”Təkliflərin prezident tərəfindən irəli sürülməsi fikri özü də mübahisəlidir”
26 sentyabr referendumu gündəmdə olsa da, ictimai-siyasi gedişatın aparıcı müzakirəsinə çevrilməyib. Hələ də ölkədəki bir çox siyasi qurum məsələyə reaksiya vermir. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluyla söhbərimizdə prezidentin iyulun 18-də təqdim etdiyi Konstitusiya Aktı layihəsinin yaratdığı suallara cavab almağa çalışdıq.
–
Sərdar bəy, sentyabrın 26-da keçiriləcək referendum barədə məlumatlısınız. Prezident iyulun 18-də təkliflərini Konstitusiya Məhkəməsinə təqdim edəndən bir həftə sonra müsbət rəy aldı. Ancaq bu müddətdə təkliflər hüquqi, sui-istifadə, linqvistik ekspertizadan keçirilmədi, o cümlədən, Milli Məclisdə və ictimaiyyətdə heç bir diskussiya açılmadı. Bu gedişatı necə qiymətləndirirsiniz?
– Referendum xalqın tarixində çox önəmli hadisə olmaqla bərabər, demokratikləşmənin ən ciddi prosedurlarından biridir. 26 sentyabr referendumunun mahiyyətinə gəldikdə, bu, heç də demokratiyanın inkişafına xidmət etmir. Ən vacibi isə prezidentin taleyini çox ciddi təhlükə altına atır. Məsələn, prezidentin növbədənkənar seçkilər haqqında qərar verməsi məsələsi.
–
O cümlədən, təkliflərdə prezidentin Milli Məclisə seçkilər haqda qərar verməsi müddəası da yer alıb…
– Parlament seçkilərinin nə zaman keçirilməsinin prezident tərəfindən müəyyənləşməsi bəzi ölkələrdə də var, amma mənim diqqət mərkəzinə gətirdiyim tamam başqa məsələdir. Təsəvvür edin ki, xalqın xəbəri olmadan müəyyən qüvvə prezidenti təsir dairəsinə alır və onu özünün hakimiyyətdən getməsilə bağlı sərəncam verməyə məcbur edir. Necə olacaq? Prezident ağır xəstə də olar, əsir də düşər, belə şəraitdə onun öz iradəsini azad şəkildə ifadə etmədiyi halda növbədənkənar seçkilər elan edir və xalqın da bundan xəbəri olmur. İkinci, yaş məhdudiyyətinin götürülməsi, bu barədə hətta Şah İsmayılı, Napeolonu da misal çəkirlər…
–
Bu barədə YAP icraçı katibi və baş nazirin müavini Əli Əhmədov danışıb…
– Bəli. Onun xatırlatdığı misalların içərisində bir demokratik ölkənin adı yoxdur. Bütün nümunələr krallıqlardan, tiranlardan, diktatura rejimlərindəndir, yəni anti-demokratik tarixi təcrübəyə istinad edir. Çin imperatorları arasında hakimiyyətə gələnlər arasında 3 yaşı olanlar da olub, yaxud Osmanlı sultanları, rus çarları arasında da belə misallar var. Tarix sübut edib ki, azyaşlıların dövləti idarə etməsi real olmayıb, onların qəyyumları idarə edib. Bu təkliflərlə də Azərbaycanı qəyyumların idarə etməsi üçün zəmin hazırlanır. Uşağı hakimiyyətə gətirirlər, hakimiyyəti də seçkiylə səlahiyyət almayanların ixtiyarına verirlər. Bu isə Azərbaycan dövlətçiliyinin oyuncağa çevrilməsidir. Amerikanın tarixinə baxın, 50 yaşından gənc heç vaxt prezidnet olmayıb, yaxud Senat və Konqresin say tərkibinə baxın, orta yaş 50-dən yuxarıdır. Hətta Avropa krallıqlarında belə yaş 70-dən yuxarı olub, baş nazirlər 45 yaş ola bilər. Demokratik ölkələrdə az yaş demokratiyanın göstəricisi hesab olunmur. Əli Əhmədov xatırlatdığı nümunəylə qaş qayırdığı yerdə göz çıxarıb. Bəli, bizim referenduma ehtiyacımız var.
– Hansı mənada?
