Yunusların kitabı çap olundu
Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, konfliktoloq Arif Yunusun birgə yazdığı “Sovet düşərgəsindən Azərbaycan həbsxanasına” adlı kitab Polşanın Vrotslav şəhərindəki KEW nəşriyyatında çap olunub. Kitab rus dilində nəşr edilib.
Müəlliflərin Meydan TV-yə verdiyi məlumata görə, 496 səhifəlik kitab iki hissədən ibarətdir. Birinci hissənin – “MTN-in təkadamlıq kamerasındakı dustağın qeydləri”nin müəllifi Arif Yunusdur. Kitabda MTN-in təcridxanasında təkadamlıq kamerada saxlandığı 16 ayın xatirələri, məruz qaldığı işgəncələr və siyasi məhbusun üzləşdiyi digər problemlər əksini tapıb.
Müəllif keçmiş MTN-in istintaq təcridxanasını təsvir edir, orada hökm sürən vəziyyətdən danışır.
İkinci hissəni Leyla Yunus yazıb. O, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda baş verənlərdən, müstəqilliyin ilk illərində Heydər Əliyevin hakimiyyətə gəlişindən və yürütdüyü siyasətdən, eləcə də hazırda onun varisi İlham Əliyevin yürütdüyü siyasətdən bəhs edir.
O, Azərbaycandakı siyasi məhbuslar haqda danışır.
Vrotslavda kitabın təqdimatı keçirilib.
Kitab həmçinin alman dilinə tərcümə edilib və Beynəlxalq PEN Klub tərəfindən nəşr olunub.
Məlumatda deyilir ki, noyabrın 8-də Almaniyanın Esslingen şəhərində kitab festivalının açılışı olacaq. Festivalı Leyla və Arif Yunuslar acacaqlar. Onlar Almaniya ictimaiyyətinə öz kitabları barədə məlumat verəcəklər.
Beynəlxalq PEN Klub noyabrın 15-də Vyanada KİV və ictimaiyyətin iştirakı ilə kitabın xüsusi təqdimatını keçirəcək.
Hazırda kitab ingilis dilinə tərcümə edilir. Kitabın Londonda və Brüsseldə təqdimatı planlaşdırılıb. Həmçinin kitabın fransız və holland dillərində tərcüməsi planlaşdırılır.
L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.
Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində A.Yunus barəsində həbs- qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.
Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.
Ali Məhkəmədə isə kassasiya şikayəti qismən təmin olunub, Bakı Apelyasiya Məhkəməsinin 09.12.2016-ci il tarixli apelyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edilib və iş yeni apelyasiya baxışına qaytarılıb.
L.Yunus və A.Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə iddia ərizəsini təmin etməyib. Onlardan qərardan apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi də onların şikayətini təmin etməyib. Həmin qəradan narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib.
Ötən il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər.