Sərəncam

İlham Əliyev sərəncam imzalayıb prezident seçkisini noyabrdan aprelə keçirdi

Source:
İlham Əliyev, 2003-cü il
İlham Əliyev, 2003-cü il

İlham Əliyev sərəncam imzalayıb prezident seçkisini noyabrdan aprelə keçirdi. Cəmiyyət düşünməyə başladı: ayə, bunun hansı səbəbləri var?

Yuxarıda oturan şəxslərlə heç bir, əl-həmdu li-l-lah, əlaqəm yoxdur. Odur ki, söyləyəcəyim fikirlər ümumi vəziyyət barəsində olan təsəvvürlərimdən qidalanır. Ölkənin ümumi vəziyyəti barədə çox yazmışam deyə təkrar nə isə deməyə heç bir hacət görmürəm.

Səbəblər nə ola bilər? Əvvəla, hakim zümrə daxilində gedən gərgin yorğanaltı çəkişmələr artan həcmdə kənara sızmağa başlayıb. Yalnız yuxarılar deyil, yuxarıdan aşağıdakılar da hakimiyyətdən danışmağa başlayıblar.

Bu isə yaxşı əlamət deyil. Hakimiyyətin müqəddəsliyi məfhumu aşınır.

Deməli, məsələni birdəfəlik həll etmək zərurəti yaranıb. Noyabra qədər çox şey ola bilər. Odur ki, hadisələri sürətləndirmək lazımdır.

Lakin bunun üçün gərək yüz faiz əminlik olsun ki, prezident hadisələrin gedişinə nəzarət edir.

Hadisələrin gedişi Azərbaycanda iki amildən asılıdır.

Birincisi, Rusiya amilidir. Rusiyanın xeyir-duası olmadan bizim ölkədə heç zad baş vermir. İki yüz ildir belədir və başqa cür deyil. Müstəqillik barədə cahil və qafil məxluqatın oxuduğu şarkıların qara qəpik qədər dəyəri yoxdur. Yəni onlar gerçəklikdən tam uzaqdır.

Rusiya kimi göstərsə, o da prezidentdir. Konstitusiyamızın birinci bəndinə bənd olmayın, xoş söz xatirinə yazılmış sözdür və digər bəndlər kimi heç zaman icra olunmayıb.

Rusiyada martın 18-də prezident seçiləcək. Hamı xorla deyir ki, gələcək qalib elə indiki prezidentdir. Yəni o seçiləcək və Rusiyanın tənəzzülü artan sürətlə davam edəcək. Deyirlər və yazırlar ki, onun qələbəsi labüddür.

Əgər onun qələbəsi labüddürsə, Rusiyanın dağılması da labüddür. Çünki heç bir dövlət, hətta Rusiya kimi çox varlı dövlət onun canına həşərat kimi daraşmış bu oğru sürüsünün intəhasız iştahına tab gətirə bilməz.

Lakin belə də fərziyyə yaşayır ki, Rusiyada da “dərin dövlət” var və onu təşkil və təmsil edən vücudlar hamının gördüyü bu təhlükəni aydın görürlər. Görürlər və ümumi kapitalist seyrini dəyişmədən ölkənin sərvətlərini indiki kimi Qərbə deyil, Rusiyanın inkişafı üçün daxildəki iqtisadi-ictimai lajihələrin icrasına yönəldəcəklər. Bu dönüşü Pavel Qrudinin həyata keçirməlidir və “dərin dövlət” onun qələbəsini təmin edəcək.

Belə olan halda Rusiyanın Cənubi Qafqazdakı siyasəti dəyişcəkmi? Əsla, yox. Həmin siyasət qalacaq.

Sadəcə Azərbaycan prezidenti çalışır ki, öz seçkisi ilə Rusiya prezidentinin seçkisini eyni vaxta salıb razılaşma və danışıqları münasib vaxtda aparsın.

Rusiya Azərbaycan dövlətinin nəinki ərazisinə, həm də onun həyati əhəmiyyətli dövlət qurumlarına nəzarət etdiyindən belə bir uyğunlaşdırma əməliyyatı ağlabatan sayıla bilər.