– Azərbaycan Konstitusiyasında çox ciddi boşluqlar var. Dövlətimizin idarəetmə sisteminə baxsaq, dövlətin parlament, yoxsa respublika tipli dövlət olduğunu müəyyən edə bilmərik. Bir tərəfdən real hakimiyyət prezidentin əlindədir, digər tərəfdən baş nazirlik var. Prezidentli respublikalarda baş nazir olmur, prezident olur, vitse-prezident baş nazir vəzifəsini yerinə yetirir. Azərbaycanda prezident və baş nazir var, ikincinin heç bir səlahiyyəti yoxdur, amma bütün məsuliyyət ondadır. Prezidentin isə heç bir məsuliyyəti olmadığı halda səlahiyyətlər ondadır. Bu baxımdan baş nazir vəzifəsinin ləğv edilib prezident üsul-idarəsinə keçilməsi zəruri idi. Ancaq onda parlamentin də prezident səlahiyyətlərini tarazlaşdıracaq səlahiyyətləri olmalıydı. Amma referenduma çıxarılan təkliflərdə parlamentin səlahiyyətləri haqda heç bir müddəa yoxdur. Amerika Dövlət Departamentinin hesabatlarında da bildirilir ki, Azərbaycanda parlament kargüzarlıq idarəsidir, yəni Prezident Administrasiyasının təqdim etdiyi qanunları təsdiqləyir. Burda deputatların və xalqın iradəsinin heç bir rolu yoxdur. Bax, təkliflərdə bu boşluqları aradan qaldıracaq heç nə yoxdur. Üçüncü, demokratiyanın inkişafı çoxpartiyalı siyasi sistemin oturuşmasını tələb edir, bu mənada parlamentdə rəqabət şəraitinin gücləndirilməsi üçün yerlərin sayı artırılmalıdır. Bunun üçün qarışıq seçki sisteminin bərpa olunmasını tələb edirdik, söhbət proporsional seçki sistemindən gedir. Partiyaların rolunun artırılması üçün proporsional seçki sisteminin bərpası vacib idi. Faktiki olaraq, 26 sentyabrda keçirilən referendum prezidentin taleyini təhlükəyə salır. Çünki təkliflər prezidentliyin qeyri-rəsmi güclər tərəfindən idarə olunmasına yol açan müddəalardan ibarətdir ki, bu da birinci növbədə prezident olacaq adam üçün çox böyük təhlükədir.
–
Prezident özünə təhlükə yaradan təklifləri niyə irəli sürsün ki?
– Təkliflərin prezident tərəfindən irəli sürülməsi fikri özü də mübahisəlidir. Mən inanmıram ki, İlham Əliyev kabinetində oturub, referenduma çıxarılacaq təkliflər paketi haqda düşünsün. Bəli, Konstitusiya Aktı layihəsi prezidentin adından verilir, amma sənədi müəyyən adamlar və dövlət qurumları hazırlayır.
– Bəs özü oxumurmu?
– Oxusa da, vəziyyət fərqlidir. Baxın, mən layihəyə müxalifətçi kimi baxıramsa, İlham Əliyev real hakimiyyət sahibi olaraq baxır. Və irəli sürülən müddəalar ilk baxışdan hakimiyyətdə olan adamın maraqlarına uyğundur. Onun səlahiyyətlərə sahib olması, özündən sonrakı varis məsələsi cəzbedicidir, amma sənəddəki təkliflərin mənfi tərəfinə baxmır. Mənfi tərəfinə də müxalifət, müstəqil hüquqşünaslar baxır və qüsurları göstərirlər. Sabah 5 nəfər prezidenti əsir götürüb, növbədənkənar seçkilər haqda sərəncam imzalatdırıb, hakimiyyətdən imtinaya məcbur edə bilər. Bax, sənəd ona yol açır. Dünyanın heç bir demokratik ölkəsində dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilməz. Ona görə ki, Konstitusiyada növbədənkənar seçkilərin keçirilməsi haqqında müddəalar var. Prezident vəzifəsini hansısa səbəbdən, ya fiziki, ya da digər səbəblərdən icra edə bilməyəndə növbədənkənar seçkilər keçirilir. Prezidenti əsir götürəndə, xəstə olanda, səlahiyyətlərini icra etməkdən məhrum olanda, parlament təcili olaraq seçkilərin vaxtını elan edir. Hamımız bilirik ki, Heydər Əliyev ömrünün son vaxtlarında koma vəziyyətinə düşdü, o zaman prezident necə növbədənkənar seçkilər müəyyən edə bilərdi?! Deməli, əgər 26 sentyabrda təkliflər qəbul edilsə, növbədənkənar prezident seçkilərini dövlət başçısını çıxılmaz duruma salanlar elan edəcəklər.
– Ancaq YAP-çı deputat Eldar İbrahimov təkliflərin, xüsusən prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını demokratiyaya doğru bir addım kimi qiymətləndirib və Qazaxıstan, Tacikistan nümunələrini misal çəkib…
– Azərbaycanda Konstitusiya da, qanunlar da formaldır, heç biri işləmir. Guya prezidentlik müddətini 5, yaxud 7 il təyin etməklə, nə dəyişəcək?! Söhbət dövlətin müəyyən güclərin əlinə keçməsi üçün hüquqi situasiyanın yaradılmasından gedir. Yuxarıda bu barədə danışdım, prezident xəstələnir, yaxud əsir götürülür və onu məcbur edib növbədənkənar seçkilərin vaxtını müəyyən edirlər. Ümumiyyətlə, dövlət başçısının növbədənkənar prezident seçkiləri keçirilməsi haqda qərar verməsi absurddur. Əgər prezident dövləti qanunlara uyğun şəkildə idarə edirsə, niyə növbədənkənar seçkilər haqda qərar verməlidir? Həmin müəddəaların gündəmə gətirilməsi hakimiyyət daxilindəki klanların son zamanlar gərgin münasibətinin hüquqi normalara çevrilməsidir. Yaxud bir neçə vitse-prezidentlərin təyin edilməsi məsələsi. Prezidentli respublikalarda bir nəfər vitse-prezident olur, təkliflərdə isə onların sayı bilinmir. Deməli, klanlar arasında mübarizə gedir.
