”Beynəlxalq hüququn Azərbaycandakı mövqeyini heçə sayan addımların atılması Azərbaycanın bir dövlət kimi imicinə böyük zərbə vurur”
Sivil Toplum Platforması Milli Məclisin müzakirəsinə çıxarılan Konstitusiya Qanunu layihəsi ilə bağlı mövqe sənədi hazırlayıb. Platformadan Meydan TV-yə daxil olan sənəd «İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» layihəsi haqdadır.
Rusiyanın mənfi təcrübəsi
Sənəddə deyilir: «Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə iki dövlətlərarası qurumun yurisdiksiyasını rəsmi qəbul edib. Bu, Avropa İnsan Hüquqları Məhkəməsi və BMT-nin İnsan Hüquqları Komitəsidir. Bu layihənin Milli Məclisin müzakirəsinə çıxarılması təsadüfü deyil. Son vaxtlar Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycan məhkəmə sisteminin ədalətsizliyini təsdiq edən qərarlarının ard-arda gəlməsi ölkə rəsmilərinin tələsik həll yolu axtarmasına səbəb olub».
Sənəddə bu addım gözü daim Şimalda olan bəzi məmurların Rusiyanın mənfi təcrübəsini ölkəyə gətirmək səyi kimi dəyərləndirilir.
“Məsələ Milli Məclisin yaz sesiyasının planından çıxarılmalıdır”
Sənəddə qeyd edilir ki, Avropa İnsan Hüquqları Konvensiyasını 2001-ci dekabrın 25-də Milli Məclis ratifikasiya edib. Bu, milli hüquqa daxil edilib və Konstitusiyanın 12-ci və 151-ci maddələrinə əsasən, referendumla qəbul edilən aktlardan sonrakı yeri tutur: «Milli Məclisin AİHM-nın qərarlarının ölkədə icrasının mümkünlüyünü mübahisələndirən istənilən aktı ölkənin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyası ilə ziddiyyət təşkil edəcək. Avropa İnsan Hüquqları Konvensiyanın 46-cı maddəsində Azərbaycan tərəfinin açıq öhdəliyi var».
Daha sonra sənəddə bildirilir ki, parlament həmin layihəni qəbul edərsə, bunun Konstitusiyanın 71-ci maddəsinə zidd olacağı şübhəsizdir: «71-ci maddənin 1-ci bəndində hakimiyyətin hər üç qoluna vəzifə verilib: Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər».
Sivil Toplum Platforması sonda deputatlara üz tutaraq onlara Konstitusiyanı pozmamağa çağırır:
“Bir daha xatırladırıq ki, beynəlxalq hüququn Azərbaycandakı mövqeyini heçə sayan addımların atılması Azərbaycanın bir dövlət kimi imicinə böyük zərbə vurmaqla yanaşı, Qarabağ uğrunda haqq mübarizəmizdə beynəlxalq hüquqa arxalandığımız dövrdə bizə qarşı çevrilə bilər. Unutmamalıyıq ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Çıraqov Ermənistana qarşı” işindəki qərarı beynəlxalq təşkilatların rezolyutiv xarakter daşıyan digər qərarlarından fərqli olaraq Ermənilərə qarşı məcburi xarakter daşıyan yeganə aktdır.
Odur ki, Konstitusiyaya zidd bu tip təşəbbüsdən dərhal imtina olunmalı, bu məsələ Milli Məclisin yaz sesiyasının planından çıxarılmalıdır”.
Deputat da Konstitusiyaya istinad edir
Layihənin müəllifi Rəfael Cəbrayılov da Konstitusiyaya istinad edir. Deputat
parlamentin komitəsində aparılan müzakirə zamanı deyib: «Burada əsasən Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur. Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barəsində qəbul etdiyi qərarların Azərbaycan Konstitusiyasına uyğunluğu baxımından icrasının mümkünlüyü məsələsini həll edəcək».