Son 3 gündə 25-ə yaxın inanclı fəalın həbs olunduğu bildirilir

Həbs. Foto: Meydan TV

Onlar özlərini İranla gərginləşən münasibətlərin qurbanı hesab edirlər

Martın 9-dan 12-nə qədər olan müddətdə ölkədə 25-ə yaxın inanclı fəal həbs olunub. Müsəlman Birliyi HərəkatındanMeydan TV-yə verilən məlumatda bildirilir ki, həbs olunan inanclılar ayrı-ayrılıqda saxlanılsalar da, onların hamısına qarşı narkotik ittihamı irəli sürülüb. Saxlanılanlar arasında ilahiyyatçılar, 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs edilən Nahid Qəhrəmanov, 2018-ci ildə Gəncədə icra başçısına qarşı sui-qəsd olayından sonra cəzalandırılanlar sırasında olan Şahin Verdiyev və bir çox başqaları var.

Martın 12-də hökumətyönlü mediada Azərbaycanda İran casus şəbəkələrinə qarşı növbəti əməliyyat keçirilməsi və bir dəstənin saxlanması haqda məlumat yayılıb. Amma əməliyyatın detalları haqda heç bir məlumat verilməyib.

Saxlanılan şəxslərin yaxınları isə bunu şər-böhtan adlandırır. Həmçinin ailə üzvlərinin fotolarının yayılmasını və mediada onların “İran casusları” kimi təqdim olunmasını təqsirsizlik prezumpsiyası hüququnun pozulması kimi qiymətləndirir. Onlar həbs edilən yaxınlarını “İranla gərginləşən münasibətlərin qurbanı” hesab edirlər.

“Faktiki Azərbaycan öz vətəndaşlarını şərləməklə özlüyünlə guya İrana acıq verir. Daha demir ki, öz günahsız vətəndaşlarıma, onların ailələrimə zülm eləyirəm. Əgər bu adamların İran casusu olduğunu təsdiqləyən fakt varsa, sübut ortaya qoysunlar. Yoxsa ucdantutma adamların hamısını narkotiklə şərləyib basırlar türməyə, bu da işdir?! Uşaqlarım iki gündür ağlayır, onların ahı bizə bu zülmü verənlərin qarşısına bir gün mütləq çıxacaq…”, – həbs olunan ilahiyyatçılardan birinin həyat yoldaşı Meydan TV-yə danışır.

Bugünlərdə Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi İrana məxsus hərbi təyyarənin Azərbaycanın hava sərhədini pozması haqda birgə bəyanat yaymışdı. Bəyanatda bildirilirdi ki, martın 11-də İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-a qədər fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib:

“İranın hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir, iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır”.

Rəsmi qurumlar xatırladıb ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi:

İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq”.

Martın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Son günlərdə həbs olunan inanclıların bir qismi Səbuhi Səlimovun məzarını zirayət etdikdən, onun yas mərasimində iştirakdan sonra saxlanılıb. Azərbaycan İslam Partiyasının üzvü olmuş Səbuhi Səlimov 50 gündən artıq həbsdə aclıq etmiş, aksiyanı dayandırdıqdan bir neçə gün sonra – martın 2-də Bakı Apelyasiya Məhkəməsində onun haqqında 17 illik həbs hökmünün qüvvədə saxlanmasından əsəbiləşmiş, vəziyyəti pisləşmiş və həmin gün axşam saatlarında vəfat etmişdi.

Azərbaycanda inanclıların həbs dalğası təxminən ayyarım əvvəl – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra da yaşanmışdı. O zaman da iki ölkə arasında münasibətlərin gərginləşməsi yanvarın sonu-fevralın əvvəlində Azərbaycanda inanclı kimi tanınan şəxslərin narkotik ittihamıyla həbsi ilə müşayiət olunmuşdu. Həmin vaxt da da Daxili İşlər Nazirliyi 45-dən artıq “İran casusu”nun saxlandığını açıqlasa da, bu haqda ətraflı heç bir məlumat verilmədi. Cəmiyyətə aydın olmadı ki, həbs olunanlar konkret hansı əməllərdə ittiham olunur. Lakin həbs olunan inanclıların yaxınlarının, vəkillərinin məlumatlarından belə məlum olur ki, onlara narkotik ittihamı irəli sürülüb. Bu ittihamla barələrində məhkəmə qərarıyla həbs qətimkan tədbiri seçilib, istintaq təcridxanasına köçürüləndən sonra evlərində axtarış aparılıb.

Həbs olunanlardan Etibar İsmayılovun yaxınları bildirib ki, axtarışa gələnlər özlərilə gətirdiklərini evə qoyub, videoya çəkiblər.