– Hansı klanlar, ad çəkə bilərsinizmi?
– Siz jurnalistsiniz, gedin araşdırın, müəyyənləşdirin. Demək istəyirəm ki, Konstitusiya hakimiyyətin təbiətinə uyğunlaşdırılır. Əslində, hakimiyyət Konstitusiyaya uyğunlaşdırılsın ki, inkişaf baş versin. Bizdə klanlar bir araya gələ bilmədiklərindən, vitse-prezidentləri öz aralarında bölmək istəyirlər, yəni hər klanın öz vitse-prezident nümayəndəsi olsun. Bu klanların parlamentdə də deputatları var, keçmiş MTN naziri Eldar Mahmudov olayında bunlar üzə çıxdı, artıq hüquqi sistem, inzibati orqanlar bölünüb, hər klanın öz kvotası var. İndi də klanlar prezident idarəçiliyində kvota istəyirlər.
– Mediada, sosial şəbəkələrdə bu klanları iki yerə bölürlər; Naxçıvanlılar və Paşayevlər. Bu barədə nə düşünürsünüz?
– Mənim ad çəkmək fikrim yoxdur və bu adlar formal xarakter daşıyır. Bu gün Naxçıvan klanı deyirsən, sabah Qarabağ, yaxud Şirvan klanı ortalığa çıxa bilər. Mən məsələlərə nəzəri yanaşıram, bir dövlət klan prinsipi ilə idarə olunur, orda klanlar öz maraqlarını təmin etmək üçün bu cür oyunlar oynayırlar. Ona görə adın heç bir əhəmiyyəti yoxdur, formal xarakter daşıyır və keçicidir.
–
Bəs regional mənsubiyyət varmı?
–
Xeyr, onların maraq mənsubiyyəti var. Bəzən bir klanda başqa regionların adamları təmsil oluna bilər.
– Sərdar bəy, hansı səbəblərdən beynəlxalq təşkilatlar 26 sentyabr referendumuna susqun yanaşırlar?
– Nə etməliydilər ki?
– 2002 və 2009-cu illərdə keçirilən referendumlara tənqidi münasibət vardı…
– Dünyada siyasi hadisələrə reaksiya prioritetliklə bağlıdır. Məsələn, Azərbaycanda baş verənlər 15 iyul Türkiyə hadisələrilə müqayisədə heç nədir. Türkiyədə hələ proseslərin davam etməsi potensialı qalır. Bu mənada Azərbaycan məsələsi, hakimiyyətin siyasəti Qərb üçün o qədər də əhəmiyyətli deyil. Yəni dünyada vacib və qeyri-vacib məsələlər var, hazırda Ukrayna, Suriya və digər ölkələr gündəmdədir.
–
Ancaq Ədalət Partiyasının sədri İlyas İsmayılovun 26 sentyabr referendumuyla əlaqədar“
İstərdim onun aqibəti də Bəşər Əsədin aqibətinə çevrilməsin
”
məqaləsini götürdükdə, Azərbaycan Suriyaya doğru getmirmi?
–
Təəssüf ki, beynəlxalq dairələr üçün Azərbaycanda Suriyanın hazırlanması lazımdır. Sənin, mənim və xalqımız üçün bu yolverilməzdir. Suriyalılara indiki vəziyyət xoş deyil və onlar bunu heç zaman istəməzdilər. Ancaq bəzi güclərə və regionda marağı olan dövlətlərə Suriyanın indiki vəziyyəti əlverişli kartdır, onlar belə dövlətin olmasını istəmirlər və bu gedişat həyati maraqlarına da cavab verir. Ona görə də Azərbaycanın uçuruma getməsinə nəinki göz yumurlar, hətta təşviq edirlər.
–
Necə düşünürsünüz, referendumdan əvvəlki Azərbaycanla referendumdan sonrakı Azərbaycan arasında fərq olacaqmı?
– Heç bir fərq olmayacaq, yəni xalqın sosial-iqtisadi və siyasi durumu dəyişməyəcək. Amma dövlətçiliyimiz üçün real təhlükə imkanları açılacaq, o barədə danışdım, prezidentin həyatı tükdən asılı olacaq. İstənilən qüvvə dövlət başçısı üzərində ciddi təsir imkanlarına malik olacaq.
– Yekuna gələk, Quranın şifrəsini açdığını iddia edən Sərdar Cəlaloğlu 26 sentyabr referendumunun şifrəsini aça bilərmi?
– Şifrəni izah etdim. Yaş həddinin götürülməsi, vitse-prezidentlərin sayının çox olması və prezidentin növbədənkənar seçkilər elan etməsi şifrənin açılması idi. Təsadüfi deyil ki, referendumdan bir ay əvvəl İlham Əliyev özünün hədəfdə olduğunu söyləmişdi. Həmin bəyanatdan sonra Konstitusiya Aktı Layihəsi meydana çıxdı.