Sevgi məktubu

Az qala hamının bu ölkədə yiyəsi, arxası var, bir kitab adamından başqa…

Source:

Əslində vəziyyətin necə olmasına populyar müğənni Nadir Qafarzadə aydınlıq gətirdi. Bu haqda xeyli yazılar yazıldı. Məsələdən xəbərdar olmayanlar üçün bildirim ki, aparıcı verilişdə Nadir Qafarzadəyə kitab oxuyursunuzmu sualı verdi. Nadir Qafarzadə  suala cavab verərək dedi ki, mən niyə kitab oxumalıyam? Gedək kitab oxuyanında xolodelnikinə baxaq mənim xolodelnikimə də. Nadir Qafarzadə bu sözləri ilə xalqı təhqir etdi, amma xalq bu təhqiri yedi. Çünki xalq Nadirin nə dediyini başa düşmədi. Oturub bir dəqiqə fikirləşmədi ki, görəsən bu Nadir niyə belə dedi. Bir balaca tərəqqipərvər insan Nadirin sözlərini təhqir hesab edərək öz hesabını götürməli idi. Bəs bu Nadiri saxlayan kimdir ki, o belə arxayın danışır. Əlbəttə xalq. Xalq bu Nadiri baha qiymətə toylara çağırıb onu toya gələnlərə göstərir, şəkil çəkdirir. Hətta ona Nadir müəllim deyə müraciət edirlər, əzizləyirlər, qayğısına qalırlar. Düzdü hərdən döyürlər də, amma daha çox əzizləyirlər.

Az qala hamının bu ölkədə yiyəsi, arxası var, bir kitab adamından başqa. Yəqin ki mən orta səviyyəli bir müğənni, aşpaz, güləş üzrə ölkə çempionu yaxud bir qəsəbədə molla olsa idim bundan daha yaxşı yaşayardım. Paltarlarımı yuduqca bu haqda düşünürəm. Onu da qeyd edim ki, paltar yumaq o qədər də çətin iş deyilmiş. Zəif cinsin nümayəndələri yalandan bizi qorxudublar. Aldadıblar bizi. Mən özüm bu əfsanəyə uzun illər  inanmışam. Vəziyyət elə gətirdi ki, başladım paltarlarımı özüm yumağa. Gördüm ki, o qədər də çətin iş deyil. Buna görə bu qədər xahiş minnəti götürmək əsla lazım deyilmiş. Hətta bir az da əyləncəli işdi. Adam stress atır və düşünür. Bu heç, bunu başa düşdük,  amma bununla belə yenə də bir sual qarşısında qalıram. Mən ümumiyyətlə niyə paltar yumalıyam. Axı bu paltarı yuya biləcək adam var. Bəs mənim yazılarımı kim yazacaq. O yaza biləcəkmi? Əgər yaza biləcəksə o zaman gəlib yazı yazsın paltarı mən yuyaram.  Azadlıq, bərabərlik ve qardaşlıq naminə yuyaram. Mən ona görə paltar yuyuram ki, bir menecerdən, bir maşın alverçisindən tələb olunanlar məndən də tələb olunur. Mən isə bu cəmiyyətə özümü yad hesab edirəm. Başqalarının asanlıqla həll etdikləri problemlerin qarşısında acizəm. Onlar asanlıqla tanışlıq tapıb rüşvət verib hər hansı problemi həll edirlər, mən isə rüşvət verə bilmirəm. İş görən, iş aşıran tanışlarım yoxdu. Hər bir ana hər bir insan xoşbəxtlik axtarışındadır. Məndə isə xoshbəxtliyin əlamətləri görünmür. Bazara cıxardığım məhsulun alıcısı çox azdı. Bu azların da çoxu məhsulun dadına baxan kimi fikir bildiririrlər. Özü də çox vaxt mənfi yönümlü.

