Şortikli inqilabçılar

Azərbaycanda hər zaman “cəlbedici paltarlar”a müəyyən münasibət olub və buna görə də insanlar az utandırılmayıb. Ancaq yeni nəsillər yetişdikcə, gənclər üslub seçməkdə daha çox azadlıq əldə edirlər. Azərbaycanlı mühafizəkarlar mini yubkalara da, dərin dekoltelərə də öyrəşdi, lakin şortiklə bağlı adət-ənənə keşikçiləri xüsusi münasibətə malikdirlər. Meydan TV-nin jurnalistləri  bu yay Bakıda çılpaq ayaqlar üçün əsl müharibənin necə başladığı haqda xəbər verirlər.

Bir ay öncə sosial şəbəkələrin Azərbaycan bölmələrində bir video məşhurlaşdı: Bakı metrosunda bir oğlan şortik geyindiyi üçün bir qıza təzyiq göstərirdi. Təzyiqdən qorxmayan qız da onun cavabını verdi.  Bir yaşlı qadın oğlanın müdafiəsinə qalxdı və məsələ dava-dalaşa qədər çatdı: şortikli rəqibinin cəsarətinə hiddətlənən qadın yumruqlarını işə saldı. Nəhayət, bayaqdan hadisələrin inkişafına səssizcə baxan digər sərnişinlər də araya girdi və nəsillərin qarşıdurması heç-heçə başa çatdı.

Hadisə gözlənilmədən çox tez yayıldı və sosial şəbəkələrdə mövzu tam bir ay müzakirə edildi. Bir çoxu təəccübləndi. Amma bu təəccüb heç də Bakıda hələ də geyindiyi paltara görə bir insanın döyülməsinə görə deyildi. Sən demə, bir çox istifadəçi seçim azadlığının müdafiəsi üçün ayağa qalxanların az olmamasına təəccüblənib. Mühafizəkarlara qarşı qadınların, kişilərin, gənclərin və böyüklərin də arqumentləri oldu.


Qadağalara meydan oxumaq

Azərbaycanda heç vaxt  “cəlbedici paltar” çatışmazlığı olmayıb. Ötən əsrin 80-ci illərində mini yubkalar belə hesab edilirdi, doxsanlarda isə qadınların şalvarları ictimai əxlaqa meydan oxuyurdu. 2000-ci illərin əvvəllərində Bakıda başlayan müasirləşmə sayəsində, paytaxt gəncliyi daha da sürətlə qərb dəbini qəbul etməyə başladı və tezliklə şəhər əhalisi qızları qısa və ya dar paltarda görməyə öyrəşdilər.

Və yalnız şortik keçilməz sədd olaraq qalır. Nə qədər absurd səslənsə də, mühafizəkar azərbaycanlı üçün şortikli insan – qəbul edilən həyat tərzinə təhqir və ağsaqqallara hörmətsizliyin bariz nümunəsidir.

“Hər dəfə, şortik geyinəndə ətrafdakıların gözündəki nifrəti görürdüm, –

Türkiyədə yaşayan 34 yaşlı jurnalist Vəfa Nağıyeva izah edir, – bir dəfə məni şortik geyindiyimə görə ingilis dili kursundan xaric etdilər”, – deyə o, xatırlayır.

Yeddi il əvvəl Vəfa şortik geyindiyi üçün döyülüb. Bu, insanların gözü qarşısında, Bakının mərkəzində baş verib. “Yoldan keçənlər məni müdafiə etmədi, təcavüzkarlar qaçdı və polisə getdikdə, mənə hücum etdilər ki, siz niyə şortikdə gəzirsiniz ki? və ərizəni geri götürməyə tələb etdilər”, – jurnalist deyir.


Gender balansı

Şübhəsiz ki, “əxlaq keşikçiləri” müəyyən gender balansına sadiqdirlər: kişilərə münasibət bəzən daha ağır olur.

Məsələn, bir neçə il bundan əvvəl, üç dəfə prezidentliyə namizəd olan azərbaycanlı siyasətçi Hafiz Hacıyev birinci, küçədə şortikdə gəzən kişiləri fitləməyi təklif etdi, sonra isə ayaqlarına turşu atmağa səslədi – “başa salmaq üçün”.

Jurnalist Natiq Cavadlı bir dəfə sosial şəbəkələrdə abunəçilərinə qonşuluqdakı kişilərlə etdiyi söhbət barədə danışdı: bir daha onların “analarının, bacılarının qarşısında ədəbsiz paltar geyinməməsi” barədə tənbəh ediblər.


Kimə olar?

Düzdür, mərkəzə yaxınlaşdıqca qadağalar yumşalır. Bakının mərkəzində, Fəvvarələr meydanında, şortik geyinmək dik baxışlara və ya kobud sözlərə səbəb ola bilər –  sadəcə bu qədər.

Bu cür tolerantlıq, belə deyək, Fəvvarələr meydanı ətrafında sadə vətəndaşların yaşamamasıyla izah oluna bilər. Kim məmurların və ya işadamlarının hücumuna məruz qalmaq istəyər?

Şortik geyinmək idmançı görünüşlü kişilərə də olar. Məsələn, azərbaycanlı bloger Zaur Qurbanlı uzunboy və enlikürəkdir və hesab edir ki, məhz bu, “əxlaq keşikçiləri”ni ondan uzaq tutur: “Bir dəfə çimərliyə avtobusla getdim. Yolboyu məni baxışlarıyla süzdülər, lakin cəsarət edib bir şeyə deyə bilmədilər. Ancaq gözlərinə biraz zəif görünsəydim, əl çəkməyəcəkdilər”.

Bu yaxınlarda Bakı metrosunda yenə oxşar hadisə baş verdi: sərnişinlərdən biri – bir gənc oğlan yanında oturan mini yubkalı qızlara qışqırmağa başladı. Amma bu dəfə ətrafdakı insanlar tənqidçinin özünə qarşı çıxdı.

Bəlkə, şortiklə bağlı viruslu videoda özünü görən cəmiyyət, birdən-birə bütün məhdudiyyətlərin absurd olduğunu dərk etdi?

Ana səhifəVideoŞortikli inqilabçılar