”Səfirə deyilməlidir ki, bu, ləyaqətsiz hərəkətdir”

Milli Məclisdə Gürcüstana sərt etirazlar

Milli Məclis
Milli Məclis


Milli Məclisdə Gürcüstana sərt etirazlar

“Nino Burcanadze Gürcüstan parlamentinin spikeri olanda NATO PA-nın iclasında çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladır, bizi qışın soyuğunda dondurub öldürmək istəyir. Azərbaycan özünün bir çox kəndlərinin qazını kəsib Gürcüstan əhalisinə qaz verdi ki, bizdə camaat odun yandırıb isinə bilər, amma Gürcüstan soyuqdan donub ölməsin”.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə Gürcüstanın Baş nazirinin ölkə ərazisi vasitəsilə Ermənistanın Rusiyaya çıxışına şərait yaradılacağı barədə açıqlamasına münasibət bildirərkən deyib.

Gürcüstan hökuməti ölkə ərazisi vasitəsilə Rusiyaya yüklərin, ehtiyac olacağı təqdirdə, nəzarətdən kənar Sxinvali regionu vasitəsilə daşınması üçün İsveçrənin SGS şirkəti ilə müqavilə imzalayıb. Baş nazir Giorgi Kvirikavili bildirib ki, əgər Kazbegi-Yuxarı Lars gömrük-buraxılış məntəqəsində fövqəladə vəziyyət yaranarsa, yüklər qeyd olunan marşrutla daşına bilər.

“Bu müqavilənin heç bir maddəsi Gürcüstanın maraqları əleyhinə yönəlməyib. Söhbət ondan gedir ki, Yuxarı Lars gömrük-buraxılış məntəqəsi istiqamətində fors-major situasiya zamanı, məsələn, güclü qar, yaxud sürüşmə baş verərsə, Sxinvali istiqamətində bu yol açıla bilər. Bu dəhlizdən həm Türkiyə, həm Ermənistan, həm də ölkəmizin tranzit potensialından yaralanan digər ölkələr istifadə edə bilər. Lakin bu, hələlik birtərəfli imzalanmadır. Biz danışıqları davam etdiririk, çünki Rusiya tərəfindən irəli sürülən müəyyən şərtlər var ki, bizim üçün qəbuledilməzdir”, – deyə G. Kvirikaşvili Gürcüstan parlamentdə çıxışında söyləyib.

Deputat Qüdrət Həsənquliyevin fikrincə, Azərbaycan hər zaman bir qonşu kimi öz etibarlılığını göstərsə də, Gürcüstandan eyni münasibəti görməyib.

“Həmin iclas zamanı ona sual verdilər ki, Kosovanın həll variantı keçmiş sovet respublikalarındakı münaqişələrə tətbiq oluna bilərmi? O da dedi ki, nə Moldovaya, nə də Gürcüstana tətbiq oluna bilər. Qarabağın adını isə çəkmədi. Bu, artıq həmin ölkənin rəhbərliyinin Azərbaycana olan münasibətidir. Sözsüz ki, o, bundan sonra siyasi elitadan uzaqlaşdırıldı.

Qüdrət Həsənquliyev

Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı tibbi yardım göstərdik. Bakı-Tibilisi-Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik, onların kreditlərini ödədik. Bu gün Gürcüstana ucuz qiymətə qaz satılır. Gürcüstanda investisiya qoyuluşuna görə Azərbaycan birinci yerdədir. Belə olduğu halda biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş verməyib. Hesab edirəm ki, Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalı, deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. Biz Gürcüstan xalqına, ictimai təşkilatlara müraciət etməliyik. Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. İşğal altında olan torpaqlar üzərindən bunlar dəmiryol xətti açmaq istəyirlər. Azərbaycan buna çox ciddi reaksiya verməlidir” – deyə deputat bildirib.

Deputat Fərəc Quliyev də Milli Məclisi bu məsələyə rəsmi etiraz bildirməyə çağırıb.

Deputat Əflatun Amaşov deyib ki, Gürcüstan əgər buna yol verirsə, öz ərazi bütövlüyünün pozulmasını da tanımış olur.

Aytən Mustafayeva da Gürcüstan Baş nazirinin bu fikrinə etirazını ifadə edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə nəzərə çatdırıb ki, gürcü ekspertlər də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verib. O, bunu Gürcüstanda kimlərinsə Azərbaycanla münasibətləri pozmaq istəyi kimi qiymətləndirib. “Amma inanmıram ki, Gürcüstan hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Tapşırarıq, dostluq qrupu məsələni araşdırar”.

Ana səhifəXəbərlər”Səfirə deyilməlidir ki, bu, ləyaqətsiz hərəkətdir”