Spirtli içkilər bahalaşır

Foto: Modern.az

Pasportların, avtomobil nömrələrinin dövlət rüsumu artırılır

Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisinin dərəcəsi hər litr üçün 0,80 manat artırılır.

Parlamentin dekabrın 3-də keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib.

Plenar iclasda bir sıra qanun layihələri III oxunuşda səsverməyə çıxarılaraq təsdiqlənib.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 %-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 %-dən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3,2 manat təşkil edir. Artımdan sonra bu məbləğ 4 manat olacaq.

Avtomobil nömrələrinin və şəhadətnamənin verilməsinə görə rüsumlar qaldırılır

Avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları da artırılıb.

“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.

Həmçinin avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.

Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir.

Əvvəl bu rəqəm 5 manat olub.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif olunur.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün isə 12 manat rüsum müəyyən edilib.

Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.

Pasportlarla da bağlı rüsumlar artırılır

“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə;

1 yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 40 manatdan 60 manata qaldırılır.

Foto: https://news.milli.az/

Ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə;

1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 60 manatdan 75 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 80 manatdan 120 manata qaldırılır.

Ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə;

 1 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 80 manatdan 115 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 120 manatdan 155 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 160 manatdan 210 manata qaldırılır.

Dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.

Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə;

rüsum 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 18 səkkiz yaşına çatmış vətəndaşlar üçünsə 50 manatdan 75 manata qaldırılır.

Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən beş iş günü müddətində verildikdə;

dövlət rüsumu 1 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manatdan 70 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manatdan 100 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 90 manatdan 135 manata qaldırılır.

Ümumvətəndaş pasportları itirilmə və ya korlanması ilə əlaqədar yenidən bir iş günü müddətində verildikdə; 

rüsum bir yaşınadək uşaqlar üçün 50 manatdan 65 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manatdan 125 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manatdan 165 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 170 manatdan 220 manata qaldırılır.

Eyni zamanda, dəyişikliyə əsasən, Azərbaycanda kənara getməsi üçün Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır.

Layihəyə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı rüsumlar tətbiq olunacaq:

10 gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat (əvvəl bu məbləğ 4 manat nəzərdə tutulmuşdu)

3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 25 manat (əvvəl bu məbləğ 20 manat nəzərdə tutulmuşdu)

1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 30 manat (əvvəl bu məbləğ 25 manat nəzərdə tutulmuşdu).

Layihəyə əsasən, Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə tətbiq edilən rüsum 3 manatdan 5 manata qaldırılır.

Bundan başqa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə;

 rüsum 10 manatdan 20 manata,

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata,

Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata,

Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə “Qaçqın vəsiqəsi”nin və ya “Yol sənədi”nin verilməsinə görə rüsum 5 manatdan 10 manata qaldırılır.

İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği də artırılır

Dəyişikliklərə əsasən, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.

Foto: Marja.az

Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.

Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.

Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.

Ana səhifəSosialSpirtli içkilər bahalaşır