Dolanmaq çətindi. Adamların böyük çoxluğu hələ ki, hər gün bir çaynik çaya verdikləri pulu ildə bir dəfə kitaba vermək istəmirlər. Bunun üçün min bir səbəb gətirirlər. Halbuki bir balaca səmimi olsalar açıq deyərlər ki, biz kitaba pul vermək istəmirik. Onlar kitab almırlar nəticədə biz də yaşaya bilmirik. Ölkədə kitab satışı şəbəkəsi qurulmayıb.

Mağazalara qucağımda kitab daşıyıram. Mən deməli həm yazmalıyam həm oxucu yetişdirməliyəm, qucağımda mağazalara kitab daşımalıyam həm də bütün bunlarla bərabər bacardığım qədər öz reputasiyamın ləkələnməsinin qarşısını almalıyam. Çünki bir çox insanlar böhtan atmağa hazır dayanıblar. Nə qədər  böyük ideyalarla arzularla yaşasan da həyat öz adi tələblərini hər gün adamın qarşısına qoyur və sən istər istəməz bu tələbləri yerinə yetirməlisən. İşıq pulu, qaz pulu, su pulu … gündəlik xərclər. Yaşamaq ən böyük möcüzədir. Ocağın üstündə ayaqyalın yerimək yaxud ağzından od püskürmək asandı. Məşq eləsən alınar. Metroya isə kartsız girmək olmur. Marketdən aldığın ərzaqların pulunu ödəməlisən. Vaxtında bilməmişəm əgər bilsəydim özümə başqa bir sənət tapardım. Vaxtında bir-iki adam məni xəbərdar etmişdi lakin onların sözünə fikir verməmişdim. Universitetdə oxuyanda həm də tolkuçkada satıcı işləyirdim. Bir kişi vardı. O da satıcı işləyirdi. Bir gün soruşdu ki, oxuyub guya neyniyəssən? Dedim diplom alacam. Dedi əvvəl axır gəlib yenə də burda lifçik (üzr istəyirəm) satacaqsan. Neynirsən oxumağı. Bizə lazım olan sözləri zamanında eşidirik sadəcə o sözlərin həqiqi mənasını sonralar başa düşürük. Qərəz vəziyyət ağırdı, dolanmaq olmur. Elə bir fiziki gücüm də yoxdur ki, gedim karyerdə daş daşıyım. Deməli mən yazı işiylə məşğul olmalıyam həm də dolanmalıyam. Ona görə də bu qərara gəldim ki, pulla sevgi məktubları yazım.  Bu qərara ağız büzmək istəyənlərin bəribaşdan nəzərinə çatdırım ki, hətta Balzak özü belə bu işlə məşğul olubdur. Pulla sevgi məktubları yazırmış. Ona görə də bu işdə qəbahət görmürəm. Bir tarif də müəyyən etmişəm. Qərara gəlmişəm ki, sevgi etirafı məktubunu yüz manata yazım. Yaşdan asılı olaraq məktubun qiyməti dəyişə bilər. Çünki yaşlı adamın cavan adama cavan adamın yaşlı adama sevgi elan etməsi  tutaq ki, otuz yaşlı adamın otuz iki yaşlı adama sevgisini etiraf etməsindən xeyli çətindir. Ayrılıq məktubunu yüz əlli manata yazmaq fikrindəyəm. Ayrılığın səbəblərini xeyli əsaslandırmaq lazım gələcəkdir. Buna görə mən bir xeyli əsərləri təzədən xatırlamalı olacam. Tələbələrə güzəşt olunacaq. Məktub həm elektron formada həm də yazılı formada sifariş oluna bilər. Sevgi dolu intihar məktubunu isə beş yüz manata yazmaq fikrindəyəm. İntihar məktubu  sifarişi verənlərin hansı təbəqədən olduğu, peşəsi, ailə vəziyyəti, yaşı, qiymətin müəyyən edilməsində nəzərə alınacaq. Kasıb ailənin uşaqlarına, tələbələrə intihar məktubu ən münasib qiymətə yazılacaq. Sifarişçinin yaşının az olması  sevgi dolu intihar məktubunun qiymətinin aşağı düşməsinə əlbəttə ki öz təsirini göstərəcəkdir…

Ana səhifəMənim FikrimcəSevgi məktubu