Sosial evləri kimlər ala biləcək?

“Həmin evlər dövlət qulluqçuları üçünmüş, bizə aidiyyatı yoxdur”

Foto: Trend


“Həmin evlər dövlət qulluqçuları üçünmüş, bizə aidiyyatı yoxdur”

Aztəminatlı ailələrin gözlədikləri sosial evlərin inşaasına başlanıb. Yasamal yaşayış kompleksindəki birinci 9 mərtəbəli binanın 3 mərtəbəsi hazırdır.

“Daha 22 binanın da inşaası planlaşdırılır” – Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev belə deyir.

Bəs bu mənzillər aztəminatlı ailələrin büdcəsinə uyğun gələcəkmi? Onların aylıq gəlirləri bu evləri almağa yetəcəkmi?

Şərtlərə uyğun gəlmiriksə, ömrümüzün sonunacan kirayədə yaşamalıyıq?

“Evimizin olmasını istəyirik, eynilə dövlət qulluğunda çalışanlar kimi. Xüsusi nailiyyətimiz yoxdur, gənc, müəllim, həkim deyiliksə, uşağımızı kirayədə böyütməliyik?” – deyə, sual edir Elnarə Kərimova.

Elnarə Kərimova da bacısının 25 illik ailəsi kimi illərdir kirayədə yaşayır. Deyir, sosial evlərə müraciət etmək istəyirlər. Gəl ki, ilkin şərtlərə uyğun gəlmirlər:

“Onların qoyduqları şərtlərə uyğun gəlmiriksə, ömrümüzün sonunacan kirayədə yaşamalıyıq? Dövlət qulluqçusu deyilik, ancaq aztəminatlı ailəyik, kirayədə qalırıq, imkansızıq. Bu ölkədə idman sahəsində nailiyyəti olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə xüsusi qayğı var. Onlar evlə təmin edirlər. Bunu başa düşürük. Bizim üçün də sosial ev söhbətini atdılar ortalığa, sevindik. Sonra da məlum oldu ki, dövlət qulluqçuları üçünmüş, bizə aidiyyatı yoxdur”.

Bacım oğlunu evləndirməlidir, amma ev yoxdur

Elnarə Kərimova deyir ki, sosial ev almaq üçün sadalanan şərtlərin heç birinə uyğun gəlmirlər:

“İdmançı, şəhid ailəsi, köçkün, dövlət qulluqçusu və ya gənc ailə deyilik. Bacım oğlunu evləndirməlidir, amma ev yoxdur. Demək ki, onlar həmişəlik kirayədə qalmağa məhkumdurlar, belə anladım. Hər halda müraciət edəcəyik, görək necə olacaq”.

Evlər həm də ipoteka ilə satılacaq

“Hökumət ilk sosial evi 2018-ci ilin yayında istifadəyə verəcək. Müraciətlər onlayn formada, bu ilin mayından başlayacaq. Evlər həm də ipoteka ilə satılacaq”, – Samir Nuriyev jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, öncədən qeydiyyatı olan yaşayış sahələri İpoteka Fondu vasitəsilə uzunmüddətli ipoteka kreditlərinin alınmasında istifadə edilə bilər:

“Mənzillərin qabaqcadan qeydiyyat sənədləri əldə olunduqdan bir neçə ay sonra satışa başlaya biləcəyik”.

Qiymət neçəyə olacaq?

Mənzillərin qiymətlərinə gəlincə, Samir Nuriyev deyib ki, hökumət aylıq ödənişlərin orta icarə haqqından yüksək olmamasına çalışacaq: “Birotaqlı evlər üçün ödəniş 130-140, üçotaqlılar üçünsə 300-350 manat ola bilər”.

2017-ci ilin yanvarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 504,8 manat təşkil edib. Məlumatı Dövlət Statistika Komitəsi “Trend”-ə verib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378,4, özəl müəssisələrdə çalışanların əmək haqqı isə 683,6 manat olub.

Qadir İbrahimli

Məbləğ aztəminatlı ailələrin imkanlarından artıqdır

İqtisadçı Qadir İbrahimli ilkin şərtlərdən söhbətin aztəminatlı insanlardan getmədiyinin hiss edildiyini deyir:

“Çünki 3 otaqlı evlərin aylıq ödənişi 300-350 manata yaxındır. Bu da indiki aztəminatlı insanların imkanlarına adekvat deyil. Xüsusilə də manatın son 2 ildə 122 faiz devalvasiyaya uğradığı bir dövrdə. Xeyli iş yerləri qapadılıb, əhalinin gəlirləri azalıb. Bəlkə də çoxunun real gəliri sabit qalıb, ancaq ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti bahalaşdığından, vəziyyət çətinləşib. Düşünürəm ki, həmin məbləğ aztəminatlı ailələrin imkanlarından artıqdır”.

Sosial mənzilləri kimlər alacaq?

