Səfərbərliklə orduya çağırılanlar nə vaxt tərxis olunacaqlar?

“Yəni qismən səfərbərliyə cəlb edilənlər hərbi qulluqçu statusu daşıyırlar”.

Source: Specify Source


Hüquqşünas: "Hələ ki qismən səfərbərlik qərarı ləğv edilməyib"

Müharibə bitib. İndi isə səfərbərliklə döyüşə gedənlərin nə zaman dönəcəyi müzakirə edilir. Ailələr, qohumlar iki aya yaxındır evdən çıxmış yaxınlarının yolunu gözləyir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlamışdı. Hər iki tərəfdən itkilər olduğu açıqlanıb.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda Prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olundu.

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında qanuna görə, Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, həmin qurumun müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir.

Bundan əlavə, qanunda deyilir ki, səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilən hərbi qulluqçular mövsümə uyğun bir dəst paltar və ayaqqabı ilə təmin edilirlər. Bu hərbi qulluqçular dövlət hesabına yaşayış yerinə göndərilir və yolda yeməklə təmin edilirlər.

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında qanunun 18.1-ci maddəsinə görə, Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir.

Hüquqşünas Fariz Namazlı deyir ki, hələ ki ölkədə elan olunan qismən səfərbərlik qərarı ləğv edilməyib: “Hətta komendant saatı da davam edir. Bu qərar ləğv edildikdən sonra hərbi qulluqçular da tərxis olunacaq. Hələlik qərar qüvvədədir və ona görə də səfərbərliklə hərbi xidmətə cəlb edilənlər buraxılmayıb”.

Fariz Namazlı
Fariz Namazlı

Hüquqşünas Yalçın İmanov da deyir ki, 28 sentyabrda İlham Əliyevin sərəncamıyla ölkədə qismən səfərbərlik elan edilib.

"Hərbi qulluqçuların statusu haqqında" Qanuna uyğun olaraq vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər:

“Yəni qismən səfərbərliyə cəlb edilənlər hərbi qulluqçu statusu daşıyırlar. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanunun 18.1-ci maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezident Fərmanına əsasən, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanına əsasən, icra edilir. Beləliklə, bu məsələnin, yəni səfərliyə çağırılmış vətəndaşların xidmətdən buraxılması üçün prezident fəman qəbul etməlidir”.

Vəkil Yalçın İmanov
Yalçın İmanov

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətSəfərbərliklə orduya çağırılanlar nə vaxt tərxis olunacaqlar?