Seymur Həzinin məhkəmədə son sözü

“Bu, Xeyirlə Şərin mübarizəsidir”

Source:

 “Bu, Xeyirlə Şərin mübarizəsidir” Seymur Həzi məhkəmədə son sözünü deməyə hazırlaşarkən hakim Şövkət Nəcəfova ona xəbərdarlıq etdi: – Xahiş olunur, yalnız ittiham üzrə danışın. Seymur Həzi: – Mən sizi başa düşürəm, amma xahişinizə əməl edə bilməyəcəm. Çünki bu, mənim son sözümdüsə, icazə verin, fikirlərimi çatdırım, nədə özümü günahkar bilirəmsə, o istiqamət üzrə özümü müdafiə edim. Bu, mənim müstəsna hüququmdur. Yox, siz də özünüzü Kürdəxanı təcridxanasının axtarış-baxış hissəsinin işçiləri kimi aparıb, onların son sözümün yazısını əlimdən aldığı kimi davranacaqsınızsa, onda elan edin ki, mənə son söz verilmir. Ya mənə söz verin, ya da verməyin. Mənə məhdudiyyət qoymayın. – Buyurun. – Doğrusu, məhkəmədə son söz deyib-deməməklə bağlı xeyli düşündüm. Çünki hər şey ortadadır, mən danışıb kimə nəyi izah edəcəm? Amma bir neçə məsələ məni vadar elədi ki, bu çıxışı eləyim. Bu, şəxsən mənim üçün təsadüfi bir məhkəmə prosesi deyil. 1937-ci ildə mənim babalarım 15 dəqiqəlik məhkəmədə mühakimə olunaraq, son sözlərini də demədən güllələniblər. Sonradan Əliyevlərin dövründə də bu cür repressiyalarla üzləşmişik. Mən bir vətəndaş, siyasətlə məşğul olan şəxs, nəhayət, o babaların nəvəsi olaraq, ətrafımda baş verənlərə biganə qala bilməzdim. Bu, iqtidar-müxalifət qarşıdurması deyil. Bu, Xeyirlə Şərin mübarizəsidir. Biz adil olanın, haqqın, dövlətin tərəfindəyik. Mən də bu mübarizənin içində olduğuma görə özümü xoşbəxt sayıram. Məhbəsdə olan dostlarım – İntiqam Əliyev, Leyla Yunus, Xədicə Ismayıl, Asif Yusifli, NIDA-çılar və s. ləyaqətli insanlarla birgə mübarizəmizin nəticəsinə inanıram. “Azərbaycanda mənəviyyatın, əxlaqın buzlaşması prosesi gedir” Məsələ açıq-aşkardır, iki yol var: sürünmək və dik gəzmək. Sürünənlər heç vaxt yıxılmırlar. Biz isə sürünməyi yox, dik gəzməyi seçmişik. Əgər mən başqa yol seçsəydim, özümü indiki qədər rahat hiss eləyə bilməzdim.Bir hədis danışmaq istəyirəm. Yaqub Peyğəmbərin bədənini yara basır, nə eləyir, çarəsi olmur. Allaha yalvarır ki, ya Rəbbim, mən ki Peyğəmbərinəm, niyə mənə bunu rəva görürsən? Allah deyir ki, sən zalım hökmdarın qarşısında məzlumu qorumadın…Bu, həm də mənəviyyat məhkəməsidir. Neçə il həbsdə olacağım məni qorxutmur, bu haqda heç düşünmürəm də. Allahdan istədiyim yalnız şərəfli ömür yaşamaqdır. Bu gün Azərbaycan hökuməti cinayətkarlığı, narkomaniyanı stimullaşdırmaqla məşğuldur. Bu gün Azərbaycan həbsxanaları qan ağlayır. Ölkədən üç ton heroin çıxarılır, bilinmir ki, kimindir, kim buraxıb. Buna görə heç kim cəzalandırılmır. Amma bədbəxtin birini bu heroinin 0,1 qramına görə tutub həbsxanaya salırlar. O adamların bir çoxu bu bəlaya yoluxdurulub, bəziləri həyatını itirmək təhlükəsilə üz-üzədir. Mən bütün bunlara necə biganə