Tarix boyu əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə, çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa, ləyaqətli insanın qalmamasına çalışırlar. Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda, tarixdə elə tiranlar da olub ki, təbəələr üçün anlaşılmaz hiylələrdən istifadə etmişlər.
Məsələn, Lidiyanı tutduqdan sonra Kir lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırıb. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə, başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri qurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Nadan şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər.
İstər sosial şəbəkələrdə, istər real həyatda xalqımızı, elə öz xalqımızın bir çox nümayəndələri ən pis ifadələrlə təhqir edirlər. Onlar “analiz nəticəsi” olaraq, qanımızda və sidiyimizdə “rüşvət alıb-verməyi” müəyyən edir, bizi heç bir fövqəl gücün də yaxşı istiqamətə dəyişdirə bilməyəcəyini iddia edərək, sosioloji-politoloji proqnozla –“belə gəlib, belə də gedəcəyik”, “heç vaxt düzələn deyilik” rəylərini bildirirlər.
Belə bir məşhur deyim var: “Mərdi qova-qova namərd eləmək.. Bax, beli qırılmış təhsilin olduğu məmləkətdə aşırı dozada olan tənqid xalqı həmin “namərdliyə” gətirib çıxarır. Əgər xaraktercə zəif bir insana dayanmadan “sən pis insansan” desən, o insan getdikcə pis adama çeviriləcək. Söz sehrlidir. Onun təsir gücü fantastik effektlər verir. Sözlə müharibələr başlanır, sözlə müharibələr yatırılır. Azərbaycan kimi formalaşmamış cəmiyyətlərdə hətta inkişaf naminə söz işlədiləndə, gərək, diqqətli olasan. Bu, ən çox geniş auditoriyası olan ictimai adamlara aiddir. Onlar ictimai rəyin formalaşmasında əsas və bilavasitə rol oynayır.
Bir filmdə görmüşdüm, qadın öz həyat yoldaşına tez-tez onu başqa qadınla aldatdığını və onu atacağını deyir. Kişi nə qadına xəyanət edir, nə də yoldaşında şübhə doğuracaq hərəkətlərə yol verir. Sadəcə qadın özü qəlbiqara və çox emosianal olur. Bir müddət sonra qadının “dığ-dığından” bezən kişi onu tərk edir və başqa qadınla münasibət yaradır. Bu da “namərdliyə” təhrik etmə formalarından biridir.
Bu dəqiqə insanlara hər fürsətdə azad düşüncənin, bütövlükdə azadlığın necə şirin nemət olduğunu və indiki çətin durumda onu necə qoruyub saxlamağın yollarını təqdim etmək lazımdır. Əgər sən daxilən azad birisənsə və reallığı görürsənsə, bəyənmədiyin cəmiyyətə nifrin tökmək əvəzinə, ümumi maraqlara xidmət edəcək nümunəvi və faydalı bir şeylər et. Bunu edə bilmək ixtiyarında deyilsənsə, sadəcə SUS!
16-cı əsrdə yaşayıb-yaratmış Fransız yazıçı və filosof Étienne de La Boétie (Etyen de la Boesi) könüllü köləlik haqqında mühakiməsində bunları yazıb: “Azadlığın təbii nemət olduğunu müzakirə etməyə ehtiyac belə yoxdur, çünki köləliyə düçar olan kimsə onun doğurduğu iztirabları hiss etməyə bilməz; kölə kimi alçaldılmaq son dərəcə dözülməzdir. Etiraf olunmalı ki, azadlıq təbiidir və hər kəsə anadangəlmə olaraq nəinki azadlıq haqqı, habelə onu qorumaq öhdəliyi verilib. Bütün bunlara dair hər hansı şübhə varsa, yaxud öz nemətimizi dərk etməyəcək qədər nadanıqsa, bunu heç olmazsa, yabani heyvanlardan öyrənə bilərik. Əgər heyvanların bizim kimi dili olsaydı, “Yaşasın azadlıq!” deyən hayqırtılarını eşidərdik.
