Siyasi mühacir qohumlarının hədələndiyini deyir

”Hədələyənlər “Facebook”-da tənqidi statusları dayandırmağı tələb edirlər”

Source:


”Hədələyənlər “Facebook”-da tənqidi statusları dayandırmağı tələb edirlər”

Naxçıvanlı keçmiş siyasi məhbus və işadamı, hazırda Avropada siyasi mühacir həyatı yaşayan Məmməd Qurbanovun yaxın qohumları hədələnir. Bu haqda Meydan TV-yə məlumat verən Məmməd Qurbanovun sözlərinə görə, hədələr telefon vasitəsilə, açıq nömrədən gəlib. Məmməd Qurbanov bildirir ki, hədələyənlər onun və kürəkəni

Nadir Məmmədovun “Facebook”-da tənqidi statusları dayandırmağı tələb edirlər:

“Dekabrın 25-də “070 255 00 40” nömrəsindən Bakıda yaşayan həyat yoldaşım Fəridə Məmmədovanın və qardaşımın telefonlarına hədə zəngləri gəlib. Bu nömrənin Naxçıvan xüsusi xidmət orqanlarına məxsus olması şübhəsizdir və onlar Vasif Talıbovun göstərişi ilə hərəkət edirlər. Zəng edib deyirlər ki, Məmməd və Nadir “Facebook”-da dövlət əleyhinə statuslar yazırlar. Bu statuslar dayandırılmasa, sizi oğurlayıb həbs edəcəyik və onlar gəlib təslim olandan sonra buraxacağıq. Mən bunu özümə qarşı mənəvi terror sayıram. Biz “Facebook”-da Azərbaycan, eləcə də Naxçıvan hakimiyyətini tənqid edən statuslar yazırıq. Biz həqiqətləri deyirik. Əlləri bizə çatmır, yaxınlarımızı hədələyirlər. Onsuz da bu vasitələrlə yolumuzdan dönən deyilik. Buradan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova, daxili işlər naziri Əhməd Əhmədova səslənirəm:”Ailəmdən əl çəkin!”.

Meydan TV Məmməd Qurbanovun dediyi “070 255 00 40” nömrəsi ilə əlaqə saxlayıb. Telefona cavab verən şəxs (kişi) Məmməd Qurbanov adlı birini tanımadığını söyləyir:

“Səhv düşmüsünüz. Mən elə birini tanımıram. Bəlkə zarafat edirsiniz mənimlə? Elə bir şey etməmişəm”.

Siyasi fəallar Məmməd Qurbanov və Nadir Məmmədov 2012-ci ildə dövlət nümayəndəsinə xəsarət yetirmə ittihamı ilə 4 və 3 illik azadlıqdan məhrum edilmişdilər. Yerli və xarici hüquq müdafiə təşkilatları onları siyasi məhbus elan etmişdilər. Cəza müddətləri bitdikdən sonra yenidən həbs olunma təhlükəsi ilə üzləşdiklərindən Azərbaycanı tərk edərək mühacir kimi Avropaya köçüblər. Hər iki fəal hazırda sosial şəbəkələrdə hakimiyyətə qarşı sərt mövqeləri ilə seçilirlər.

Ana səhifəXəbərlərSiyasi mühacir qohumlarının hədələndiyini deyir