SOCAR-ın köhnə binasının taleyi necə olacaq?

Bu tarixi memarlıq abidəsi boşaldıldıqdan sonra onun necə istifadə olunacağı narahatlıq doğurur

Source:

Son günlər ölkədə rəsmi səviyyədə israfçılıq, artıq xərclərlə bağlı xeyli problemlərin yaşanması məlumdur. Hətta son iclasda Prezident İlham Əliyev də bildirdi ki, maliyyə nizam-intizamı gücləndirilməlidir: “İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır”. Belə izafi xərclər ən çox da yol və tikinti sektorlarında baş verir. Məsələn, sən illərin ən bahalı layihələrindən biri olan SOCAR-ın yeni inzibati binası…

Əslində sentyabrın 20-də SOCAR-ın bu binası istifadəyə verilməli idi. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. Amma neftin qiymətinin düşməsi bu bayramı da “vurdu”, 20 sentyabr həmişəki kimi dəbdəbəli qeyd edilmədi. Və anlaşıldığı kimi, 2010-cu ilin oktyabr ayında İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində təməli qoyulan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı da həmin gün baş tutmadı. Layihə Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası əsasında inşa olunub və layihə ilkin olaraq 235,4 milyon ABŞ dolları məbləğində dəyərləndirilib. Amma sonradan tikintinin başa çatması üçün əlavə ayırmaların olduğu da bildirilir, təəssüf ki, bu ayırmaların məbləği gizli saxlanılır. Amma SOCAR-ın onsuz da şəhərin ən gözəl yerində yetərincə böyük binası vardı, ikinci belə binaya ehtiyac var idimi?! Bu lazımsız xərc deyildimi? 235 milyon dollar kiçik məbləğ deyil və hal-hazırkı neft qiymətlərinin düşməsi fonunda sadəcə israfdır və bəlkə də Azərbaycanda son illərdə aparılan bir çox tikinti layihələri kimi sadəcə yeyintidir.

Öyrəndik ki, açılış olmasa da, SOCAR-ın heyəti yeni binaya artıq yerləşib. Bəs köhnə binanın taleyi necə olacaq? Neft Şirkətindən adının açqılanmasını istəməyən mənbəmiz bildirdi ki, AZNEFT meydanında yerləşən SOCAR-ın köhnə binası Mehriban Əliyevanın göstərişi ilə artıq Heydər Əliyev Fondunun nəzarətinə keçib. Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binası Səbail rayonunda, Niyazi küçəsi 1 ünvanında yerləşir.  Bina 1893-1896-cı illərdə inşa edilmiş tarixi abidədir.  Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavədə  bu zamana qədər yekdil olan tarix- mədəniyyət abidələrinin siyahısı “əhəmiyyət” dərəcəsinə görə 3 yerə bölünüb (əksər eksrpertlər bu bölgünü subyektiv və əsassıs hesab edərək, qəbul etmir).

Qeyd olunan binanın ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında  memarlıq abidələri bölməsində yer alması ,onun yetərincə maraqlı və fərqli memarlıq üslübuna malık olduğunun sübutudur.


Azərbaycanın neft milyonçularından biri Mir Tağı Babayevə məxsus bina Fransız İntibah Memarlığı üslubunda inşa edilib. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillər şəklində qurulan saray şəhərin layihələndirilmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra sarayda Azərbaycan Xarici İşlər Nazirliyi yerləşdirilib.  İkinci müstəqillik tariximizdə isə bura Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binasına çevrilib.

 Google Map-la binaya baxış keçirdik. Məlum oldu ki, tarixi abidənin içəri tərəfindən həyətində bir üçmərtəbəli bina daha tikilib. Bir neçə əmlak üzrə ekspertlə söhbət eləsək də, məsələnin siyasi olduğunu iddia edib binanın qiymətləndirilməsinə razı olmadılar. Amma ekspertlər binanın qiymətinin yüzmilyonlarla dollarla ölçüldüyünü də vurğuladılar.  SOCAR tərəfindən bu tarixi memarlıq abidəsi boşaldıldıqdan sonra onun necə istifadə olunacağı narahatlıq doğurur. Bu binanın tarixi əhəmiyyətini, önəmli yerdə yerləşməsini və dəyərini nəzərə alaraq ümid edirik ki, bina gələcəkdə də Azərbaycan dövlətinin balansında qalacaq.

Ana səhifəAraşdırmaSOCAR-ın köhnə binasının taleyi necə olacaq?