Hüquqşünasın fikrincə, borclar ödəniş gününə mövcud olan məzənnə əsas götürülməlidir
“Manatın devalvasiyasında kommersiya bankları günahkardır. Mərkəzi Bank belə bir nəticəyə gəlib və iddia edir ki, banklar iki dəfə (ötən ilin noyabrı və bu ilin yanvarında) hesabları kütləvi şəkildə manatdan əsasən dollara konvertasiya ediblər.
Statistikaya əsasən, bu dövrdə xarici valyuta ilə əmanətlərdə gəlirlilik dərəcəsi manat əmanətlərindən 0,6 faiz faiz faiz artıq olub. Noyabrda fərq +0,57 faiz, yanvarda +0,64 faiz təşkil edib. Guya bu, əmanətçilərin aktivliyinə səbəb olub”.Bu, “Turan” İnformasiya Agentliyinin ekspertlərinin fikridir.
“B
anklar gücü xarici kreditlərə vermişdi”
“Turan İA” ekspertlərinin fikrincə, Mərkəzi Bank cəmiyyətdə çaşqınlıq yaradır.Manatdan dollara və qismən avroya keçid neftin qiymətinin düşməsi və ölkədə beynəlxalq ixtisaslaşmış strukturlara bağlı birja valyuta bazarının olmaması üzündən baş verib.
İqtisadçı Samir Əliyev Meydan TV-yə deyib ki, Mərkəzi Bankın açıqlamasını bölüşmür: “Dünyada baş verən proseslərin fonunda bir çox ölkələrdə devalvasiya qərarları qəbul edildi. Azərbaycanla qonşu ölkələr, Rusiya, Belarus, Moldova, Ermənistan, Türkiyə və başqa ölkələr bu addımları atdılar. Bu mənada Azərbaycanda devalvasiyanın olacağı gözlənilirdi. Xüsusən də neftin qiymətinin ucuzlaşması devalvasiya qərarını gerçəkləşdirdi. Ona görə banklar gücü xarici kreditlərə vermişdi, manatla kredit almaq istəyənlərə dollar krediti təklif olunurdu. Səbəb də bankların özlərini gələcək üçün sığortalamaq istəyi idi. Başqa bir səbəb isə manat qıtlığı idi. Təsadüfi deyil ki, manatla verilən kreditləri məhdudlaşdırdılar, eyni zamanda, manat əmanətinin faizlərini artırdılar”. Samir Əliyevin sözlərinə görə, faktiki olaraq, Mərkəzi Bank inflyasiya səviyyəsini aşağı salmaq üçün manatla olan pul kütləsini məhdudlaşdırmışdı, digər tərəfdən də milli valyutanı ucuzlaşdırmağa qoymurdu: “Bu iki addımla inflyasiyanı cilovlayırdı”.
İqtisadçı hesab edir ki, devalvasiyadan sonra qiymətlərin artması labüddür:“Qiymətlər də qalxanda iqtisadiyyat pul tələb edir ki, pul artımını ödəyə bilsin. Bu mənada Mərkəzi Bankın bankları günahlandırması açıqlaması ilə razılaşmıram. Çünki devalvasiya Mərkəzi Bankın səlahiyyətindədir və bu, qaçılmaz idi. Sadəcə, hökumət bu addımı koordinasiya olunmadan, sistemsiz həyata keçirdiyindən əsas zərəri əhaliyə və banklara dəydi.
Hakim də manatdan danışdı
Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının hakimi Əsəd Mirzəliyev mətbuata açıqlamasında bildirib ki, Mülki Məcəllənin 439.7-ci maddəsi bu problemi birbaşa həll edir. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir: “Öhdəliyin əmələ gəldiyi vaxt müqavilənin bağlandığı, kreditin götürüldüyü vaxt hesab olunur. Yəni tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, aylıq kredit borcu dolların o zamankı məzənnəsi ilə ödənilməlidir. Bu, qanunda birbaşa göstərilir. Kredit borcunun hazırkı məzənnə ilə ödənilməsini tələb etmək qeyri-qanunidir. Fərz edək ki, dolların məzənnəsi aşağı düşüb. Bu zaman banklar kredit borcunu həmin məzənnə ilə qəbul edəcəkdimi?” Ali Məhkəmənin hakimi deyir ki, dollarla götürülən kreditlərin aylıq kredit borcu öhdəliyin əmələ gəldiyi vaxt olan məzənnə ilə ödənilməlidir.