70 yaşlı Etibar İsmayılov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı ilahiyyatçı Taleh Bağırzadə və digərlərilə birlikdə həbs olunmuş, bir neçə il sonra əfv sərəncamıyla azadlığa çıxmışdı:

Utanmırlar, o yaşda adamı narkotiklə şərləyirlər. Sonra da gətirib evdə qızının çarpayısına, döşəyin altına güllə qoyurlar. Birincisi, gətirdikləri Qasım Süleymaninin, Xomeyninin şəkillərini düzüb, video çəkirlər. O evdə güllə olsaydı, Etibar İsmayılov həbs olunandan sonra niyə orada saxlanılırdı? Polisləri gözləyirdik ki, gəlib götürsünlər? Bu qədər ağ yalan olmaz. Heç kim də inanmır onsuz da, bilirlər ki, yalandır. Nardaran hadisələri vaxtı da yalan danışırdılar ki, guya Etibar İsmayılovun əlində qılınc olub polislər gələndə, ora-bura fırladırmış qılıncı. Belə gülünclük olar?!”

“Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru Ruhullah Novruzzadənin vəkili Elvin Yusifov bildirib ki, müdafiəçinin iştirakıyla onun üzərində axtarış aparılıb, narkotik tapılmayıb. Bu barədə protokol da tərtib olunub. Amma onu buraxmayıblar, vəkil gedəndən sonra üzərinə müdafiəçi olmadan, hal şahidlərinin iştirakıyla yenidən baxış keçirilib. Bu dəfə narkotik aşkarlandığı bildirilib.

Elvin Yusifovun sözlərinə görə, o, Ruhullah Novruzzadəyə qarşı narkotik ittihamı irəli sürüləndən sonra müdafiə prosesinə qoşulub. Lakin ilk günlərdə onu istintaq prosesinə buraxmayıblar, müvəkkili ilə görüşməyə qoymayıblar. Hətta müvəkkili həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılanda da onu məhkəməyə buraxmaq istəməyiblər. Baxmayaraq ki, Ruhullah Novruzzadənin vəkili olması haqda orderini məhkəməyə təqdim edib:

“Vəkillər Kollegiyasının rəhbərliyinin köməyindən sonra məhkəmədə iştirakıma imkan verildi…”.

Həbs olunanların bir çoxu Müsəlman Birliyi Hərəkatının üzvləridir. Bu təşkilatın rəhbəri Taleh Bağırzadə də daxil olmaqla, onlarla üzvü həbsdədir.

Fevralda hərəkat üzvlərinin kütləvi həbsinə Taleh Bağırzadə belə münasibət bildirmişdi:

Azərbaycanda hakimiyyətin hədəfində olan İslam və bu dinin ardıcıllarına qarşı təpkilər hər ötən gün artmaqdadır. İllərdir inancın ifşaçı məntiqi illüziyaları yox etmək gücü ilə hakimiyyətin bütün eybəcərliklərini üzə çıxarınca acizləşən rejim onu əzməyi, ləkələməyi, təzyiq altında saxlamağı tək çıxış yolu bilir. Hansı ki, bu davranış onun məhvinin tək, sürətli səbəbidir. Bu günlər sayı 60-ı ötən inanclıların “casus” damğası ilə həbsi və bunu vətənpərvər, aydın düşüncəli, cəsarəti Azərbaycan övladlarına qarşı gerçəkləşdirmək bir daha bu hakimiyyətin öz xalqına qarşı hansı siyasət yürütməsini sərgiləyir. Bu xalqın inancı, əqidəsi, mübarizəsi 44 günlük müharibədə hər bir Azərbaycanlı üçün tam aydın olduğu halda hakimiyyətlə gərginləşən İran münasibətlərində o, öz xalqını əzmək cəhdi heç bir halda qəbul oluna bilməz. Sizin “casus” möhürü vurduğunuz Hacı Mətləb Bağırovlar illərdir bu xalqın milli mənəvi dəyərlərinin keşiyində durub…

Azərbaycanı öz hakimiyyət oyununa qurban verərək, parçalama siyasəti aparan hakimiyyət bütün bu irtica siyasətinə son verməli, saxlanılan şəxsləri qeyd-şərtsiz azad etməlidir. Bu hakimiyyətin xalqına edə biləcəyi sonuncu addımdır ki, dayandırmayacağı halda onun məhvinə gətirib çıxaracaq”.

Ana səhifəSiyasətSon 3 gündə 25-ə yaxın inanclı fəalın həbs olunduğu bildirilir