Keçirik ikinci mətləbə, hansı ki, ibarətdir zümrədaxili çəkişmələrdən. Hakim zümrədə bir üçlük var ki, yığdıqları sərvət və əllərində cəmlədikləri inzibati imkanlar onları dingildədir və sövq edir ki, əslində onlara aid olmayan məsələlərin həllində öz rəylərini söyləsinlər.

Ulu öndərin zamanında onlar belə şeyi heç ağıllarına belə gətirə bilməzdilər, lakin zəmanə və insanlar dəyişib. Odur ki, onlar dingildəyirlər, özü də artan xətlə dingildəyirlər.

Hakim zümrədə üsyan yetişə bilər. İlham Əliyev, çox güman ki, bunu bilməmiş deyil və öz tədbirlərini, təbii ki, görür.

Görmürsə, o da onun öz işidir. Səmərəsini yaxında görər və dadar.

Mətləbin cövhəri onda deyil ki, bu üçlük və onun ictimai dayağı Əliyevin hakimiyyətinin əksinədir. Əsla, yox. Bu hakimiyyət onlar üçün ən yarayan hakimiyyətdir. Azərbaycanı min sür, hara və necə istəyirsən. Xalqı soy nə qədər istəyirsən. Belə vəziyyət əladan da əladır.

Bircə şey onları narahat edir. Hakimiyyətin zirvəsində, onların dərin əqidəsinə görə, yalnız və yalnız tayfa nümayəndəsi əyləşməlidir.

Belə olarsa, siyasi səfərbərlik üçün Heydər Əliyevdən tutmuş Elçibəyə qədər bütün siyasilərin geniş istifadə etdiyi yerliçilik və tayfabazlıq amili öz səmərəsini sözsüz verəcək. Əks halda, yəni birinci məqama qeyri-tayfa nümayəndəsi gələrsə, əlvida, ey sınanmış və kəsərli silah!

Bu silah olmazsa, işə düşə bilər başqa silahlar, yəni müasir zəmanəyə uyğun siyasi texnologiyalar, insanların bacarıq və qabiliyyəti, savad və mədəniyyət…

Buna heç cür yol vermək olmaz!

Odur ki, yalnız tayfa nümayəndəsi! Yaxşı olardı ki, elə cənab İlham Əliyev zati-aliləri və cənabları qalsın və bizə imkan versin ki, əvvəlki minvalla zindəganlıq edək.

Görünür, sərəncam tədbiri əvvəlcədən hazırlanırmış. Yoxsa nə oldu ki, müxalifətin nəhəng imkanlara malik iki samballı və ciddi siyasi lideri özlərinin prezidentliyə namizədliklərini lapdan irəli sürdülər? Hamı bilir ki, son illər İsa Qəmbər də, Mirmahmud Fəttayev də “Şəbbeyk, ləbbeyk, abdək beynə yədeyk” çağırışı ilə hərəkət edən vücudlardır. Onların seçkidə sona qədər gedəcəkləri şübhəsizdir.

Vəziyyətdən bixəbər adam soruşa bilər ki, “bəs xalq nə düşünür”.

Sizə bir qəziyyəni nəql edim, vəziyyətdən hali olun.

Kiyev prospekti ilə Patris Lumumba küçəsinin kəsişdiy yerdə bir işıqfor işləyir. Onun yanında bir cavan səhərdən axşama kimi dayanıb maşınların hərəkətini tənzimləyir.

Yanından keçirəm. Gülümsəyib qırmızı işığın önündə dayanan avtomobili göstərib soruşur:

-Bunu buraxım getsin?

Heç nə deməyib ötürəm.

Zavallı cavan elə bilir ki, işıqforu idarə edən odur. İşıqfor avtomatik rejimdə yanır, sönür, sürücülər maşınları işıqforun sərəncamına uyğun sürüb öz işlərinin dalıyca gedirlər. Zavallı xəstə cavan elə bilir ki, hərəkəti tənzimləyən özüdür.

Bu xəstəyə baxan var, hansısa bədbəxt ailənin uşağıdır, çünki nahar vaxtı hara isə itir, bir saatdan sonra peyda olub şad-xürrəm yenə küçə hərəkətini “tənzimləyir”.

Bizim xalqın Konstitusiyamızın birinci bəndinin mahiyyətinə münasibəti bu zavallı gəncin işıqforun işinə nəzarət səviyyəsindən fərqlənmir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSərəncam