Bakı sakinləri ölkədən gedib-getməməklə bağlı fikirlərini bölüşüblər.
Son dövrlər Azərbaycanın istimai-siyasi həyatında fəal olan xeyli insan ölkəni tərk edib. Sosial şəbəkələrdəki paylaşımlardan görünür ki, gedənlər arasında sadə vətəndaşlar da az deyil. Meydan TV Bakı sakinləri arasında sorğu keçirərək, onların bu haqda fikirlərini öyrənmək istəyib.
“Ölkədən getmək istəyirdinizmi” sualına cavablar:
– Nəyə görəsə ilk ağlıma gələn odur – ölkədən getmək. Bu dəqiqə 90 faiz gəncin gələcək planını soruşsaq, hamısı deyər ki, ölkədən getmək. Bunun konkret bir səbəbi yoxdur. Kimsə nəsə etmək istəyir, kiminsə planları olur, həyata keçirə bilmir. Haqlı olaraq ilk ağıla gələn odur ki, ölkədə şərait yoxdur.
– Burada şərait yaxşı olmadığına görə getmək istəmişəm. Həm də təhsilə görə.
– Öz ölkəmdən niyə gedirəm? Heç vaxt getmərəm. Turist kimi gəzməyə gedərəm, amma belə getmərəm.
– Getmək istəmişəm. Gələcəyimi düşünəndə deyirəm ki, burda alınmayacaq. Hazırda o qədər işsizlik var ki, gələcəkdə iş tapmağım indidən özümə problemdi. Burada düzgünlük yoxdu. Hətta univeristetdə belə düzgünlük içində oxumuruq. İstəmirəm gələcəyimiz də belə olsun.
– Heç nə yoxdu bu ölkədə, niyə qalaq ki? Bu ölkədə qalanların hamısı batır. Ən çox işlə bağlı problem var. İş var əslində, amma işəgötürən yoxdu.
– Cavan vaxtlarımda niyyətim olub. Ancaq indi elə yaş dövrüdür ki, vətəndən ayrılmaq çətin olur. İnsan 40 yaşından sonra vətənə daha çox bağlanır.
– Ölkədə vəziyyəti bəyənmədiyim üçün getmək istəmişəm. İnsanların yaşayışı, bayırda qalması… Bəzən xəbərlərdə oxuyuruq, insanların evlərini yıxırlar. Bu vəziyyətləri görəndə getmək istəyirik.
– Bu borda Qarabağ qalıb. Onu kim almalıdır? Boş-boşuna getməyin nə adı var? Qarabağı alın, sonra hara gedirsiz gedin. Bu, bizim boynumuzun yüküdür. Bunu biz etməliyik, başqa heç kim gəlib etməyəcək.
– Uşaq vaxtı ola bilərdi, indi yox. Daha qocalmışıq, ölkəmizi qoyub hara gedə bilərik?
– Öz vətənim yaxşıdı. Ac da, kasıb da olum, burda olum, bacarıramsa, öz vətənimdə elə öz həyatımı dəyişim.
– Getmək fikrim yoxdu. Bu respublikada yaşamışam ömrüm boyu, bundan sonra da yaşayacam.
– Getmək istəyərəm, şərait yoxdu. Ona maddi yardım lazımdı, getmək üçün pul lazımdı. O boyda pul yoxdu axı.
– Birinci, təhsilə görə, ikinci də ölkədəki vəziyyətə görə getmək istəmişəm.
– Ölkəmdən heç yerə getmək istəmərəm.
– Gedərdim, ancaq daha yox. Daha mənası yoxdu. Gərək əvvəllər, 20 yaşında, institutu qurtaranda gedərdim, burda qalmazdım.