“Hakimin şərh verməsi yolverilməzdir”
“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri Anar Bağırov isə hakim Əsəd Mirzəliyevi bu şərhinə görə qınayıb. Qurumdan Meydan TV-yə daxil olan açıqlamada Anar Bağırov deyir: “Son günlərdə bir çox hüquqşünasların bu mövzuya olan müxtəlif və fərqli yanaşmaları ilə tanış oluruq. Xüsusilə, Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin manatın məzənnəsinin devalvasiyasından sonda kreditlərin hansı qaydada qaytarılması barədə mətbuata açıqlaması məni çox təəccübləndirdi. Hesab edirəm ki, hakimin, xüsusilə də
Ali Məhkəmənin hakiminin belə bir şərh verməsi yolverilməzdir. Belə ki,
Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarının rəsmi şərhini Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi verir.
Təsadüfi deyildir ki, hal-hazırda dünyada hakimlərin universal davranış qaydalarını müəyyən edən BMT-nin himayəsi altında qəbul edilmiş “Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri”-də də bu müddəalar öz əksini tapır. Belə ki, orada göstərilmişdir ki, hakimlər ictimai müzakirələrdə iştirak etməməlidirlər. Bunun da səbəbi aydındır. Hakim vəzifəsinin mahiyyəti hakimin mübahisəli məsələlərə obyektiv və ədalətli yanaşma qabiliyyətindədir. Əgər hakim ictimai müzakirələrdə iştirak edirsə – mübahisəli məsələlərə dair öz fikrini bildirməklə cəmiyyətin nəzərində öz vəzifələrini qərəzsiz icra etmək qabiliyyətini şübhə altına qoymuş olur. Cəmiyyət açıq şəkildə öz fikrini bildirdiyi məsələlərə toxunan mübahisəni həll edən hakimin qərəzsizliyinə şübhə ilə yanaşacaqdır”.
Vəkil sözlərinə onu da əlavə edib ki, gərək hakimlər öz çıxışlarında daim tədbirli və ehtiyatlı olsunlar. Çünki onların müəyyən mübahisə ilə bağlı, xüsusilə də aktual mövzu ilə bağlı mətbuata açıqlama verib, konkret yol göstərməsi cəmiyyət arasında xaosa və gərginliyə səbəb ola bilər.
“Lakin yenə də inanmaq istərdim ki, Əsəd Mirzəliyev belə bir açıqlama verməmişdir və ya onun fikirləri təhrif olunmuşdur” –deyə vəkil bildirib.
A.Bağırov, ümumiyyətlə, hüquqi baxımdan Əsəd Mirzəliyevin mövqeyi ilə razı olmadığını bildirib: “AR Mülki Məcəlləsinin 439.7-ci maddəsində “xarici valyuta”dan söhbət belə getmir. Burada söhbət pul vahidinin öz dəyərindən, yəni nominal dəyərindən gedir, digər valyutalara nisbətindən yox. Sözügedən müddəanın pul vahidinin xarici valyutaya nisbətinin, yəni valyuta məzənnəsinin dəyişməsi kimi başa düşmək texniki cəhətdən də mümkün deyil. Çünki pul vahidi eyni zamanda bir valyutaya nisbətdə bahalaşa, digərinə nisbətdə isə ucuzlaşa bilər. Onda necə olmalıdır bəs? Valyutanın dəyişməsi isə o deməkdir ki, məsələn, sabah Azərbaycanın pul vahidi dəyişə bilər. Avropa Birliyinə daxil olan ölkələrin avroya keçməsi kimi”.
Anar Bağırovun dediyinə görə, Mülki Məcəllənin 439.2-ci maddəsində isə belə yazılır: “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. Belə ki, buradan aydın olur ki, xarici valyutada olan borc manatla ödənilə bilər, amma ödəniş gününə mövcud olan məzənnə əsas götürülməlidir.