Samir Əliyev: Arıçılıqda mütəxəssis qıtlığı var

“Hazırki tədris müəssisələri arıçılıq üzrə kadrlar hazırlamır, arıçılıq ixtisası yoxdur”

Source:

“Hazırki tədris müəssisələri arıçılıq üzrə kadrlar hazırlamır, arıçılıq ixtisası yoxdur”

“2016-cı ilin əvvəlinə ölkənin arıçılıq təsərrüfatlarında olan arı ailələrinin sayı 250 mindən çoxdur, arıçıların sayı isə 8-10 min arasında dəyişir. Hazırda ölkədə hər bir arı təsərrüfatına orta hesabla 25-31 arı ailəsi düşür. Bu, çox azdır”.


“Ölkədə arı ailələrinin sayını 600-700 minə çatdırmaq olar”

Bu haqda iqtisadçı-ekspert Samir Əliyev İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” mövzusunda düzənlənən tədbirdə deyib. Ekspertin hesablamalarına görə, arı təsərrrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat ən azı 200 arı ailəsinə xidmət göstərməlidir: “Arı ailələri ölkənin regionları üzrə bərabər paylanmayıb. Mütəxəssislər ölkədə arı ailələrinin sayının 600-700 minə çatdırmaq potensialının olduğunu bildirir və Aran regionun arıçılıq üçün əlverişli olduğunu qeyd edirlər. Ancaq Aran regionunda kənd təsərrüfatı məhsullarının intensiv əkini arıçılıq üçün problemlər yaradır”.


“Ölkədə arıçılıq ixtisası yoxdur”

Təsərrüfat sahibləri arıçılıq sahəsində müəyyən biliyə malik olsalar da, xırda istisnalarla onların fəaliyyəti daha çox həvəskar fəaliyyətdən ibarətdir. S.Əliyev əlavə edib ki, ölkədə istər arı xəstəlikləri, istər arıların bəslənməsi, istərsə də arıçılıq təsərüüfatlarının idarəedilməsi üzrə mütəxəssis qıtlığı mövcuddur: “Hazırki tədris müəssisələri arıçılıq üzrə kadrlar hazırlamır, arıçılıq ixtisası yoxdur. Heyvan xəstəliyi üzrə ixtisaslaşan baytarların arı xəstəlikləri barədə bilikləri kifayət etmir”.


Arıçılıqla bağlı düzgün statistika yoxdur…

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-2015-ci illərdə ölkə üzrə arı ailələrinin sayı 2 dəfədən çox artaraq 115618-dən 251233-ə yüksəlib.

Arı ailələrinin 248668-i ailə kəndli və ev təsərrüfatlarının, 914-ü fərdi sahibkrların payına düşür. Arı ailələrinin uçotu düzgün aparılmır.

Dövlət Statistika Komitəsinin rəsmi internet saytında, dövlət qurumları ilə müzakirələrdə, arıçılarla söhbətdə arı təsərrüfatlarının dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.

Yerli təbii bal istehsalı tələbatı ödəmir. İllik həcmi təxminən 2400-2500 tondur. Son 10 ildə təbii bal istehsalı 2 dəfədən çox artıb.


Azərbaycana idxal olunan arıçılıq məhsullarının həcmi artıb?

Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ildə Azərbaycana 69,66 ton həcmində təbii bal idxal olunub və son illər artım müşahidə edilir.

“Təbii balın ixrac potensialı zəifdir. Araşdırma nəticəsi göstərdi ki, təbii bal ixracına həm maya dəyərinin baha olması, həm də lazımi həcmdə olmaması mane olur. 2015-ci ildə ixracın orta qiyməti təbii balın hər kq-ı üçün 11,2 dollar olub.

Bu dövrdə idxal olunan ən bahalı Fransa balı 2 dəfə ucuz – 6,71 ABŞ dolları olub. İdxal olunan təbii balın 1 kq-nın orta qiyməti 1,5-2.5 ABŞ dolları olub. Arıların balverimi məhsuldarlığı çox aşağıdır. Azərbaycanda arı ailələrinin balverimi səviyyəsi ilə bağlı vahid statistik baza məlumatı yoxdur” – iqtisadçı qeyd edib.

