SEKSİSTBAYCAN

Əgər kişilərin başqa çoxalmaq yolu olsaydı çoxdan qadınların axırına çıxmışdılar.

Source:

Qrup yoldaşlarımla yığışmışdıq. Yeni semestrin başlanmasını qeyd edirdik. Haradasa ona yaxın ölkənin hərəsindən bir nümayəndə var idi. Cənubi koreyalı qrup yoldaşım əsgərliyindən söz saldı. Kimsə dedi ki, yalnız erkəklərin əsgərliyə getməsi böyük ədalətsizlikdir. Gərək İsraildə olduğu kimi olsun. Bunlar qadınların fikri idi. Humanist qadınların. Bilmədim haradan gəldi, dedim ki, lap ədalətlidir. Mən dünyaya övlad gətirirəmsə, doğuşa aid min cür məsələ və onların fəsadlarından əziyyət çəkirəmsə onlar da getsin vətənlərini qorusun. Mən bəşəri borcumu yerinə yetirirəm. Onların da borcu məni qorumaqdır.

Böyük əksəriyyəti Qərbdən olan humanist xanımların “bu nə geridə qalmış imiş” dolu baxışlarını və baxışmalarını görmədim. Qarşımdakı boşqabın dərinliklərində özünü-analizə uğramışdım. Həmişə “Ədalət! Ədalət!” deyə qışqır-bağır salan, “gözə göz, dişə diş” anlayışına “bağışlama” fəlsəfəsi ilə yanaşan, qadınların doğuş obyekti olmadığını düşünən insan bu sözləri necə dilinə gətirə bilərdi? Eyni adam özü bir müddət öncə düşünürdü ki, Azərbaycanda təkcə əsgərlərin hərbi xidmət etməsi ədalətsizlikdir. Onun erkək qrup yoldaşları ali tibb təhsilini bitirdikdən sonra bir il geriyə düşmüşdü. Çoxunun olan-qalan biliyi əsgərlik zamanı uçub getmişdi. Qayıtdıqdan sonra bərpaya başlamalı idilər. Hələ həvəslərinin qalıb-qalmamasından danışmıram. İtirilən il ərzində digər cins azdan-çoxdan karyeralarında irəliləyiş etmişdi. Bir sözlə ədalətsizlik.

Ədalətsizliyimin haradan gəldiyini anladım. Həmin gün günorta Meydan TV-nin veb-saytında iki kişinin məqaləsini oxumuşdum: Məmməd Süleymanovun “Süqutun simptomları” və Seymur Baycanın “Sevgi məktubu”. Hər ikisi çox maraqlı, problemlərə diqqət çəkən yazı idi. Roma Respublikasının səhvləri ilə paralelləri çox bəyənmişdim. Amma hər ikisində xoşuma gəlməyən məqamlar var idi. Həmin elementlər məqalələri ümumiyyətlə gözümdən salmışdı.

Süleymanov deyirdi ki, “Siyasi həyatdakı eybəcərliklərə ailə institutunda baş verən böhran da sirayət edirdi. İlk növbədə yuxarı təbəqələrdə ailə öz patriarxal xarakterini itirirdi. Qadınlar ərlərinin siyasi qərarlarına qarışır, mülkiyyətlərini özləri idarə edirdilər.” Əslində bu cümlələrə baxanda problem görünmür. Müəllif sadəcə olaraq ailə dəyərlərinin siyasi eybəcərliklərə təsirindən danışır. Amma problem var. Özü də böyük. Məsələ ondadır ki, bütün məqalə üzrə Roma Respublikasının süqutunda rol oynayan məqamlar Azərbaycan Respublikasındakı problemlərə bənzədilib. Roma Respublikası haqqında çox şey yazmaq olardı. Amma məhz uyğun məsələlər onların Azərbaycan ekvivalenti ilə əlaqələndirilib. Burada deyilə bilər ki, bəs müəllif “fahişəliyin çiçəklənməsinin” kökünü araşdırıb. Bunun kökü də ki, ailənin patriarxal strukturunun uçuruma doğru getməsi və uğursuz nigahların sayının artmasıdır. Vəssalam.

