Sərdar Cəlaloğlu deputatlığa namizədliyini geri çəkdi

Sərdar Cəlaloğlu. Foto: Meydan TV

“Seçicilərə vədlərimin birini də yerinə yetirə bilməyəcəmsə, seçkilərdə iştirakın mənə və tərəfdarlarıma xeyri olmayacaq”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürmüş ADP sədri geri çəkilməli olub.

Bu barədə Meydan TV-yə danışan Sərdar Cəlaloğlu bildirib ki, o, 2 ay əvvəl seçkidə iştirak etməmək niyyətində idi və bəyanat da yayıb:

Çünki Azərbaycanın Rusiyaya yaxınlaşması, Qərblə münasibətlərin pisləşməsi seçkiləridə iştirakın mənası olmadığı qənaətini yaratmışdı. Amma bu münasibət partiya üzvlərinin də seçkilərə marağını azaltdı. Belə olduqda, seçkiyə qatılmaq qərarı verdim və namizədliyimi irəli sürəndə Naxçıvanda gözləmədiyim yaxşı münasibət gördüm. Bu, məni çox narahat etdi, yəni seçkilərə qatılıram, seçicilər hərtərəfli dəstək verir, amma hakimiyyət buraxmır və qarşıdurma yaranır, repressiya başlanır. Hətta qan tökülə bilərdi. Düzdür, illərin təcrübəsi göstərir ki, liderləri yox, daha çox sıraviləri incidirlər”.

ADP sədrinin sözlərinə görə, o, Əli Kərimli istisna olmaqla 4-5 partiya sədri ilə seçkilərə birgə qatılmaqla bağlı məsləhətləşmə aparıb, amma təklifi keçməyib:

“Onların heç biri seçki ilə bağlı mövqe sərgiləmədi və mən meydanda tək qaldım. Götür-qoy etdim, seçilsəm, gedirəm parlamentə, lakin orda da mənimlə yaxın mövqedən çıxış edən olmayacaq, belə olanda çox fəallıq göstərməyin də təsiri olmayacaqsa, nəyə lazım? Yəni seçicilərə vədlərimin birini də yerinə yetirə bilməyəcəmsə, seçkilərdə iştirakın mənə və tərəfdarlarıma xeyri olmayacaq”.

Həm də iqtidar-müxalifət münasibətləri də pisdir. İkincisi, geopolitik vəziyyət də Azərbaycanın marağına ziddir. Üçüncüsü, ən əsası partiya sədrləri də seçkilər haqda əhatəli danışmağa maraqlı deyil”, – Sərdar Cəlaloğlu deyib.

Lakin o, bu qərarını boykot saymır:

“Çünki partiyamızın üzvləri iştirak edir, təbii ki, onları da Milli Məclisə buraxmayacaqlar. Sadəcə, ətrafımdakı adamlara repressiyaların olmaması naminə belə qərar verdim. Nəhayət, ümumiləşdirib deyə bilərəm ki, mən kənar qüvvələrin bizim vasitəmizlə hökumətə təzyiq kimi istifadəsinin əleyhinə olduğum üçün seçkidən kənar çəkildim”.

Sərdar Cəlaloğlu beşinci partiya sədridir ki, seçkiyə qatılmır. Bugünə qədər partiya sədrlərindən İsa Qəmbər, Sabir Rüstəmxanlı, İlyas İsmayılov və İqbal Ağazadə seçkidə iştirak etmədiklərini açıqlayıblar.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının iyulun 27-nə olan məlumatına görə, Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib. Onlardan 454 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. 1141 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Deputatlığa namizədliyini irəli sürənlərdən 1092 nəfəri imza vərəqəsi alıb, 388 nəfər isə imza vərəqələrini qaytarıb. Onlardan 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətSərdar Cəlaloğlu deputatlığa namizədliyini geri çəkdi