Tədqiqatdan məlum olub ki, arı təsərrüfatlarında balverimi səviyyəsi 5-20 kq intervalında dəyişir. Xarici ölkələrin təcrübələri göstərir ki, bəzi ölkələrdə arı ailələrinin balverimi səviyyəsi 40-50 kq-a çatır. Təbii balın satış problemi yoxdur.

Samir Əliyev deyir ki, ölkədə təmiz və keyfiyyətli bala tələbat yüksək olaraq qalır. Təbii balın satışı, əsasən, pərakəndə qaydada həyata keçirilir. Topdansatış kanalları mövcud deyil: “Pərakəndə satış ticarət şəbəkələrində satış, fərdi satış və müvafiq dövlət qurumlarının təşkil etdiyi yarmarkalarda satışdan ibarətdir. Arıçılıq təsərrüfatları satışı əsasən, fərdi qaydada, öz təsərrüfatında həyata keçirməyə üstünlük verir. Arıçıların beynəlxalq təmsilçiliyi zəifdir.

Azərbaycanın Arıçılar Assosiasiyasının Beynəlxalq Federasiyası olan Apimondiyada təmsilçiliyi yoxdur. Apimondiyanın hazırda 94 tam, 20 assosiativ üzvü var. Keçmiş SSRİ ölkələrinin demək olar hamısı həmin qurumda bir və ya iki təşkilatla təmsil olunur.

Damazlıq-seleksiya işləri sistemsiz aparılır. Arıların cırlaşması məhsuldarlığa mənfi təsir göstərir. Mütəxəssislər bunun səbəbini damazlıq-seleksiya işlərinin xaotik, sistemsiz aparılması iləəlaqələndirirlər. Arı cinsləri ancaq elmi-tədqiqat məqsədilə idxal olunmalı olduğu halda bəzən icazəsiz olaraq arıçıların şəxsi təşəbbüsü ilə yeni arı cinsləri gətirirlər. Bu isə sonda arı cinslərinin bir-biri ilə qarışaraq onların cırlaşmasına gətirib çıxarır.Arıçılıq üzrə kadr qıtlığı mövcuddur”.


“Ölkədə arıçılıq sahəsində peşəkar kadrlar yox dərəcəsindədir”

Araşdırma göstərir ki, ölkədə kifayət qədər arıçılıq təsərrüfatlarının olmasına rəğmən bu sahədə peşəkar kadrlar yox dərəcəsindədir. Müşahidələr, ekspert müzakirələri göstərir ki, ölkədə istər arı xəstəlikləri, istər arıların bəslənməsi, istərsə də arıçılıq təsərrüfatlarının idarə edilməsi üzrə mütəxəssis qıtlığı var. Hazırki tədris müəssisələri arıçılıq üzrə kadrlar hazırlamır, arıçılıq ixtisası yoxdur. Heyvan xəstəliyi üzrə ixtisaslaşan baytarların arı xəstəlikləri barədə bilikləri kifayət etmir.

Təbii balın keyfiyyətini ölçmək və arı xəstəliklərinin analizi üçün zəruri laboratoriyalar yoxdur.

“Balın keyfiyyətini analiz edərkən balın hansı bitkidən çəkildiyini, balın tərkibində GMO-nun mövcudluğu müəyyənləşdirmək mümkün deyil.

Mövcud laboratoriyalar arıçılıqda olan probemləri tam müəyyənləşdirməyə imkan vermir. Təbii balın istehlak həcminin uçotu aparılmır. Dövlət Statistika Komitəsi il ərzində ölkədə istehlak olunan təbii balın həcmi barədə statistik məlumata malik deyil.

Rəsmi statistikaya görə, əhalinin illik istehlakı təxminən 1000 tona bərabərdir. Müstəqil ekspertlər hesab edir ki, ölkənin illik istehlak potensialı 4000-4500 ton civarındadır” – iqtisadçı vurğulayıb.

Ana səhifəXəbərlərSamir Əliyev: Arıçılıqda mütəxəssis qıtlığı var