Sinfi mübarizə: dünən və bu gün…

Əzilən fərdin mütləq Qiyama qalxacağı proqnozu

Source:

Karl Marks və Fridrix Engels “Kommunist Partiyasının Manifesti”ndə yazırdı: “Mövcud olmuş bütün cəmiyyətlərin tarixi sinfi mübarizə tarixidir”. Yəni, sinfi mübarizə insan cəmiyyətini irəli aparan faktordur və o, qaçılmaz olaraq sosial inqilabı yetişdirir. İstənilən marksistin çalışdığı əsas məqsəd də sosial inqilabın yetişdirilməsi və həyata keçirilməsi olmalıdı.

Sosial inqilab sinfi mübarizənin kulminasiya nöqtəsi olub, yeni ictimai quruluşa keçidi təmin etməlidir. Marksistlərin nöqteyi-nəzərindən, harada ki antaqonist siniflər var, orada mütləq sinfi mübarizə də olmalıdır. Antaqonist siniflər isə dinc yanaşı yaşaya bilməzlər. Onların arasındakı istənilən saziş müvəqqəti xarakter daşıyaraq məhz istismarçı siniflərin mövqeyini möhkəmləndirir və mənafeyinə xidmət edir.

Marks alman sosialistləri Avqust Bebel və Vilhelm Libknextə məktubunda yazırdı: “40 il ərzində biz sinfi mübarizəni tarixin birbaşa hərəkət qüvvəsi, xüsusən də burjuaziya ilə proletariat arasındakı sinfi mübarizəni müasir sosial çevrilişin əsas vasitəsi kimi ön plana çəkmişik. Odur ki, sinfi mübarizəni bizim hərəkatımızdan silib atmağa çalışan insanlarla bir cərgədə addımlaya bilmərik”.

Bu kəlmələr öz aktuallığını indi də saxlamaqdadır – sinfi mübarizənin dərinliyini və rolunu inkar edən şəxslər yalnız

simvolik burjuaziyaya qarşı simvolik mübarizəni təbliğ edənlərdir

və Vladimir Leninin yazdığı kimi, “Kim qeyri-sinfi siyasətdən danışırsa, onu sadəcə qəfəsdə əyləşdirib hansısa kenquru ilə yanaşı nümayiş etdirmək lazımdır”.

***

Cəmiyyətin bir-biri ilə mübarizə aparan siniflərə bölünməsi faktı Marksdan əvvəl də qeyd olunmuşdu. Məsələn, tarixçi Gizo 1820-ci ildə Fransa tarixini “2 müxtəlif xalqın tarixi” kimi təsvir edirdi. Bunlardan biri qalib xalq (zadəganlar), digəri isə məğlub xalq (“üçüncü təbəqə”) idi: “Onların arasında sülh mümkün deyil. Onları barışdırmaq ximerik niyyətdir”.

Ancaq Marksa qədər bu mübarizə iqtisadi yox, daha çox siyasi mübarizə sayılırdı. Onun yaranmasını qədim dövrlərdə bir xalqın başqa xalqı işğal etməsi ilə əlaqələndirirdilər və bu vaxt uduzan xalq əzilən sinif, qalib xalq isə istismarçı sinif sayılırdı. İlk dəfə Marks “proletariatın Vətəni olmadığını” yazaraq tarixi materializm nəzəriyyəsinə görə, istehsal vasitələrinə fərqli münasibətlə xarakterizə olunan siniflərə bölünmənin heç də qədim işğalların təsadüfi nəticəsi yox, müəyyən ictimai-iqtisadi formasiyaların qanunauyğun xüsusiyyəti olduğunu qeyd edir.

Marks 1852-ci ildə İ.Veydemerə məktubunda yazırdı: “Müasir cəmiyyətdə siniflərin mövcudluğu və onlar arasındakı mübarizə faktı mənim kəşfim və xidmətim deyil. Mənə qədər burjua tarixçiləri bu siniflərin mübarizəsinin tarixi inkişafını, burjua iqtisadçıları isə onların iqtisadi anatomiyasını təsvir etmişdilər. Mənim etdiyim yenilik isə bu sübutlardan ibarətdir ki, 1) siniflərin mövcudluğu yalnız istehsalın inkişafının müəyyən tarixi fazaları ilə əlaqədardır, 2) sinfi mübarizə proletariat diktaturasına aparıb çıxaracaq və 3) bu diktatura özü-özlüyündə yalnız bütün siniflərin məhvi və sinifsiz cəmiyyətin təşəkkülü üçün keçiddir.