qalım?Kim necə istəyir, elə də yaşasın, mənə aidiyyəti yoxdur – bu, meşşan təfəkkürüdür. Bu cür adamlar yemlənməkdən və döllənməkdən başqa heç nə bilmirlər.Bu gün Azərbaycanda mənəviyyatın, əxlaqın buzlaşması prosesi gedir. Biz buna qarşı mübarizə aparırıq. “Biz istəyirik ki, Azərbaycan insanı boynunu bükməsin…” Biz neyləmişik ki, bura düşmüşük? Bunun cavabı çox sadədir. Biz istəyirik ki, məktəbdə uşaqlarımız rüşvət almağı və verməyi öyrətməsin, müəllimlər saxtakarlıqla yox, öz işilə məşğul olsun. Hamilə qadınlar, xəstələr, qocalar başqa ölkələrin xəstəxanalarının qapısında boyunlarını bükməsinlər. Azərbaycan insanı ahıl vaxtında elə pensiya alsın ki, heç kimin qarşısında boynu bükük dayanmasın. Həbsxanada məcburən Azərbaycan telekanallarına baxıram. Minlərlə insan televiziyaya çıxıb, müalicə olunmaq üçün pul dilənir. Bəs səhiyyəyə ayrılan milyonlar hara gedir? Bu hökumət milyonları daşa-divara, mərmərə xərcləyir, insanlar pulsuzluq üzündən ölür. Azərbaycanın bu qədər sərvətinə rəğmən, ölkədə nə həkim var, nə müəllim. Ölkəni böyük bir mərmər qəbiristanlığına çevirməyə nə ehtiyac var?Bəzən insanlar fikirləşirlər ki, bu hakimiyyət əbədidir. Amma tarix göstərib ki, bu cür rejimlər əbədi olmur. Tarixdə belə quruluşlar, sistemlər çox olub. Amma xalqlar onlara qalib gəliblər. Avropa ölkələrini misal göstərə bilərəm. Bizim xoşbəxtliyimiz ondadır ki, biz artıq bu yolun böyük bir hissəsini gəlmişik. Əliyevlər hakimiyyəti Elmar Hüseynovu öldürdü… “Milyonlarla rüşvət hesabına o kürsüdə oturub qanun qəbul edənlər…” Hakim: – Sizin hakimiyyətlə nə işiniz var, ittihamdan danışın… – Siz səbrli olun, ittihamdan da danışacam. – Mən səbrliyəm, amma sizə xəbərdarlıq edirəm, ittihamdan danışmasanız… – Azərbaycanda mənim ağzımı yumacaq, sözümü kəsə biləcək adam yoxdur. – Mən sizi xəbərdar edirəm… – Siz bu məhkəmə prosesi boyunca bir dəfə Məhərrəm Həsənovu qaldırıb, həqiqəti araşdırmamısınız, ittihamın saxtalığını üzə çıxarmaq üçün heç bir addım atmamısınız, indi məndən ittiham üzrə danışmağımı istəyirsiz. Əgər siz ittihamı boş şey hesab edirsinizsə, elə mən də boş şey hesab edirəm. Bunu keçən dəfə də demişdim, bir daha təkrar edirəm ki, xanım olmağınız mənim üçün əsas şərt oldu ki, bu məhkəmədə özümü kifayət qədər nəzakətli apardım. Əgər təcridxanada son sözümün də yazısını əlimdən alırlarsa, yaxınlarımla görüşə icazə verilmirsə, Quba hadisələrinin möhtəşəm qəhrəmanı Əhəd müəllim İbrahimov mənim işimdə dövlət ittihamçısı qismində ortaya çıxırsa, deməli, məsələ aydındır. Mən heç kimlə, hətta mübarizə apardığım adamlarla da intriqa aparmıram. Çünki bizim ideyalarımızın yanında onlar çox cılız görünür. Əgər Azərbaycanda qanunları qəbul edənlərin milyonlarla rüşvət hesabına o kürsüdə oturduğu konkret sübut-dəlillərlə ortaya çıxırsa, o qanunlardan nə danışmaq