Siyasi fəalla bıçaqla vurduğu iddia edilən şəxs arasında üzləşmə keçirilib
Martın 29-da Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda həbs edilən Samir Aşurova qarşı ittiham ağırlaşdırılıb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib.
Samir Aşurovun işi üzrə Nizami Rayon Polis İdarəsində aparılan istintaq başa çatır. İstintaqın sonunda – iyulun 20-də müstəntiq Ayxan Təhməzli ona qarşı daha bir maddə ilə ittiham irəli sürülməsi haqda qərar qəbul edib. İndiyə qədər Samir Aşurova yalnız Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham verilmişdi. Müstəntiq qərar verib ki, ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə də ittiham elan olunsun.
Bu qərar Nizami Rayon Prokuroruna göndərilib.
Nuranə Aşurova hər iki ittihamın əsassız olduğunu, həyat yoldaşının şərləndiyini bildirib.
İttihama əsasən, Samir Aşurov aprelin 19-da Nizami rayonu ərazisində səkidə gedərkən qarşıdan gələn Elşən Nəbiyev adlı şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb. Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.
“Samir Aşurovla onun arasında iki gün əvvəl üzləşmə keçirilib. Açıb qarnındakı izi göstərib ki, guya Samirin vurduğu bıçağın yeridir. Yalandır, ola bilsin, əvvəl kimsə onu bıçaqlayıb, onun yeridir. Birincisi, çoxdankı yara izidir. İkincisi və ən əsası, Samir onu vurmayıb, heç üstündə bıçaq olmayıb. Sadəcə, Samiri şərləmək üçün alət kimi bundan istifadə edirlər. Bu da sifarişlə böhtan atır”, – Nuranə Aşurova bildirib.
Samir Aşurov hələ Azərbaycana qaytarıldığı ilk günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı.
O, barəsində həbs qətimkan tədbiri seçilərkən Nizami Rayon Məhkəməsində hakimə hadisənin necə baş verdiyini danışıb. Deyib ki, aprelin 19-da axşam saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında evinə gedərkən bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Arxasınca da qışqırıb və dərhal polislər gələrək onu tutub.
“Cibimə bıçaq qoydular. Çıxarıb atdım. Əvvəl sağ cibimə qoymuşdular, sonra gətirib sol cibimə qoydular. Götürüb 24-cü bölməyə apardılar”, – Samir Aşurov belə deyib.
Həyat yoldaşı Nuranə Aşurova onun polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.
Samir Aşurov Almaniyada Azərbaycan hökumətinin tənqid olunduğu etiraz aksiyalarının fəal iştirakçılarından biri idi. Son dövrlərdə Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan sonra narkotik ittihamıyla həbs olunub. Onlar ittihamı rədd edir və etirazlarına görə qisas almaq məqsədilə şərləndirklərini deyirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə bu haqda iddiaları təkzib edib, onların konkret faktlar əsasında tutulduğunu bildirib.