“Təbliğat kampaniyasında Başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram”
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əliyev (Əlisoy) tutduğu postdan istefa verib. Bu barədə onun özü facebook səhifəsində məlumat yayın. KİV-ə ünvanlanmış həmin məlumatda deyilir ki, o, müşavirlikdən getmək üçün partiyanın başqanı İsa Qəmbərə müraciət edib: “Hörmətli İsa bəy! Müsavat Partiyasının növbəti qurultayında Başqanlığa namizədlik niyyətində olduğum üçün müşavir vəzifəsindən istefamı qəbul etməyinizi rica edirəm. Seçkinin demokratik və obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında Başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram. İnanıram ki, başqanlığa iddialı digər görəv sahibləri də bu seçkinin ədalətli sayılması üçün anoloji addım atacaq”.
Müraciət bu fikirlərlə bitir: “Müsavat Partiyası Azərbaycanda demokratiyanın və söz azadlığının oturuşması üçün ardıcıl mübarizə aparır. Əminəm ki, qarşıdakı qurultaydan sonra da Müsavat Partiyası bu mübarizənin önündə gedəcək”.