Sərdar Cəlaloğludan prezidentlə görüş təklifi

“Hakimiyyətin ölkəni vəziyyətdən çıxarmaqla bağlı nə bir ideyası, nə də komandası var”

Source:


“Hakimiyyətin ölkəni vəziyyətdən çıxarmaqla bağlı nə bir ideyası, nə də komandası var”

Azərbaycan Demokrat Partiyası (ADP) təklif edir ki, ölkədəki iqtisadi böhrandan çıxmaq üçün prezident İlham Əliyevlə müxalifət partiyalarının görüşü təşkil edilməlidir.

Bu barədə Meydan TV-yə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

Partiya sədri deyib ki, qısa müddət ərzində müxalifətin prezidentlə görüşünü təşkil etmək lazımdır: “Müxalifət partiyaları prezidentlə görüşdə yaranmış durumu açıq şəkildə izah etməli və hansı konkret addımların atılması barədə təkliflər ortaya qoyulmalıdır. Təsəvvür edin ki, ölkədə hər şey dağılmağa doğru gedir, amma hakimiyyət əvvəlki sərəncam və fərmanlarla vəziyyətdən çıxmağa səy göstərir. Hesab edirik ki, böhranı iqtidarın siyasəti yaradıbsa, onlar ölkəni böhrandan çıxarda bilməzlər. Ona görə də hakimiyyət ciddi siyasi-iqtisadi addımlar atmasa, ölkədə sosial kataklizmlər baş verəcək və dövlət çökəcək. Baxın, 21 dekabrdan 1 aya yaxın vaxt keçib, artıq Ucar və Xaçmaz rayonlarında baş verən hadisələr kiçik siqnallardır. 2-3 aydan sonra nələrin olaacağını söyləmək çətindir. Əgər hakimiyyət müraciətimizə reaksiya verməsə, birinci qurban elə reaksiya verməyənlər olacaq”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Nazirlər Kabinetinin bazar günü keçirilən toplantısı hökumətin böhrana qeyri-adekvat reaksiya göstərdiyini təsdiqlədi: “Hökumət vəziyyətin ciddiliyini tam anlamaq iqtidarında deyil. Böhran hələ yeni başlayıb, dərinləşmə bu il davam edəcək, sosial yaşam səviyyəsi 5-6 dəfə aşağı düşəcək və reaksiyalar bunun müqabilində olacaq”.

ADP sədrinin fikrincə, yerli məhsulların qiymətinin inzibati yollarla salınması orta və kiçik biznesin sıradan çıxarılması deməkdir: “Çünki orta və kiçik bizneslə məşğul olanlar da xaricdən gələn məhsullar alır. Əslində, prezidentin təklifi monopolistlərin xeyrinə, yerli istehsalçıların isə ziyanınadır. Əvvəla, bazar iqtisadiyyatında bazara hər hansı müdaxilə ola bilməz. İkinci, qiymətləri inzibati yollarla tənzimləmək mümkünsüzdür. Hesab edirəm ki, iqtidar mövcud böhrandan çıxmaqla bağlı heç bir rasional addım atmayacaq. Problem ondadır ki, Azərbaycan hökuməti vaxtında neftdən gələn pullar hesabına yiyələndiyi əhval-ruhiyyədən çıxa bilmir və yaranmış şəraitə reaksiya vermək iqtidarına malik deyil. Hakimiyyətin ölkəni vəziyyətdən çıxarmaqla bağlı nə bir ideyası, nə də komandası var”.

Ana səhifəXəbərlərSərdar Cəlaloğludan prezidentlə görüş təklifi