir. Onlar düşünür ki, vəziyyət nə qədər uzansa, beynəlxalq ictimaiyyət buna öyrəşəcək, sonradan rəsmiləşməsinə razılaşacaq. Amma məsələ ondadır ki, status-kvo Ermənistanı bir güc mərkəzindən daim asılı edir. Ermənistan getdikcə müstəqillik atributlarını da itirir. Zaman və dəyişən siyasi dünya Ermənistandan seçim tələb etsə də, onlar heç bir seçim etmir. Hesab edirəm ki, status-kvonun saxlanılması Ermənistana yalnız təbliğati üstünlüklər verir, gerçək üstünlüklər azdır. Birinci, Ermənistan çoxvektorlu siyasət yeritmək imkanından məhrum olunub. İkinci, qonşularla münasibətlərini inkişaf etdirmək imkanlarını azaldıb. Üçüncü, beynəlxalq çıxış imkanlarını məhdudlaşdırıb. Nəticə etibarıyla bunlar müstəqilliyin tamamilə itirilməsi deməkdir. Azərbaycanın əraziləri işğal olunduğundan status-kvonun dəyişdirilməsinə çalışır. Regionda iştirak edən qüvvələrə baxsaq, ABŞ münaqişənin həllini indi daha çox istəyir, çünki problemin belə qalması Vaşinqtona geoiqtisadi və geosiyasi maraqlarını gerçəkləşdirməyə mane olur. Amma ABŞ və Avropa Birliyinin regionda hərbi-siyasi təmsilçiliyi yoxdur. Nələrsə etmək istəsələr də, bacarmırlar. Ona görə çalışırlar ki, hansısa yollarla Ermənistanın Qərblə inteqrasiyasını gücləndirib, nəyəsə təsir etsinlər. Amma ABŞ və daha sonra Avropa Birliyinin kiçik dövlətlərin maraqları baxımından siyasətində bəzi səhvlər var, onlar təcavüzkarı yerində oturtmaq əvəzinə təcazüzün miqyasını daraltmaq siyasətini həyata keçirirlər. Bir sıra hallarda faktiki olaraq təcavüzkar şirnikləndirilir.
–
1994-cü ildə atəşkəs elan olundu və bu, 22 il davam etdi. Aprelin 2-də başlanan hərbi əməliyyatlarsa 3 gün çəkdi. Əldə olunan atəşkəs yenidən bir 20 il də davam edəcəkmi?
– Bax, bu məsələ Azərbaycan diplomatiyasının hansı səviyyədə fəal olmasından asılıdır. Əlbəttə, biz daha 20 il gözləmək istəmirik, problemin daha tez həllini istəyirik. Hesab edirəm ki, Azərbaycan üçün hadisələrdən fəal istifadə etmək imkanı olacaq. Buna nə dərəcədə nail ola biləcəyi başqa məsələdir. Son 3 günün hadisələrində region qaynar nöqtəyə çevrilmək təhlükəsini nümayiş etdirdi. Ona görə ən azı beynəlxalq oyunçular münaqişənin həllində fəallıq görüntüsü yaratmalıdırlar. Heç olmasa, ilkin real addımların atılmasına çalışmaq lazımdır. Söhbət diplomatik fəallıqdan gedir. Başqa tərəfdən, bəzi xarici qüvvələr son 3 günün hadisələrini ilk zəng kimi qiymətləndirməyə çalışacaqlar, yəni, bax, gördünüz, bu da ola bilər. Hətta münaqişəni qızışdırıb regiona müdaxilə etmək cəhdlərini də gözləmək mümkündür. Azərbaycanın məqsədi o olmalıdır ki, münaqişənin təhlükəli müstəviyə keçməsinin qarşısını almaq marağından münaqişənin həllində real addımların atılması üçün istifadə etsin. Artıq deyilməsin ki, əsas vəzifə atəşkəs rejimini qoruyub saxlamaqdır. Sülhü yox, atəşkəs rejimini. Çünki sülhün parametrləri tamam başqadır. Ermənistan lobbiçiləri atəşkəsi səhvən sülh kimi dəyərləndirirlər, sülh tamam başqa münasibətlər formatını nəzərdə tutur. Bu gün isə sülh yoxdur. Atəşkəs münaqişənin dondurulmasına xidmət edir, sülh isə münaqişənin həlli deməkdir. Bizim diplomatiyamızın əsas vəzifəsi münaqişənin həlli istiqamətində addımlar atmaqdır.
–
Rauf bəy, son 3 gündə Azərbaycanın informasiya müharibəsinə də hazır olmadığı üzə çıxdı. Məsələn, Müdafiə Nazirliyinin mətbuat xidməti əməliyyatların ikinci günü ingilis dilində məlumatlar yaydı və nazirliyin Facebook səhifəsi isə atəşkəs elan olunan gün açıldı. Mətbuat xidmətinin fəaliyyəti 90-cı illəri xatırlatdı. Bu mənada durumu necə qiymətləndirirsiniz?
– Mən daha çox Rusiya və Ermənistan mediasını izlədim. Hər iki ölkənin KİV-i vahid cəbhə yaratmışdılar, faktiki olaraq heç bir güzəşt anlayışı yox idi və birmənalı olaraq müharibəyə dəstək vardı. Sözlər, ifadələr fərqli ola bilər, amma “ölərik, dönmərik” təbliğat müstəvisi vardı. Müdafiə Nazirliyinin informasiya siyasətinə gəldikdə, bəlkə Azərbaycanın ciddi şəkildə əməliyyat planı olmayıb. Ancaq informasiya baxımında bir şeyi sezdim: müharibənin başlanmasına Bakı və İrəvandan əvvəl Moskva hazır idi.
–
Məsələ ondadır ki, Rusiya KİV-ləri aktiv olsa da, hakimiyyət susqunluqla prosesi müşahidə edirdi. Birinci Qarabağ müharibəsindəki kimi Ermənistana fəal dəstək vermirdi, prezident Putin isə atəşkəs elan olunandan sonra Əliyevə zəng etdi…
– Əksinə, Rusiya rəsmiləri hərbi münaqişənin başlanmasına Bakı və İrəvandan daha hazırlıqlı idi. Təkrar edirəm, son illərdə təmas xəttində atəşkəs mütamadi olaraq pozulurdu. Bu kimi analoji hadisələrdə əksər böyük dövlətlər reaksiya verməzdən əvvəl vaxt qazanmağa çalışırlar. Yəni bu növbəti atəşkəs rejimin pozulmasıdır, yoxsa müharibənin başlanması təhlükəsi, bunu müəyyən etmək üçün vaxt qazanmağa çalışırlar. Buna uyğun olaraq reaksiyanın səviyyəsi müəyyənləşır. Adi bir misal, əvvəllər atəşkəs pozulanda ən yaxşı halda Rusiya XİN-nin mətbuat xidmətinin əməkdaşı Zaxarova və nazir müavini Karasin səviyyəsində münasibət bildirilirdi. Bu dəfə isə səhər tezdən hadisənin hansı istiqamətdə inkişafı məlum olmadığı halda Rusiya prezidentinin mətbuat katibi Peskov bəyanat verdi. O da öz adından yox, prezidenti adından münasibət sərgilədi. İkinci, Rusiya XİN rəhbəri Lavrov hər iki respublikadakı həmkarlarıyla telefon əlaqəsi saxladı. Üçüncü, müdafiə naziri Şoyqu Bakı və İrəvandakı həmkarlarına zəng etdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəsmisi Bordyuja neytral bəyanat versə də, İrəvana zəng etdi. Amma təşkilatın Ermənistana dəstək bəyanatı da yayıldı.
–
Qazaxıstan və Belarus isə əks mövqe nümayiş etdirdilər…
– Düzdür. Mən Bordyujanın adını çəkəndə Moskvanı nəzərdə tuturdum. Demək istəyirəm ki, Moskva aprelin 2-də səhər tezdən öz dəyərləndirməsini verdi. Ki, bu, çox ciddi münaqişədir. Məndə belə təəssürat yarandı ki, bu bəyanatlar əvvəlcədən hazırlanıb və istəyirlər bununla özlərinin regionda əsas güc mərkəzi olduqlarını göstərsinlər. Rusiyanın bəyanatlarında bir təhdid vardı, məsələn, XİN-in bəyanatında bildirilirdi ki, bu, regionda bütün Qafqazı əhatə edəcək böyük müharibənin başlanmasına səbəb ola bilər. Düşünmürəm ki, Azərbaycan və Ermənistan Gürcüstanla müharibə etmək fikrindədir.
–
Atəşkəs qərarı elan olunduqdan sonra media və sosial şəbəkələrdə Azərbaycanın buna getməsi heç də alqışlanmadı, səhv hesab edildi. Bu baxımdan atəşkəsə ehtiyac vardımı?
– Atəşkəs Azərbaycana lazım idi. Söhbət sürətli hücum və bunun nəticəsində hərbi balansın, xüsusən siyasi nəticələr ola biləcək şəkildə dəyişdirilməsi əməliyyatından gedirdisə, biz bunun şahidi olmadıq. Deməli, Azərbaycan qarşısına belə bir məqsəd qoymamışdı. Məqsəd qoyulsaydı, biz onminlərlə canlı qüvvənin, minlərlə hərbi texnikanın iştirakının şahidi olmalıydıq. Uzunmüddətli hərbi əməliyyatlar isə regiona xaricdən müdaxilə imkanlarını həddən artıq genişləndirirdi. Əmin deyiləm ki, xarici müdaxilə imkanları Azərbaycanın xeyrinə olardı. Mən sosial şəbəkələrdəki vətənpərvərlik ruhunu, 22 illik fasilədən sonra ilk qələbələrin sevincini başa düşürəm, amma siyasət bir qədər gerçəklikləri dərk edib onların üzərində hərəkət etməyi tələb edir.
–
Artıq ATƏT Minsk Qrupu həmsədrləri danışıqları tələb edir və hərb yolu görmədiklərini deyir. Bu bəyanatdan sonra hadisələrin inkişafını necə görürsünüz?
– Mən, ümumiyyətlə, “münaqişənin hərbi həlli yoxdur” cümləsini anlamıram. Nəticə etibarıyla heç bir münaqişənin hərbi həlli olmur. Hər hansı hərbi mərhələdən sonra diplomatlar masa arxasında oturub siyasi həll yolunu axtarırlar. Ancaq hərbi əməliyyatlar münaqişənin həllinə yardımçı, yaxud mane ola bilər. İndiki şəraitdə münaqişənin qaynar mərhələyə keçməsi təhlükəsindən yararlanaraq, diplomatik sahədə ilkin addımlar atmaq imkanından istifadə olunmalıdır. Bu, əsasən bizim məqsədimizdir. Düzdür, Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Onlar istəyəcək ki, münaqişənin həlli istiqamətindəki danışıqları, atəşkəs rejiminin qorunub saxlanmasına yönəlik mexanizmləri müzakirə ilə əvəz etsin. Bax, bu gedişlatda çox ciddi diplomatik oyun və mübarizə gedəcək. Mübarizədə biz nə cür qalib gələcəyik, bunu yalnız zaman göstərəcək.