Mənbə: Meydan.TV

Siyasi məhbus kimi tanınan şəxslərin məhkəmə çıxışlarının toplusu nəşr edilib

Siyasi məhbus kimi tanınan şəxslərin məhkəmə çıxışlarının toplusu nəşr edilib

“Balıqçı balıq tutanda duzlu su sıçrantılarına dözdüyü kimi, biz də azadlıq naminə bu məhrumiyyətlərə dözməliyik”- Kəmalə Rəhimova oğlu Orxan Baxışlının məhkəmədəki son sözünü oxuyur. Əlindəki kitab siyasi məhbus kimi tanınan şəxslərin nitqlərinin toplusudur.

Mayın 23-də Müsavat Partiyasının qərargahında D18 Hərəkatının tərtib etdiyi "Son söz" kitabının təqdimatı olub.

“Biz, təxminən, 1 il bundan əvvəl siyasi məhbus ailəliləri ilə görüşdə onlara söz verdik ki, gələcək nəsillərin bu şəxsləri tanıması üçün onların haqqında olan məlumatları kitab halında çap edəcəyik. Təbii ki, bu gün ölkəmizdə onlarla siyasi məhbusun olması bizi üzür. Bu ölkədə avtoritar sistem olduğunu göstərir. Həm də sevindiricidir ki, rejim nə qədər sərt olsa da, ifadə, sərbəst toplaşma azadlıqlarını pozsa da, buna bir dirəniş var”-D18 hərəkatının rəhbəri, “Son söz” kitabının naşiri Ruslan İzzətli deyir.

Nəşrdə jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi şəxslərin, inanclı insanların, həbsxanada və həbsdən azad edildikdən sonra vəfat edən onlarla siyasi məhbusun çıxışı dərc edilib.

“Hakimiyyət bu insanları həbs edərkən cəmiyyətdə qorxu yaratmaq istədiyi halda, həmin adamlar dəmir barmaqlıqlar arxasında son sözləri ilə rejimə meydan oxudular. Bu cür çıxışlarla həbs qorxusunu, xofunu adiləşdirdik, cəmiyyət üçün bir heçə çevirdik”-keçmiş siyasi məhbus AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir.

“Bu gün Azərbaycan məhkəmələri üçün ən çətin prosedur siyasi məhbusların son sözləridir. Xatırlayırsınızsa, mən son söz deyərkən Qazax Rayon Məhkəməsinin hakimi zaldan qaçmalı oldu. Bu son sözlər təkcə özümüzü müdafiə xarakterli deyil, həm də hakimiyyəti ittiham etmək üçün vacibdir”-keçmiş siyasi məhbus AXCP sədrinin müavini Gözəl Bayramlı deyir.

“Fikir verdim ki, ən uzun son söz mənimdir – 25 səhifə. 20 gün ərzində yazmışam. Həbsxanada kompüter yoxdu. İstədiyin abzasın yerini dəyişmək, ya da başqası ilə əvəz etmək olmur. Buna görə də 6-7 dəfə onu yenidən yazmalı oldum. O ruh halı tamamilə başqa cür olur. Tarixçiliyimdən gələn bir hiss də var idi ki, insanlarda məhkəmələrdə necə cəsarətli çıxışlar ediblər. Mən də çalışdım ki, bir şeylər deyə bilim”-keçmiş siyasi məhbus, Musavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı deyir.

Təqdimat mərasimində vətəndaş cəmiyyəti fəalları, siyasi məhbus kimi tanınan şəxslər, onların ailə üzvləri, hüquq müdafiəçiləri iştirak ediblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bp09dt

Ən çox baxılan