Marksist nəzəriyyəyə görə, sinfi mübarizə kortəbii (lokal formada hüquqların müdafiəsi, iqtisadi tələblərlə mübarizə) və şüurlu formada (son məqsədlər uğrunda məqsədyönlü hərəkat) ola bilir. Sonuncunun ali forması kimi partiyalılıq götürülür. Marksistlər bu mübarizənin 3 əsas formasını fərqləndirirdilər: 1) iqtisadi (bu, proletar sinfindən söhbət gedirsə, öz əməyini daha sərfəli qiymətə satmaq, iş müddətinin qısaldılması, əmək haqlarının artırılması uğrunda mübarizədir), 2) siyasi (proletariat üçün bu, öz köklü maraqları – proletariatın diktaturasını qurmaq uğrunda ümumsinfi mübarizədir) və 3) ideoloji (burjua və təftişçi ideologiyalara qarşı dirəniş, əməkçi kütlələrin şüurunda sosialist dəyərlərin kök salması).

***

Böyük Oktyabr İnqilabının qələbəsindən sonra sinfi mübarizə təlimində xeyli dəyişikliklər yarandı, ancaq bu, heç bir halda mövzunun aktuallığını azaltmadı. İkiqütblü dünyanın formalaşması kapitalist ölkələrində istismar olunan siniflərə münasibətdə məcburi güzəştlərlə nəticələndi, Qərb ölkələrində fəhlə aristokratiyası formalaşdı ki, bu islahatların da kökündə kommunizm ideologiyasının yayılması qarşısında istismarçı siniflərin qorxusu dayanırdı. Üstəlik, 2-ci Dünya Müharibəsindən sonra Qərbdə formalaşmağa başlayan “Rifah dövləti” konsepsiyası və istehlakçılıq bumu da sosial inqilabın qarşısını almaq mexanizmi kimi istifadə olunmağa başladı. Klassik anlamda fəhlə sinfi və vəhşi kapitalizmin fəsadları sanki transformasiyaya uğradı, xüsusən də istehlakçılıq sinfi şüurun əyləci rolunda çıxış etdi. Həmin dövrdə Erix Fromm yazırdı: “Müasir istehlakçının təsəvvüründə Yer cənnəti iri bir supermarket və oradakıları almaq üçün pula malik olmaq kimi qavranılır”. Ancaq bu, mərkəzi kapitalizm dövlətlərində idi və orada istismarçı siniflərin güzəştlərini mümkün edən əsas səbəb 3-cü Dünya dövlətlərinin insan və təbii resurslarının vəhşicəsinə istismarı ilə bağlıydı. Güzəştlərdən məqsəd isə sinfi mübarizənin iti bucaqlarını zəiflətməkdi.

Yəni, Qərb kapitalizmi dövlətlərində işçi sinfinə olan güzəştlər periferiya dövlətləri üzərində hegemonluğun dərinləşməsi ilə birbaşa bağlıdır. Vaxtilə Lenin “İmperializm – kapitalizmin ali fazasıdır” yazırdısa, artıq 1960-cı illərdə Afrika sosialisti, müstəqil Qananın ilk (və Qərb tərəfindən devrilmiş) prezidenti Kvame Nkruma “Yeni müstəmləkəçilik – imperializmin ali fazasıdır” yazırdı. Qərb dövlətlərindəki iqtisadi güzəştləri mümkün edən də sürətlə yayılan neomüstəmləkəçilik idi. Bunun nəticəsində dünya ərazisi təricən ABŞ iqtisadçısı R.Ueydin söylədiyi kimi, “Sülh zonasına və Qiyam zonasına” bölünməyə başlayır və periferiya hücuma keçir. Bu hücum artıq Marksın söylədiyi klassik proletariat-burjuaziya müstəvisində yox, fərqli formatda baş verirdi ki, bu da Marksın dövründən bəri sinfi mübarizə anlayışında yaranan yenilikləri ortaya qoyurdu. Məsələn, Əlcəzairdə Fransaya qarşı milli-azadlıq hərəkatı “Marks formatı”nda yox, “Frans Fanon formatı”nda baş verirdi – dirənişdə ziyalılar, fəhlələrlə bərabər sinifsiz şəxslər, lümpenlər əlahiddə rol oynayırdılar (Cillo Pontekorvonun “Əlcəzair uğrunda döyüş” filmində bu, mükəmməl təsvir olunub). Yaxud, Kubada yerli kommunist partiyası diktator Batistaya xidmətdə duraraq parlamentdə təmsil olunduğu halda, inqilabda bir ovuc intellektual iştirak edirdi. Nikaraquada da yerli kommunist partiyası Sandinist inqilabının bütün 17 ili ərzində neytral mövqe sərgiləmişdi, inqilabı isə “Şairlərin inqilabı” adlandırırdılar, üstəlik, katolik keşişləri (əksinqilabi sinfin nümayəndələri) də sandinistlərə yardım edirdi. Beləliklə, həm avanqard qüvvənin sinfi tərkibində, həm də Marksın söylədiyi partiyalılıq prinsipində metamorfozun baş verdiyini görməkdəyik.

