Səhiyyə Nazirliyindən analoqu olmayan “qayğı”

Nərmin Hüseynlinin dünyasını dəyişməsindən 21 gün sonra nazirlik ailəsinə yardım edəcəyi haqqında məktub göndərib.

Source:


Nərmin Hüseynlinin dünyasını dəyişməsindən 21 gün sonra nazirlik ailəsinə yardım edəcəyi haqqında məktub göndərib.

Leykoz xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin ölümündən sonra ailəsinin müraciətinə cavab gəlib. Yeniyetmənin müalicəsi üçün müxtəlif orqanlara müraciət edən ailə cavab məktubunu onun sağlığında deyil, 40 mərsiminə az qalmış alıb.

Bu barədə məlumat sosial şəbəkələrdə müraciətin surəti ilə birgə yayılıb.

Cavab məktubundan bəlli olur ki, Prezident Administrasiyası Səhiyyə Nazirliyinə müraciət edərək, xəstəyə köməklik göstərilməsi üçün xahiş edib.

Həmin müraciətdə deyilir: “Xəstəni müvafiq mütəxəssislər tərəfindən tibbi müayinədən keçirib, müalicəsinin və dərman pereparatları ilə müəyyən olunmuş qaydada təmin olunmasına köməklik göstərilsin”.

Səhiyyə Nazirliyi də həmin müraciətə baxaraq müsbət rəy verib və yardım göstəriləcəyi ilə bağlı məktubu mərhumənin ailəsinin yaşadığı Sumqayıtdakı ünvana göndərib.

Nərmin Hüseynli martın 10-da dünyasını dəyişib. Məktub isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladov tərəfindən düz 21 gün sonra – martın 31-də imzalanıb. Prezident Administrasiyasının həmin müraciəti Səhiyyə Nazirliyinə nə zaman ünvanladığı isə məlum deyil.

Səhiyyə Nazirliyi hələlik məsələ ilə bağlı heç bir açıqlama vermir.

Ana səhifəXəbərlərSəhiyyə Nazirliyindən analoqu olmayan “qayğı”