Onların bir çoxu məhz azadlıqdan məhrum olduğu üçün tələf olur. İstər böyük, istər balaca bir heyvanı ovlayanda, onlar bütün gücləri ilə, dişlə, caynaqla, buynuzla müqavimət göstərir, bununla əyan edirlər ki, çox qiymətli bir şeyi itirirlər, itirmək istəmirlər. Əsirliyə düşüncə onların davranışından özlərini nə qədər Bədbəxt hiss etmələri açıq-aşkar görünür və bundan sonrakı həyatlarını köləliyə boyun əyməklə deyil, itkinin xiffətini çəkərək başa vururlar. Biz dayçaları doğulduğu ilk günlərdən itaətə alışdırırıq, amma onu nə qədər əzizləsək də, böyüyüb xidmət etmək çağına yetişdikdə başına keçirilən yüyəni gəmirməyə başlayır, dartınıb əldən çıxmaq istəyir, bununla bir növ göstərir ki, itaətə ram olmaq niyyəti yoxdur, xidmət edəcəksə, bunu öz xoşu ilə deyil, çarəsizlik ucbatından edəcəkdir”.
Filosof öz mühakiməsi ilə bizlərə anlatmağa çalışır ki,azadlıq hər canlı üçün hava və su kimi əhəmiyyətlidir. Bir sözlə, hissiyatı olan, itaətin yamanlığını duyan bütün canlılar azadlığa can atırlar. Kölə ailəsində dünyaya gəlib tərbiyə olunan və bu üzdən, göz açdığı şəraiti təbii qəbul edən insanlar həyatın bu tərzi ilə razılaşır, malik olduqları cüzi haqq və nemətlərdən əlavə nəyəsə nail olmağı ağıllarına belə, gətirmirlər. Yəni ki, “başını aşağı sal, bir tikə çörəyini qazan”.
Axı insan oğlu nə qədər israfçı və etinasız olsa da, öz vəziyyyətinə bir nəzər salmalıdır, görsün, bütün haqlarından istifadə edirmi, onun və ya onun sələfinin əlindən nəyisə almayıblar ki? Bəli, vərdişin insan üzərində ümumən böyük hakimiyyəti var və çox güman, insanı köləliyə alışdırmaq, ona köləliyin acı zəhərini xoşhallıqla içməyi öyrətmək qüdrəti hakimiyyətin zirvəsidir.
İnsan üçün azad olmaq və bunu arzu etmək təbiidir, bununla belə, onun xisləti elədir ki, çox şeyə vərdiş etməyi bacarır… Belə nəticə çıxır, insan üçün onun vərdiş edə bildiyi hər şey təbiidir.
Deməli, könüllü köləliyin başda duran səbəbi vərdişdir. Həmin vərdiş ki, atları əvvəl yüyəni gəmirməyə, sonradan onunla oynayıb əylənməyə vadar edir, əvvəl qoşqu yəhərindən dartınıb qurtulmağa çalışır, sonralar yəhər altında sanki fəxrlə nazlanırlar. Könüllü köləliyinin başlıca səbəbi – insanların bu vəziyyətdə doğulub tərbiyə olunması – ikinci bir səbəbin qaynağına çevrilir. Belə ki, tiranların hakimiyyəti altında insanlar qorxaq və məzlum kütləyə çevrilir.
Bu gün haqsızlıq qarşısında susanlar ordusu məhz Sovet təfəkküründə yetişmiş itaətkar valideynlərimiz və nənə-babalarımızın hesabına formalaşıb. Baxın, yenə də idarə etmədən söhbət gedir. 10 il əvvəl Gürcüstanda adamı avtomobili ilə bir yerdə oğurlayırdılar. Gürcülər Qafqazda ən oğru millət kimi obraz yaratmışdı. Saakaşvili 2004-cü ildə hakimiyyətə gələndən sonra geniş islahatlar apararaq, ciddi nizam yaratdı. Ölkənin üzərini qara bulud kimi örtən rüşvəti yığışdırdı və vətəndaşlara azadlığı daddırdı.Gürcüstanda olan dost-tanışlardan da indi insanların və quruluşun necə olduğunu soruşa bilərsiniz.
Başqa bir misalı isə eyni millət olub, ayrı respublikalara malik koreyalılardan çəkim. Şimali Koreyada özünü Tanrı zənn edən zalım prezidentin hakimiyyəti altında əzilən kasıb, kölə vətəndaşlar, aşağıda isə bütün dünyanı texnoloji məmulatlarla təchiz etməklə yanaşı, yaşamaq üçün həyat səviyyəsinin ən yüksək olduğu ölkələrdən biri hesab olunan Cənubi Koreya vətəndaşları yaşayır.
Hələlik, bu qədər! Yazıdan nəticə çıxarmaq sizə qalır.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir…