Seymur Kazımov: Cəbhəyanı kəndlərdə əhali evlərini tərk etməyib

”İnsanlarda qorxu hissi yoxdur”

Source:


”İnsanlarda qorxu hissi yoxdur”

“Atəşkəsin pozulması hallarını nəzərə almasaq, son 2 gündə sakitlikdir, yəni ağır artilleriya və minaatanların səsi eşidilmir. Belə bir vəziyyət ötən ilin aprelində olmuşdu.”

Bu sözləri Ağdam və Tərtər bölgəsində səfərdə olan jurnalist Seymur Kazımov deyir.

Jurnalist deyir ki, hərbi əməliyyatların getdiyi ərazilərə yaxın düşmək mümkün olmasa da, qoşunların təmas xəttinə yaxın kəndlərin sakinləri ilə görüşüb.

Seymur Kazımovun sözlərinə görə, ilkin gərginlik fevralın 24-dən 25-ə qədər bütün cəbhəboyu ərazilər əhatə edib.

Jurnalist Kazımov əhalinin narahat olduğunu bildirib:

“Əhalinin narahatlığı proseslərin hara getdiyini bilməmələrindən doğur. Özləri də deyir ki, qısamüddətli müharibələrdən beziblər. Uşaqlar daha çox qorxur ki, bu da onlarda psixoloji gərginlik yaradır. Artilleriya atəşlərinin, minaatanların səsi dəhşətlidir. 2016-cı ilin aprelində uşaqlardan biri xərçəng xəstəliyinə tutulub və dünyasını dəyişib. Epilepsiyaya tutulanlar var. Bax, insanlarda narahatlıq yaradan budur. Amma qorxaqlıq deyilən hiss yoxdur. İki gündə gördüm ki, əhali evlərini tərk etməyib, ötən ilin aprelində əsasən yaşlıları, qadınları və uşaqları təhlükəsizlik məkanlara aparırdılar, fevralın 24 və 25-də bunlar oldu. Amma son iki gündə bir neçə ailəni çıxmaq şərtilə əhali tamamilə evlərini tərk etmədi. Başqa bir məqam odur ki, aprel hadisələrindən fərqli olaraq bu dəfə mülki əhali arasında itki yoxdur, onların evləri də ziyan çəkməyib. Apreldə isə mülki əhali arasında itkilər vardı, 100-ə yaxın ev, təsərrüfat  dağılmışdı, mal-qara tələf olmuşdu “.

S.Kazımov deyir ki, Ermənistan Silahlı Qüvvələri ötən ilin aprelində bəzi  mövqeləri itirdiklərindən sanki qisas hissi ilə yaşayırlar:

“Ona görə də dəfələrlə istər cəbhə, istərsə də qoşunların təmas xəttində  gərginlik yaşanır”.

“Fevralın 24-dən sonra hər iki tərəf bir-birini atəşkəsi ilk pozmaqda ittiham etdiyindən biz yalnız rəsmi mənbələrə istinad etdik. Bütün beynəlxalq hüquq və konvensiyalara əsasən hər dövlət öz ərazisində hərbi əməliyyata başlaya bilər. Ermənistan hakimiyyəti buna görə Azərbaycanı ittiham etsə də, bu, rəsmi Bakının hüququdur. Son hadisədə hansı tərəfin birinci başlamasına gəlincə, rəsmi informasiyaya istinad etməliyik. Çünki bizim döyüş yerlərinə gedib nəyisə yoxlamaq imkanımız yoxdur. Sadəcə, bu dəfə ilk təəssürat o idi ki, ikinci aprel hadisələri təkrarlanır. Əslində, cəbhə bölgəsində gərginlik fevralın 21-də başlamışdı, amma fevralın 24-də intensiv şəkil aldı”.

Jurnalist hesab edir ki, problem həll olunmayınca, bu cür hallar baş verəcək:

“Ancaq mən düşünürəm ki, münaqişə həll olunmayınca, hansısa bir siyasi səbəbin olub-olmamasından asılı olmayaraq analoji olaylar qaçılmazdır. Məsələn, ötən ilin aprelində ciddi siyasi proses yox idi, ancaq atəşkəs pozuldu. İndi belə bir fikir var ki, aprelin 2-də Ermənistanda seçkilərdir, yəni Lələ-Təpənin itirildiyi gün. Ola bilsin ki, ona qədər hansısa ərazini qaytarmağa cəhd edərlər. Amma cəbhə xəttində gərginliyin olması dünya ictimaiyyətinə münaqişənin dondurulmaması haqda mesajdır. Hazırda dünyanın diqqəti Suriya, Ukrayna kimi ölkələrədir, Qarabağ sanki ikinci plana keçib. Amma ciddi şəkildə atəşkəs pozulduqda, dünya ictimaiyyəti bu münaqişənin dondurulmadığını və həllini tapmadığını görür. Problem tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Fikir verirsinizsə, hər həftə regiona və Azərbaycana gələn həmsədrlər də son zamanlar bölgədə görünmür. Bu, münaqişənin onlar üçün arxa plana keçdiyini göstərir. Azərbaycan isə bununla barışmayıb mesaj verməlidir ki, münaqişə həllini tapmadıqca, cəbhə xəttində gərginlik davam edəcək, itkilər də olacaq”.

Ana səhifəXəbərlərSeymur Kazımov: Cəbhəyanı kəndlərdə əhali evlərini tərk etməyib