Seçki hüququ əlindən alınanlar nə etməlidir?

Ölkədə elə bir vəziyyət yaranıb ki, situasiya həm iqtidarın, həm də müxalifətin nəzarətindən çıxa bilər

Source:


Ölkədə elə bir vəziyyət yaranıb ki, situasiya həm iqtidarın, həm də müxalifətin nəzarətindən çıxa bilər

Parlament seçkiləri başa çatdı və Azərbaycanda seçki yolu ilə demokratik gözləntilərin yanlış olduğu bir daha üzə çıxdı. Rəsmi Bakı Qərblə savaş müstəvisindədir. Ən  maraqlısı isə odur ki, rəsmi Bakıya Qərbin ardıcıl və sərrast atəşləri fonunda Azərbaycan hakimiyyəti Rusiyaya doğru açıq kurs götürməyə başlayıb. Yeni formalaşan parlamentin tərkibi də bunu deməyə əsas verir.

Ölkədə seçki yoxdur. Bu gün baş verənlər “ərəb baharı”nı xatırladır. İnqilablar ərəfəsində Yaxın Şərqə səfər edən ABŞ-ın  artıq sabiq dövlət katibi Hillari Klinton “Yaxın Şərqin, Şimali Afrikanın və digər bölgələrin insanlarının küçələrdə, meydanlarda və digər çevrələrdə azadlıq çağırışları eşidilməkdədir” bəyanatı bütöv bir bölgəni ayağa qaldırdı.

Yaxın Şərqdəki proseslər ərəfəsində də Birləşmiş Ştatlar ərəb diktatorlarının hədəfində idi. Bütün bunlar ərəb hakimiyyətləri üçün faciəli oldu.

İndi hamını bir sual düşündürür – Vaşinqton kiçik manevrlərə baxmayaraq,  Bakıya münasibətini niyə bu dərəcədə kəskin dəyişməkdədir? Əslində bu suala cavab da olduqca sadədir – Azərbaycan hakimiyyətinə diplomatik seçimi ilə bağlı mövqe sərgiləməsinə zaman verilmişdi. Artıq bu limit bitmək üzrədir və görünən budur ki, Bakı Rusiyanı seçir. İctimai rəyi Suriya və yaxud Ukrayna, “məxməri inqilablar”ın baş verib, dağıntılarla qarşılaşan digər ölkələrlə qorxutmaq cəhdləri də  “Evromaydan” hədəsinin reallaşa biləcəyinin göstəricisi hesab edilə bilər.

Vaşinqton Bakını Rusiyaya meyllənməkdən imtina etməyə və birmənalı qərbyönümlü siyasət yeritməyə vadar edir.

Qərb bir suala cavab  tapmaq istəyir  – Bakı NATO-nun, yoxsa Kremlin dostudur?

Görünən isə budur ki, Bakı Moskvanı seçir. Bu isə Birləşmiş Ştatların təhlükəsizlik maraqlarına edilən təhdid kimi səciyyələndirilə bilər.

İstisna deyil ki, ABŞ və Azərbaycan arasında yaşanan gərginlik müəyyən müddətdən sonra daha da gərginləşəcək. Lakin Bakı seçimini etməlidir – ya Qərb, ya Rusiya.  Hakimiyyət onun siyasətinə etiraz edənlərin təşəbbüsünü boğmaq niyyətindədir. İndiki mərhələdə xalqa qarşı zorakılıq rəngli inqilab ideyasının gerçəkləşməsi anlamına gəlir. Azərbaycan hakimiyyəti son parlament seçkiləri ilə özünə ABŞ-ın timsalında yeni müxalifət yaratdı. Belə müxalifətə qarşı duruş gətirmək fantastik görünür.

Hakimiyyət cəmiyyətin passivliyinə görə özünü inamlı  aparır. İqtidar təbliğat maşınının köməyi ilə cəmiyyəti yenidən apatiyaya sürüklənir. Bu da anlaşılandır. Ortada nə böyük ideyalar, nə də ki ictimai rəyi riqqətə gətirə biləcək etirazlar mövcuddur. Sanki hamı imitasiya ilə məşğuldur. Bir tərəf kadr islahatı imitasiyası həyata keçirir, qarşı tərəf isə cəmiyyətin fəallaşmasını gözləyir. İmitasiyanın özü o dərəcədə süst həyata keçirilir ki, ictimai rəy “qapalı dairədən” səslənən pıçıltıları belə eşidə bilmir.

Ölkədə siyasi fəallığın yoxluğu bədbinliyə qapılmağa əsas verir. Sanki bütün baş verənlər taleyin ümidinə buraxılıb. Hakimiyyət “harada qırıldı, qırıldı” tezisi ilə davranaraq, ölkənin demokratikləşdirilməsi istiqamətində demək olar ki, heç bir əməli addım atmır. Bu isə acınacaqlıdır. Ölkədə proses yarada biləcək, sıradan bir hadisə sayılmayacaq addımlar atılmır. Yenə hamı bölgələrin qiyama qalxacağını, hakimiyyətin zülmündən təngə gələn insanların iqtidarı devirəcəyi gözləyir. Bir sözlə, siyasi münasibətlər subyekti kimi hakimiyyət və xalq çıxış edir.  Hakimiyyət isə  xalqla açıq savaşa başlayır.

Hakimiyyət özü üçün təhlükəli hesab etdiyi hər bir şəxsi təcrid edir. Bu baxımdan, onsuz da sayları o qədər də çox olmayan fədakarların taleyi tükdən asılı vəziyyətdədir. Vəziyyətin paradoksu ondan ibarətdir ki, bir yandan liderlərdən fəallıq və radikallıq tələb olunur, digər tərəfdən isə tərəfdarları hesablanmamış və divident gətirməyəcək təhlükələrdən xilas etmək lazım gəlir.  Cəmiyyət demokratik dəyişikliklərə ümüd bəsləmir. Çoxu belə düşünür ki, inqilabi ideoloq və liderlərin gedişləri ilə cəmiyyət durğunluqdan çıxa bilər. Lakin ölkədə elə bir vəziyyət yaranıb ki, situasiya həm iqtidarın, həm də müxalifətin nəzarətindən çıxa bilər. Bu isə dağıntı və xaos anlamına gəlir. Seçki hüququ əlindən alınmış ölkələrdə belə vəziyyət qaçılmazdır…

Ana səhifəXəbərlərSeçki hüququ əlindən alınanlar nə etməlidir?