”Şəkərin daxili istehsalı azalıb”

Vahid Məhərrəmov: “Şəkər ixracı da yüz faiz idxaldan asılıdır”

Source:


Vahid Məhərrəmov: “Şəkər ixracı da yüz faiz idxaldan asılıdır”

2017-ci ilin I yarısında Azərbaycana 67,7 min ton şəkər idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,80 dəfə çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir.

Bildirilir ki, 2016-cı ildə bu göstərici 3 min 600 ton olub. Şəkər idxalının artımı fonunda bu məhsulun ixracı azalıb.

“Hesabat dövründə 40 min 284 ton şəkər ixrac edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 11 min ton azdır. İxracdan gəlir 3,3 mln dollar olub”, – deyə İqtisadi Tədqiqatlar Mərkəzi aqrar departamentinin sədri Vahid Məhərrəmov “Turan”-a bildirib.

O, şəkər və şəkər tozunun daxili istehsalının azaldığını deyir:

“İlin I yarısında şəkər istehsalı 110,2 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 35 faiz azdır. Şəkər istehsalında istifadə edilən xammalın 97 faizi idxal edilib. Ötən il vəziyyət bir qədər də çətinləşib. Ölkədə şəkərə illik tələbat 206,6 min tondur. Cəmi 365,2 min ton idxal edilib. Bunun 108,3 min tonu ixrac edilib. Belə çıxır ki, tələbat və şəkər ixracı yüz faiz idxaldan asılıdır. Ona görə aydın deyil ki, daxili tələbatın yerli istehsal hesabına tam təmin edilməsi barədə deyilən rəsmi bəyanatlar nəyə əsaslanır”.

“Bu ildən emala şəkər çuğunduru verən fermerlərə 1 tona görə 4 manat subsidiya veriləcək”, – apreldə Kənd Təsərrüfat Nazirliyi bitkiçilik şöbəsinin rəisi İmran Cümşüdov bildirib ki, bu il şəkər çuğunduru sahələri iki dəfə artırılaraq 15 min hektara çatdırılacaq, proqnozlaşdırılan məhsuldarlıq 600-700 min tondur.

Ölkədə şəkər çuğundurunun məhsuldarlığı illər boyu aşağı olub. Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə 262949 ton, 2012-ci ildə 173848 ton məhsul yığılıb. 2007-ci ilədək şəkər çuğunduru istehsalı daha aşağı olub. Belə ki, 2001-ci ildə Azərbaycan fermerləri 41325 ton, 2002-ci ildə 115759 ton, 2003-cü ildə 128844 ton, 2004-cü ildə 56777 ton, 2005-ci ildə 36584 ton, 2016-cı ildə 167231 ton və 2007-ci ildə 141916 ton şəkər çuğunduru yığıb.

Ötən il 7100 ha sahədən 344 min ton məhsul toplanıb:

“İmişli Şəkər Zavodu yerli xammalla təmin ediləcək. Yeni subsidiya mexanizmi bunun üçündür”, – deyə İmran Cümşüdov bildirib.

1 tona görə fermerlər 60 manat alır. Ötən il fermerlər 1 ha sahəyə görə dövlətdən 50 manat subsidiya alıblar. Bu ildən subsidiya məhsuldan asılı olacaq. 2016-cı ildə məhsuldarlıq hektardan 6 ton artaraq 44 ton olub. Hətta bu məhsuldarlıq səviyyəsində subsidiya 3,5 dəfə artacaq, deyə Kənd Təsərrüfat Nazirliyində hesab edirlər.

Ana səhifəXəbərlər”Şəkərin daxili istehsalı azalıb”