Siz niyə arıqlamırsınız?

Sevgi əzabı çəkən adam tort yeyə bilməz

Source:

Təxminən 8-9 il əvvəl bir yerdə işləyirdim. Bir iş yoldaşımız vardı. Gənc bir xanım. Ümidsiz sevgiyə yaxalanmışdı. Bütün günü fikirli, dərdli, qaraqabaq, acıqlı, qəzəbli gəzirdi. Hamımıza qarşı çox aqressiv idi. Sadəcə dəhşət. Söz demək olmurdu. Əfi ilan olub çalırdı adamı. Heç kim də ona dəyib-toxunmurdu, çünki bütün heyət bilirdi ki, qəlbi yardan yaralıdır, günahdır belə adama daha artıq əziyyət vermək.

Bir müddət o müəlliməni müşahidə elədim. Gördüm ki, bu axşamtərəfləri evə gedəndə iş yerinin yanındakı kafedən lahmacun, salat, kabab, nə bilim tort alır. Hərdən də elə iş yerində hündürdən deyirdi ki, könlünə tort düşüb, gərək evə gedəndə alsın. Bir aydan sonra, müəllimə yenə növbəti dəfə bizi öz ümidsiz, cavabsız sevgisi ilə girinc edəndə, dözə bilmədim. Dedim, artistlik eləmə, sən sevgi əzabı-zadı çəkmirsən. Sevgi əzabı çəkən adam tort yeyə bilməz. Sevgi əzabı çəkən adamın könlünə kabab düşməz. Sevgi əzabı çəkən adamın boğazından su ya keçər, ya da heç su da keçməz. Gün uzunu yeyib-yoğunlamaqla, sevgi əzabı bir araya sığmır axı.

Qızın gözü çıxdı kəlləsinə. O –bu, oldu mənlə düşmən. Düz doqquz ildir kim adımı onun yanında çəksə, dişinin dibindən çıxanı deyir. Özü bilər. Nə etməli, həqiqət bəzən acı olur, bəzən də lap acı olur.

Çəkisi, bədəni ilə harmoniyada olan adamları çox sevirəm. Ya kəpənək kimi incə, yüngül bədən olsun, ya buğum-buğum ətli, yağlı bədən olsun, fərqi yoxdur, insan öz çəkisindən razıdırsa, ortada problem yoxdur. Buna görə də, arıq adamlara “sən bir az kökəl” ya toppuşlara “sən bir az arıqla, idman-zad elə” kimi məsləhətlər verənlərə bərk hirslənirəm. Nə işiniz var, qoyun xalq öz bədəni ilə sülh və əmin-amanlıq şəraitində yaşasın.

Bu öz yerində. Amma insanlar da var ki, öz bədənləri ilə razılığa gələ bilmirlər. Xüsusilə bizim Qafqaz ölkələri kimi yeyib-içən, əylənməyi sevən ölkələrdə insanlar nə standart bədən saxlaya bilir, nə də bədənləri ilə razılığa gələ bilirlər. Ordan qonaqlıqlar, burdan açıq havada manqal, samovar, ordan toy-nişanlardakı orta əsrlər sayağı ziyafətlər, burdan yanı dəm-dəsgahlı çay məclisləri, yanı məzəli pivə axşamları…Etiraf edək ki, arıqlamaq, ya da bir çəkidə qalmaq çox çətindir…

Dünyanın dəb trendi də bir yandan evimizi yıxır. Vitrində bir manekeni kök, ya da heç olmasa, bir az ətli-qanlı görməzsən. Vitrinlərə düzülmüş “S” ölçülər, “36 bədənlər” bizə özümüzü natamam, qüsurlu, çirkin hiss elətdirir. Dieatalar, idman, özümüzə min cür zülüm… Ki, nə var, nə var, bir az arıqlayaq. Hara baxırsan, kimi görürsən, dərdi arıqlamaqdır. Dünya elə bil arıqlamaq xəstəliyinə tutulub.

Əslində, qınamalı bir şey yoxdur. İnsan öz bədəni ilə harmoniyada ola bilmirsə, nə etməlidir? Anlamaq, dəstəkləmək lazımdır. Kişi olsun, qadın olsun, gey, lesbiyan olsun, fərqi yoxdur, adam bədəni ilə razılaşma əldə eləməsə, özünə inamı olmayacaq, bu onun hərəkətlərinə, başqaları ilə münasibətinə təsir edəcək. Odur ki, ona kömək eləmək lazımdır.

Amma görürəm ki, arıqlamaq istəyən adamlar əziyyət çəkirlər. Özü də çox əziyyət çəkirlər. Çıxış yolunu liposaksiyada görən kim, şəxsi fitnes müəllimi tutan kim, gündəlik qida rasionunun başına oyun açan kim. Baxırsan, baxırsan və düşünürsən ki, axı bu adamar ürəklərini bir az həyacanlara, sevgi əzablarına, intizara açsaydılar, bu dərdi çəkməzdilər. Yukio Misimanın “Qəzet” hekayəsində yaşı otuzu keçmiş qadının zahiri görünüşü barədə çox incə bir cümlə var: Başqalarının dərdlərinə laqeyd ola bilməməsi və tez-tez yaşadığı həyacanlar onu kökəlməyə qoymamışdı”. Nə qədər incə, nə qədər dəqiq, nə qədər gözəl…

Baxırsan, əlli yaşı var, bütün günü dünyanın ədalətsizliyindən şikayətlənir, sonra da yaxşı fitnes müəllimi soraqlayır. Adam qonşunun xəstə uşağına bir az ürəyi yananda, fikirdən bir az incəlir, bunu bütün bəşəriyyətin dərdi arıqlada bilmədi amma.

Hələ gənc qızlar. 16-20-25 yaşlarında, bütün günü artıq çəkidən gileylənirlər. Siz axı niyə vurulmursunuz, niyə sevgi əzabı çəkmirsiniz, niyə həsrəti, intizarı özünüzə dərd eləmirsiniz, mesaj iki saat gec gələndə niyə ağlınıza min şey gətirib, fikir, dərd çəkmirsiniz? Niyə sevdiyinizi itirmək qorxusu ilə yaşamır, həyacanlanmırsınız, gündə on-iyirmi dəfə ovqatınız niyə dəyişmir? Bütün bunlar olursa, siz niyə arıqlamırsız? Deməli, o hissləri doğrudan da yaşamırsınız. Yaşasaydınız, görünərdi.

Bir ürək ki, adamı arıqlada biləcək qədər əzab çəkə bilmir, bir könül quşu ki, gedib ən ümidsiz sevginin budağına qonmur, bir sinə ki, müjgan oxuna açıq deyil, nəyə lazımdı, neyləyəcəksiz onu?

Ürək nə qədər həyəcanlara açıqsa, bədən o qədər incədir. Uzağa getməyin.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSiz niyə arıqlamırsınız?