Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün həbs qətimkan tədbiri seçilib
“AbzasMedia” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasovanın (Vaqifqızı) istintaq dövründə həbsdə saxlanmasına qərar verilib.
Noyabrın 21-də axşam saat 19.00 radələrində Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva bu barədə qərar çıxarıb.
Qərara əsasən, prokurorun Ülvi Həsənli və Sevinc Vaqifqızı haqqında təqdimatı təmin edilib.
Təqdimatda onların hər ikisi barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi istənilirdi.
Ülvi Həsənli və Sevinc Vaqifqızı haqqında təqdimatlara ayrı-ayrılıqda baxılıb. Lakin hər iki məhkəmə prosesində hakim Sülhanə Hacıyeva olub.
Vəkillər təqdimatın əsassız olduğunu bildirib, hakimdən onu təmin etməməsini istəyiblər.
Müdafiəçilər deyib ki, Ülvi Həsənli və Sevinc Vaqifqızı heç bir cinayət törətməyib, ittiham da əsassızdır.
Müstəntiq istintaq dövründə onların həbsdə saxlanması tələbini əsaslandırarkən deyib ki, qaçıb gizlənmək, təkrar cinayət törətmək ehtimalı var.
Vəkillər vurğulayıb ki, Sevinc Vaqifqızı xarici ölkədə idi, o, həbs olunma ehtimalını nəzərə alaraq, ölkəyə qayıdıb.
Bu səbəbdən onun istintaqdan yayınacağını iddia etmək əsassızdır.
Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır.
Həbsinin səbəbi “AbzasMedia”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır:
“Mənim sizdən də, sizə sifariş verənlərdən də heç nəyi xahiş eləmək fikrim yoxdur…”.
Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.
Müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim hər iki təqdimatı təmin edib.
Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.
Vəkillər Meydan TV-yə bildirib ki, məhkəmənin həbs qərarlarından apelyasiya şikayəti verəcəklər.
Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.
Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Ülvi Həsənli isə noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən
saxlanılıb.
Günorta isə “AbzasMedia”nın ofisində axtarış aparılıb.
Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.