olar? Hakim:- Sizi bir daha xəbərdar edirəm, ittihamdan danışın. – Biz ağcaqanad öldürmürük, bataqlıq quruduruq. Azərbaycan hökuməti… – Hökumətdən yox, özünüzdən danışın. Biz sizi fikirlərinizə, prinsiplərinizə görə ittiham etmirik. Sizə də, əqidənizə də hörmət edirik… – Siz niyə hökumətin əvəzindən danışırsız, onları müdafiə edirsiz? Siz dövləti yox, hökuməti təmsil edirsinizsə, o başqa məsələ… – Biz kimlərinsə prinsipləri yox, konkret hadisəni mühakimə edirik. – Onda icazə verin, kosmosdan, qalaktikadan danışım… – Yox, icazə vermirəm. “Məndən Ramiz Mehdiyev haqda yazmamağı tələb etmişdilər” – Qəribə yanaşmanız var, bu ittihamı mənə İlham Əliyev ünvanlayıbsa, mən kimdən danışmalıyam? Bu hadisənin təşkilatçısı İlham Əliyevdir. Mənim onunla şəxsi-qərəzim… – İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır, bütün dünyadakı milyonlarla azərbaycanlının pərəstiş elədiyi adamdır. – Mən sizin zövqünüzə heyran qaldım. İkincisi, bütün azərbaycanlıların adından, şəxsən mənim adımdan danışmayın. İttihama gəlincə, Məhərrəm Həsənov nə məni tanıyır, nə mənimlə düşmənçiliyi var. Onu hansı səbəbdən, hansı şəraitdə bu işə bulaşdırıblarsa, Allah o adamların cəzasını verəcək. Mən ona kiçik qardaşım kimi yanaşıram və onu bağışlayıram (bu yerdə Məhərrəm Həsənov “çox sağ ol, Allah köməyin olsun” deyə Seymura təşəkkür edir). Mən “Azərbaycan saatı” proqramında, “Azadlıq” qəzetində hökuməti ifşa edirdim. Həbsimin səbəbi də budur.Mənə 2011-ci ildə müvəqqəti saxlama təcridxanasında işgəncə vermiş adamla bağlı çoxsaylı şikayətlərim olmuşdu, amma onu cəzalandırmadılar. Həmin adamı mən Leyla Yunusun həbsində gördüm.Azərbaycan hakimiyyəti fikir adamına hüquq bərabərliyi çərçivəsində yox, cinayətkar kimi baxır. Hələ həbsimdən əvvəl oğurlandığım zaman məndən Ramiz Mehdiyevdən yazmamağı tələb etmişdilər. Mənə qarşı bu son hadisə İlham Əliyevin təşkilatçılığı, Ramiz Mehdiyevin tapşırığı ilə baş verib. Necə ola bilər ki, hadisədən heç saniyələr keçməmiş orada polislər peyda oldu? Bu işin arxasında duran hakimiyyət mənim yazdığım fikirləri həzm edə bilmədi. Məni bu yolla susdurmaq qərarı verdilər. Mən hələ xaricdə olanda dostlarım yazmışdı ki, gəlmə, səni tutacaqlar. Mən isə gəldim. Azərbaycandan niyə qaçmalıyam? Mən həbsimi gözləyirdim. Ramil Usubova məktubumda da yazmışdım ki, məni həbs eləmək üçün arxamca bir dəstə adamı töküb izlətdirməyə ehtiyac yoxdur. Çağırın, özüm gəlim.Bu gün biz Azərbaycanda hər kəsin rahatlığı uğrunda mübarizə aparırıq. Hamının ailəsi, uşağı var. Deyəsən, bir bizik ki, heç nəyimiz yoxdur, nə anamız var, nə qohum-əqrəbamız, qılıncımızı götürüb, hamının taleyi uğrunda mübarizəyə qalxmışıq.Bu məhkəmədən heç bir ədalət gözləmirəm. Hamıya rahat yata biləcəyi bir ölkədə yaşamağı arzulayıram! azadliq.info

Ana səhifəXəbərlərSeymur Həzinin məhkəmədə son sözü