Amma, əzizlərim, hamımız bilirik ki, “Kişiyə hər şey olar”, “Kişi gəzər” kimi fahişəliyə benzin tökən deyimlər məhz Azərbaycan patriarxal ailəsinin balalarıdır. Uğursuz nigahlar da Azərbaycanda həmişə olub. Camaat indi-indi görüb, sevib, görüşüb evlənir. Sadəcə, Sovetlər sağ olsun ki, vaxtında qadınlara boşanma fəlsəfəsini çatdırıb. Yoxsa, əvvəllər yazıq qadınlar ər evində başlarına min oyun gətirilsə də dözməli idi. Getməyə yerləri yox idi. Elə indi də bir çoxlarının vəziyyəti belədir. Deməli uğursuz nigahlar da fahişəliyin kökündə durmur. Demək ki, müəllif yuxarıdaki cümlələri ilə özünün qadının cəmiyyətdə və ailədəki rolu haqqında fikirlərini ifşa edir. Bəs nə olsun?

O olsun ki, Azərbaycanın problemlərindən danışan bir yazıçı düşünür ki, qadın kişinin qərarlarına qarışmamalıdır, qadın öz mülkiyyətini idarə edə bilməz. Məsələn, bu çarpayını aparım o bir otağa qoyum. Buna kişi qərar verməlidir. Yaxud da, evdəki pianonu satım, onsuz da yer tutur. Kiməsə xeyri dəysin. Atamdan mənə bir torpaq sahəsi qalıb. Onu da satım. Yox, bunlara kişi qərar verməlidir. Qadın qərar verə bilməz. Bacarmaz. Kişi qərar verir ki, YAP-dan çıxıb müxalifətə qoşulsun və yaxud da tərsinə. Qadın kimdir ki, bu məsələyə qarışsın. Ailə bir növ sürüyə bənzəyir. Kişi ailəni arxasınca daşıyır. Qadının ailənin uşağından heç bir fərqi yoxdur. Ümumiyyətlə, müəllif qadının müstəqil qərar verə bilən bir varlıq olduğunu düşünmür. Qadını kişinin mülkünün bir hissəsi kimi görür. Problemlərdən yazır, amma öz düşüncəsində də problem olduğunu görmür.

Baycansa deyir ki, “Mən ümumiyyətlə niyə paltar yumalıyam.” Burada söhbət ailədəki vəzifələrin bölgüsündən getmir. Söhbət ondan gedir ki, qadına bir obyekt kimi baxılır. Alınmış, evə gətirilmiş, uşaq doğan, paltaryuyan, yemək bişirən bir mal. Predmet. Qadın de-insanlaşdırılır, yəni qeyri-insanlaşdırılır. Predmetləşdirilir. Necə ki, bəzi dindarlar bir xanımla evləndikdən sonra onu başdan ayağa qara parçaya bürüyürlər. Ancaq gözləri görünür. Bəziləri gözlərini də bağlayır. Qadının öz seçimi başqa məsələ. Başdan ayağa bürünmək istəyirsə bürünsün. Mən də bir vaxtlar başımı keçəl etmək istəyirdim. Yaxşı ki, etmədim. Amma bunu etmək öz seçimim idi. Kişinin qadını bürüməsi isə o deməkdir ki, heç kim mənim malıma-mülkümə baxa bilməz. Mən bu mal-mülkün yiyəsiyəm. Qadın bir əşyadır. İnsan deyil.

Maraqlısı odur ki, bu müəlliflər Azərbaycanın qabaqda gedən, müasir sayılan yazıçılarıdır. Qadını predmetləşdirən və de-insanlaşdıran müəlliflər. Mən də əsgərlikdən danışanda şüuraltımda belə düşüncə üçün kişi cinsindən qisas alırdım. Özümə haqq qazandırırdım. İnanmıram ki, həmin müəlliflər özləri ilə dediyim dindarlar arasında oxşarlığı görə bilsinlər. Məsələ mürəkkəbdir. Qadının obyektləşdirilməsi hamının problemidir. Bütün cəmiyyətin problemidir. Cəmiyyət axsayır. Qadın predmetləşdirildiyi üçün pornoqrafik filmlər elmi və ya sənədli filmlərdən daha populyardır. Nəticədə cəmiyyət daha çox axsayır. Qadın kişinin istifadəsi üçün məhsula çevrilir. Məhsul isə məhsul hazırlayır, insan yox.

