Onlar qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunurlar
İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, Aynur Zeynalov 9, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxslər – Mirdamət Muradıyev və Səbinə Əliyevanın barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
“Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən, Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
Kooperativin təsisçisi Aynur Zeynalovun direktor Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələri sübuta yetirilib.
Onlar Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham edilib.