Telekanalın işçiləri 4 aydır məvacib ala bilmədiklərini deyirlər
“Space” telekanalında çalışanların şikayəti var. Onlar Meydan TV-yə yazaraq aylardır əmək haqlarını ala bilmədiklərini bildiriblər.
“Sonuncu maaşı mayda almışıq. Üstündən 4 ay keçib. Dəfələrlə mühasibatlıq şöbəsinə yaxınlaşmışıq. Şöbənin müdirəsi Elnarə xanım və onun işçisi Cəvahir telekanalın hesabında pul olmadığını, “xoşunuza gəlmirsə, ərizənizi yazıb çıxın”, – deyirlər”.
Əməkdaşlar bildirirlər ki, reklam verən şirkətlər də kanaldan imtina edir:
“Çünki layihələrin ömrü 2-3 aydan artıq çəkmir. Buna görə də şirkətlər riskə getmək istəmirlər. Maaş ala bilməməmizin bir səbəbi də televiziyanın Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə külli miqdarda borcunun yaranmasıdır. Odur ki, hesabı bağlanıb. Adıçəkilən qurumların “Space”-i məhkəməyə verdiyi bildirilir. İşçilərin bir qismi ərizə yazıb işdən çıxmaq istəsə də, Vaqif Mustafayev qalan əməkdaşları toplayaraq bu çətin durumda işi atıb onu pis vəziyyətdə qoymamalarını xahiş edib”.
İşçilər bildirirlər ki, düşdükləri çətin durumla bağlı yaxın günlərdə telekanalın təsisçisi və sahibi, prezident İlham Əliyevin bacısı Sevil Əliyevaya müraciət edəcəklər.
Meydan TV məsələyə münasibət öyrənmək üçün “Space” telekanalı ilə əlaqə saxlayıb. Televiziyadan deyilənlərin yalan olduğunu bildiriblər:
“Maaşlar vaxtlı-vaxtında verilir. Rəhbər şəxslər, jurnalistlərdən tutmuş, televiziyada çalışan mühafizəçilərə qədər, hamı maaşını vaxtında alır.
Şikayət edənlər kimlərdir, bilmirəm. Ola bilsin, işdən narazı ayrılanlardır. İnsandır da, belə yola əl atıb. Maaşlar verilir, özü də gecikdirilmədən”.
“Space” televiziyasının əməkdaşları 2016-cı ilin noyabrında da müraciət edərək əmək haqlarını ala bilmədiklərini demişdilər. Onlar maaşların 3 ay gecikməylə verilməsinin adi hala çevrildiyini söyləmişdilər. İşçiləri bu durumu reklam verən şirkətlərin sayının azalması ilə əlaqələndirirdilər:
“Reklam verən şirkətlərin sayı azalıb. Kanalın gəliri aşağı düşüb. İxtisarlar və maaş azaldılmaları isə qaçılmazdır”.
“Space” televiziyası 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.
Telekanalın qurucusu
prezident İlham Əliyevin bacısı Sevil Əliyevadır. Hazırda o, xaricdə yaşayır.