Edqar Osmanov

Mənbə: Meydan TV

Başlıq: Edqar Osmanov

Şəmkir sakini: Oğlum bələdiyyə sədri ilə getdi, geri qayıtmadı

“Mənə oğlumun məhkəməsində iştirak etməyə imkan vermədilər, başqa zala salıb, qapını bağladılar”

“4 gün əvvəl kəndimizin bələdiyyə sədri gəldi, oğlumu evdən çağırdı, oğlum o gedən getdi. Elə həmin gün öyrəndik ki, oğlumu əvvəlcə Şəmkir Rayon Polis Şöbəsinə, oradan isə Şəmkir Rayon Məhkəməsinə aparıblar. Getdim məhkəmənin qapısına, içəri buraxmadılar. Dedim, bu dəqiqə Bakıya şikayətə gedirəm. Onda qapını açıb içəri buraxdılar, yenə də oğlumun məhkəməsi gedən zala girməyə qoymadılar, başqa zalda oturtdular. Oğlumun məhkəməsi bitənədək hədə-qorxu gəldilər, dedilər, səsini çıxartsan, oğluna daha ağır cəza kəsiləcək”.

Bunu Meydan TV-yə Şəmkirin Dəllər kənd sakini, hazırda inzibati həbs cəzası alaraq Şəmkir Rayon Polis Şöbəsində həbsdə saxlanılan Edqar Osmanovun atası Mahir Osmanov deyir.

İki qurumun mətbuat xidməti bir-birini təkzib edir

Edqar Osmanov sosial şəbəkələrdə video paylaşaraq Dəllər kəndindəki tikintisi yarımçıq qalmış məscid binasının yerli icra hakimiyyəti tərəfindən sökülərək yerində şəhid ailəsinə mənzil tikildiyini bildirib. İcra hakimiyyətinin bu hərəkətini tənqid edib. Daha sonra sosial şəbəkələrdə onun Bakıya – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə götürüldüyü yazılıb.

Sentyabrın 16-da isə həm Şəmkir Rayon İcra Hakimiyyəti, həm də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupu Edqar Osmanovla bağlı münasibət bildirib. Ancaq qurumların dedikləri bir-birini təkzib edir. Məsələn, İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyidov xəbər saytlarına verdiyi açıqlamasında bildirib ki, 15 il əvvəl bir qrup Dəllər qəsəbə sakini tərəfindən həmin ərazidə məscid tikilməsi üçün müraciət ünvanlanıb. Aidiyyəti qurumlar tikintiyə icazə verməyib. Hazırda isə orada olan 3 sot torpaq sahəsində şəhid ailəsi üçün ev tikilir. Qurumun sözçüsü Edqar Osmanovun yaydığı görüntüləri və danışılanları təxribat adlandırıb. Bildirib ki, o, sosial şəbəkələrdə şər, böhtan xarakterli məlumatlar yaydığı üçün məhkəmə qarşısına çıxarılıb, törətdiyi əmələ görə hüquq qarşısında cavab verib”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan xəbər saytlarına verilən məlumatda isə qeyd olunur ki, videonu çəkən Dəllər qəsəbə sakini Edqar Osmanov saxlanılıb. Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilib. Məlumatdan göründüyü kimi, Edqar Osmanova şər, böhtan xarakterli məlumat yayması ilə bağlı maddə verilməyib.

Ata oğlunun şərləndiyini iddia edir

Edqar Osmanovun atası Mahir Osmanovsa oğlunun şərləndiyini, ona 10 yox, 20 sutkalıq inzibati həbs cəzası kəsildiyini deyir:

“Oğlum inanclıdır, namaz qılandır. Kənddə məscidin yerində ev tikilməsinə etiraz edib. Oğlumu narahat edən bu olub ki, niyə bu boyda kənddə şəhid ailəsinə ev tikməyə torpaq ola-ola, adamların zəhmətlə tikdiyi və yarımçıq qalan məscidin binası sökülməlidir? Oğlumun kənddəki özbaşınalığa səsini çıxarmağa haqqı yoxdur? Bələdiyyə sədri gəlib oğlumu evdən aparır, soruşuruq, bu uşağı hara apardın, bizə yerini demir. Deyir, səsi çıxanda bilərsiz. Səsi də məhkəmədən çıxdı. Mənə oğlumun məhkəməsində iştirak etməyə imkan vermədilər, başqa zala salıb, qapını bağladılar. Məhkəmə bitənə, oğlum ordan aparılanadək məni çölə buraxmadılar. Oğlumun əllərində olduğunu, istəsələr, daha ağır cəza verə biləcəklərini dedilər”.

“Yarımtikilinin sahibi nədənsə susur”

Mahir Osmanov deyir, məscid binasını Qurban adlı şəxs tikdirirmiş, tikintinin yarımçıq qalmasının səbəbini isə bilmir:

“İllər əvvəl o boyda ərazidə tikinti işləri aparılırdı, icra hakimiyyəti də bunu görürdü, nədənsə qəfil dayandırdı. Səbəbini indiyədək də bilmirik. Mənə təsir edən odur ki, o yarımçıq tikilinin Qurban adlı sahibi də kənddədir, ancaq oğlumun başına gələnlərə səsini çıxarmır. Halbuki, oğlumun başına nə gəlibsə, onun yerinin icra hakimiyyəti tərəfindən başqalarına satıldığını tənqid etməsinə görə gəlib”.

Edqar Osmanov ailəlidir, iki azyaşlı övladı var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7jnnko

Ən çox baxılan