Fəzail Ağamalı: “Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradırlar”
“Qəza törədən avtobus sürücülərini işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə dəqiq əlavələr olunmalıdır”.
Bu təkliflə parlamentin deputatı Fəzail Ağamalı çıxış edib.
O vurğulayıb ki, son günlər baş verən hadisələr gösərir ki, bu sahədə fəaliyyət göstərən şirkətlərə ciddi nəzarət olunmalıdır.
Bir neçə gün əvvəl Bakıda sərnişin daşıyan avtobusun qatarla toqquşması nəticəsində iki nəfər öldüyünü, xeyli insanın yaralandığını xatırladan deputat deyib ki, bu, ilk belə hadisə deyil: “Buna bənzər hadisələr bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradırlar. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq. Həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur”.