Mərkəzi kapitalist dövlətlərində əzilən sinfin maraqlarına xidmət etməli olan təşkilatlar öz xarakterlərini dəyişib transformasiyaya uğradıqca, həm sinfi mübarizənin kəsəri, həm də dirənişçilərin sinfi tərkibi dəyişikliyə məruz qalır. Məsələn, Antonio Qramşinin yaratdığı əfsanəvi İtaliya Kommunist Partiyası 1990-cı ildə adını dəyişərək “Demokratik inkişaf partiyası” kimi absurd terminlə adlanmağı seçibsə, bu, sadəcə forma yox, ilk növbədə məzmun dəyişikliyidir. Yaxud, Rusiya kommunistlərinin rəhbəri Gennadi Züqanov Marksdan çox İncildən sitatlar gətirir, Sol yönümlü partiyalar dünyanın əksər yerlərində Sistemlə mübarizə yox, Sistemə uyğunlaşmaq yolunu seçib.

Görünən odur ki, Noam Xomskinin sözləri ilə desək, “Sinfi mübarizə bir istiqamətdə gedir: İstismarçı sinfin istismar olunan siniflərə qarşı mübarizəsi. Çünki, sinfi şüur yalnız hakim siniflərdə inkişaf edib”. Sanki Sartrın diaqnozu doğrulur: “Sol yerində saymır, sadəcə, böyük hadisələr Sol-un yanından keçir”.

***

İnkişaf etmiş Qərb dövlətlərində hakim siniflərin arsenalında özlərinə qarşı mübarizəni səngitməyin çoxsaylı müasir üsulları formalaşıb. Buraya yalnız açıq repressiyalar və həmkarlar təşkilatlarını satın almaq yox, həm də güclü reklam, şüurlarla manipulyasiyalar, fərqli “əyləncə taktikaları”, istehlakçılıq dəyərlərinin sırınlması, baş verəcək inqilabı önləyən əks-inqilabi metodlar (“İnqilab hələ baş verməyib, əksinqilab isə başlayıb”), demokratiya mücəssiməsi kimi sırınan “identiklik nəzəriyyəsi” və s. daxildir.

Belə bir şəraitdə mərkəzi kapitalizm ölkələrində sosial inqilabla nəticələnəcək sinfi çıxışlar gözləmək yersizdir.

Bu ölkələrdə nəinki inqilabi ideologiyalar işlənib hazırlanmayıb, həm də işçi sinfini sakitləşdirmək üçün böyük “güzəştlər limiti” mövcuddur. Odur ki, sinfi mübarizənin açıq formada kəskinləşməsini periferiya kapitalizmi ölkələrindən gözləmək lazımdır. Bu ölkələrdə isə hələ də siniflərin formalaşması prosesi başa çatmayıb.

Məsələn, keçmiş sosialist ölkələrində siniflərdən danışarkən ikisinin adını çəkmək dəbi var: orta sinfin və oliqarxiyanın. Guya ki, orta sinif cəmiyyəti mükəmməl quruluşa aparıb çıxarmağa qadirdir, ancaq oliqarxiya bu yolda sədd rolunu oynayır. Halbuki, sinifli cəmiyyətlərdə orta sinif həmişə əks-inqilabçıdır və onun oliqarxiya ilə münasibətləri heç də antaqonist sinfi ziddiyyətlər üzərində qurulmayıb.