Doğrudan da, qadın olmaq dəhşətlidir. Amma hər şey nisbidir. Təbii ki, Əfqanıstanda qadın olmaq Azərbaycanda qadın olmaqdan daha çətindir. Lakin yenə də Qərbdə də Şərqdə də problemin kökü birdir: qadın insan deyil, predmetdir. Təsəvvür et ki, səni yolda saxlayıb deyirlər ki, insan olduğunu sübüt elə. Necə edərsən? İnsan olduğunu kiməsə sübut etmək çox çətindir. Sən başqaları üçün sadəcə bir varlıqsan. Böyük bir hüceyrə toplusu. Ya da bir sümük və ət kisəsi. Edə bilməyəcəksən. Çünki, sübut etmək üçün gərək həmin adamın “insan” tərifini biləsən. Onun diliylə ona insan olduğunu başa salasan. Sən ağzını açana qədər o sənə öz “qeyri-insan” damğasını vuracaq. Ona görə ki, onun bu sualı verməsinə səbəb elə sənin qeyri-insan olduğunu düşünməsi idi. Bax, qadınlar bunu həyatları boyu yaşayırlar. Hər gün, hər ay, hər il insan olduqlarını sübut etməlidirlər.

Həm də sübut etməlidirlər ki, “ikinci cinsin nümayəndəsi olan insan” deyillər. Sadəcə insandırlar. Heç birinci cins olduqlarını sübut etməyi düşünmürlər də. Hər cür kompromisə razıdırlar. Təki insan olduqları anlaşılsın. Bir növ işğal altında olub əsarəti qəbul edən və öz ölkəsində ikinci sort sayılan millət kimi. Birinci cins olduğunu həyatı və fəaliyyəti ilə göstərən qadınları ölkə üzrə barmaqla saymaq olar. Onlar da toplumun “qadın” anlayışına “it hürər, karvan keçər” fəlsəfəsi ilə yanaşanlardır. Tək-tük.

Bəli, qadın olmaq dəhşətlidir. Tarixə baxsaq qadınlar həmişə əzilib, döyülüb, söyülüb, fəlakətlərdə, bədbəxtliklərdə günahlandırılıb, hər cür yollarla köləliyə uyğunlaşdırılıb. Əslində qadınlar Yaradana təşəkkür etməlidirlər ki, hələ də mövcuddurlar. Əgər kişilərin başqa çoxalmaq yolu olsaydı çoxdan qadınların axırına çıxmışdılar. Dünyada ancaq bir insan cinsi qalmış olardı. Amma əvvəl-axır bir-birini sevməyə uyğunlaşmayanlar da özlərini və digərlərini qırıb qurtarardılar.

Söz yaranmaqdan düşmüşkən, haradasa oxumuşdum ki, qadın kişinin kəllə sümüyündən yaradılmayıb ki, başında otursun. Ayaq və ya əl sümüklərindən yaradılmayıb ki, əlində və ya ayağında qalsın. Ürəyinə yaxın yerdən, qabırğadan yaradılıb ki, sirdaşı, ömür-gün yoldaşı, dostu olsun. Predmetləşdirilmək və deinsanizasiya obyekti yox. İndi düşünmək olar ki, axı bir qabırğa nədir ki.

Bir qabırğa sınığının ölümlə nəticələnən fəsadları var. Bir qabırğa insanın bütün ömrü boyu əzab verə bilər. Dediyim odur ki, əgər inkişaf etmək və Azərbaycanın problemlərini həll etmək istəyiriksə birinci özümüzdən başlamalıyıq. Özümüzdə olan problemləri dəyişməliyik. Qadına bir qabırğa kimi baxanlar insan kimi baxmağı öyrənməlidirlər. Sənin insan saymadığın məxluq sabah sənin oğluna qeyri-insan olmağı öyrədəcək. Çünki, o ana insan olmağın nə olduğunu bilmir. Qızın isə insan olduğunu həyatı boyu sübut etməyə çalışacaq. Əziləcək və əzab çəkəcək. Sınacaq və əzab çəkəcək. Əsl qabırğa kimi.

P. S. Seksizm – cinsi ayrıseçkilik (diskriminasiya) deməkdir. (Redaksiyadan)

Ana səhifəMənim FikrimcəSEKSİSTBAYCAN