İqtisadçı Vüqar Bayramov deyir ki, təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ gənc ailələrə veriləcək:

“Bunlar şəhid ailəsinin üzvü, Milli Qəhrəman (özü, əri/arvadı, övladları), köçkün ailələri, azı 3 il dövlət qulluğunda, 5 il dövlət ümumtəhsil məktəbində çalışan şəxs, fəlsəfə doktoru elmi dərəcəsi, idman sahəsində xüsusi xidmətləri, ölkə və beynəlxalqmiqyaslı yarışların mükafatçısı olanlardır. Bundan əlavə, elmlər doktoru, elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda çalışanlar, azı 3 il hərbi xidmətdə olanlar, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər. Gənc ailə üçün yaş həddi 35-dir”.

Vüqar Bayramov

Mənzillərin sayı məhdud, müraciət isə çox olacaq

Vüqar Bayramov deyir ki, sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir. Qiymətləndirmələrinə görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 150-160, 2 otaqlılar üçün 200-210, 3 otaqlılar üçünsə 310- 320 manat olacaq:

“İlkin ödəniş 10 faiz olacaq. Mənzilin qiyməti 50 min manatdırsa, onunçün 5 min ilkin ödəniş edilməlidir. Mənzil almaq üçün müraciətlərin sayının çox olacağını nəzərə aldıqda, qeydiyyat başladıqdan sonra daha tez müraciət etməyiniz məqsədəuyğundur. Mənzillərin sayı məhdud, müraciət isə çox olacaq. Buna görə ilkin müraciət edənlərə üstünlük veriləcəyi gözlənilir. Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcək”.

Mənə kimdi ev verən?

Məzahir Hüseynli 23 ildir dövlət qulluğunda çalışır. 51 yaşı var. 6 nəfərlik ailə üzvü ilə 2 otaqlı mənzildə yaşayır. Deyir, mənzili var, gənc ailə deyil, ancaq 2 otaqlı evə sığışa bilmirlər. Evdə çalışan 2 nəfər var. Onların da əmək haqqı üst-üstə 1000 manata çatır:

“Mənə kimdi ev verən? 4 uşaqdı. Biri əsgərlikdə, 2-si tələbə, biri də xəstədir. Yoldaşımla ikimizin maaşı 1000 manata çatmaz. Müraciət etmək istəyirəm, ancaq ümidsizəm. Ya deyəcəklər “evin var”, ya da əmək haqqım 3-4 otaqlı mənzilə yetməyəcək. Bu da dövlət işi. 23 ildə gücüm 2 otaqlı mənzilə çatıb. Bundan sonra da nəsə alınacağına ümidim yoxdur”.

Bu evlər, ümumiyyətlə, aztəminatlı ailələr üçün deyil

Qadir İbrahimli deyir ki, Nazirlər Kabinetinin tətbiq etdiyi standartlar var. İnsanın aylıq gəliri 500 manatdırsa və ailədə işləyən tək insandırsa, ona ev verilməyəcək:

“Çünki 4 nəfərlik ailənin dolanması üçün aylıq minimum 600 manat lazımdır. Banklar da bunu ilkin şərt kimi soruşacaq. Ailənin aylıq gəliri 1200 manat olarsa, onlar ayda 300-350 manat ödəyə bilərlər. 1200 manatlıq gəlir də aztəminatlı ailələrdə olmur. Deməli, bu evlər, ümumiyyətlə, aztəminatlı ailələr üçün deyil”.

Mənzillər də imkanlı şəxslərə satılacaq

Qadir İbrahimli sosial mənzil layihəsindən yaxşı heç nə gözləmir. Deyir, eynilə sosial yardım layihəsi kimi olacaq:

“Yardımların imkanlı insanlara paylandığı kimi, mənzillər də imkanlı şəxslərə satılacaq. Hamısı da olmasa, əsas hissəsi. Burada da həmin prinsip işə düşəcək”.

“Sosial mənzillər aztəminatlı ailələrə aşağı qiymətlərlə kirayə verilməlidir”

İqtisadçı bu evlərin satışa çıxarılmasını doğru hesab etmir. Deyir, xarici ölkələrdə olduğu kimi bələdiyyələrə verilməlidir:

“Bələdiyyələr isə həmin evləri ərazilərində yaşayan, aztəminatlı ailələrə aşağı qiymətlərlə kirayə verməlidir. Bu, daha effektiv üsul olardı. Aztəminatlı ailələr ayda 50-60 manat ödəməklə həmin mənzillərdə qala bilərdilər. Bu məbləğ simvolik olmalı idi. Binanın bəzi xərclərini ödəməyə yetəcək qədər. Təəssüf ki, bunlar mənzilləri satışa çıxarmaq istəyirlər. Bu da dediyim kimi, aztəminatlı ailələrin imkanlarına adekvat deyil”.

Ana səhifəXəbərlərSosial evləri kimlər ala biləcək?