Orta sinif daima güzəştə hazırdır və ixtiyarına az-çox “sosial lift” imkanı verilsə, özü oliqarxiya rolunu oynamaq arzusundadır.

Sinfi mübarizənin subyekti rolunda çıxış etməli olan inqilabi sinif isə hələ formalaşmaq vəziyyətindədir. Vaxtilə klassik marksistlər iqtisadi ziddiyyətlər dərinləşdikcə fəhlə sinfinin də radikallaşacığını yazırdılar, ancaq göründüyü kimi, bu, baş vermir.

Hazırda əzilən fərdin mütləq Qiyama qalxacağı proqnozu da özünü doğrultmur – enerjinin sublimasiyasının müxtəlif üsulları düşünülüb və tapılıb.

Bu, əzilən fərdin istehlaka, yaxud dinə getməsi ilə nəticələnə bilər və dirənişin qarşısı kəsilər.

Odur ki, indiki dövrün ən mühüm nəzəri və ideoloji problemlərindən biri

sinfi mübarizənin subyektini

formalaşdırmaqdır. Bunun bir çox yerlərdə artıq nümunəsi var və oralarda əzilənlər (peşə-sənət mənsubiyyətindən asılı olmayaraq) hətta iqtisadi cəhətdən

kapitalizmdən asılı olmayan öz avtonom ərazilərini

də yaradıblar (Bu, nisbətən yeni və çox ümidverici tendensiyadır). Məsələn, Meksikada Çiapas ərazisində sapatistlərin, Hindistanda naksalitlərin, Nepalda maoçuların, Kolumbiyada FARK-ın avtonom əraziləri, İspaniyada Marinaleda buna sübutdur. Bu isə 21-ci əsrdə sinfi mübarizədə yeni modellərin ortaya çıxacağından xəbər verir.

***

2-ci Dünya savaşından dərhal sonra Herbert Markuze özünün “33 tezis” məqaləsini yazır və orada aksenti Sovet kommunizminin bürokratlaşmasına, Qərb sosial-demokratiyasının burjualaşmasına yönəldərək onların hər ikisinin artıq əks-inqilabi mahiyyət daşımağa başladığını qeyd edir. Üstəlik, Markuze Qərb kapitalizmində fəhlə sinfinin də Sistemə uyğunlaşacağını yazaraq bunu təkcə fəhlə aristokratiyasının mövcudluğu ilə yox, daha qlobal kontekstdə izah edir: “Burjualaşma heç də sosial-demokratların inqilab üçün iradəsizliyinin, yaxud onların burjua şüurunun nəticəsi yox, obyektiv sinfi təzahür kimi qavranılmalıdır. Bu, fəhlə sinfinin əhəmiyyətli hissəsinin kapital sisteminə iqtisadi və siyasi inteqrasiyasının, istismarın strukturunda baş verən dəyişikliklərin nəticəsidir… Bu prosesin gedişatında fəhlə sinfinə çatacaq ictimai əmtəə (kəmiyyət və keyfiyyət anlamında) o dərəcədə artacaq ki,

kapitala qarşı dirəniş kapitalla geniş əməkdaşlığa çevriləcək”.

Sonra isə Markuze bu gün üçün də arxivacib olacaq əsas nəticəsini açıqlayır və həmin nəticə bu gün sinfi mübarizədə əzilən siniflərin hansı təbəqələrdən formalaşacağının uğurlu öncəgörməsidir. Elə Markuzedən sitatla da yazını bitirmək istərdim:

“…Proseslər nəticəsində istismarın ağırlığı tamamilə başqa qrupların üzərinə düşəcək – cəmiyyətdə marginal və yad vəziyyətində olan, fəhlə sinfinin inteqrasiyaya uğramış hissəsindən kənarda qalan “autsayderlər”in üzərinə. Buraya isə “təşkil olunmamış”, “ixtisaslaşmamış” fəhlələr və fəhlə-mühacirlər, müstəmləkə və yarımmüstəmləkələrin nümayəndələri, məhbuslar və başqaları aiddir…”


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəSinfi mübarizə: dünən və bu gün…