Şamaxılılar: “Səfalət içərisində yaşayırıq”

Şamaxı rayonu. Vastram/shutterstock

Bir qrup işsiz prezidentə məktub ünvanlayıb

“Səhər evdən çıxıb düşürsən küçələrə, bir tikə çörəyin pulunu hardan, necə qazanasan, bilmirsən… Fikirləşəndə ki, evə qayıtmalısan, əlin boşdur, ac uşaqların yenə gözlərini əlinə dikəcək ki, görən nə gətirmisən, adamın ürəyi parçalanır”.

Şamaxı sakini 29 yaşlı Aqşin Rzayev əvvəllər maşın təmiri yerində tokar işləyib,  pandemiya vaxtı işsiz qalıb, sonradansa işlədiyi təmir yeri bağlanıb və Aqşinin iş üçün qayıtmağa yeri olmayıb. Üç azyaşlı övladı, təqaüdçü anası və heç yerdə işləməyən həyat yoldaşı var. Aqşin deyir, 1 ildən çoxdur ki, iş üçün döymədiyi qapı qalmayıb.

Prezidentə yazıblar

Şamaxıda işsizlik təkcə Aqşinin dərdi deyil. Bu yaxınlarda 20-yə yaxın sakin Prezidentə ünvanladıqları məktubda işsizliyin onların həyatında dərin boşluq buraxdığını yazıblar. Onlar ölkə başçısına işsizliyin aradan qaldırılması üçün həyata keçirilən sosial layihələrin uğursuz olduğunu bildiriblər. Səbəbindən də yazıblar:

“Şamaxıda işsizlik baş alıb gedir. Əhali səfalət içərisində yaşayır, dolana bilmirik. Yaşamaq üçün, acından ölməmək üçün bütün imkanlarımız, qüvvəmiz tükənib. Əhalinin başını DOST İş Mərkəziylə qatırlar. Adını da qoyublar sosial layihə… DOST İş Mərkəzinin “işə götürdüyü” 485 nəfərdən vur-tut 70-80 nəfəri real işçidir. Qalanlarının adına yalnız maaş kartı var”.

Bahar Gülbabayevanın, Arzu Alpaşayevanın, Elçin Zəkəriyevin, Əmrağa Abbasovun, Əlpaşa İsmayılovun, İzzətalı Mikayılovun, Əfqan Qasımovun, Dadaş Dadaşovun, Şəhriyar Gülbabayevin, Natiq Heybətovun, Elnur Manafovun, Habil Adıgözəlovun imzasıyla yazılmış məktubda bildirilir ki, hərəsinin bir çətən külfəti var. İllərdir ki, Şamaxı Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olsalar da, hələ də işlə təmin edilməyiblər.

Torpaqlar satılıb, heyvandarlıq məhv olub

Eldar Məmmədov əlildir. 5 nəfərlik ailə onun əlillik təqaüdüylə dolanır:

“130 manat pensiya alıram. Əvvəllər uşaqlar balaca idi, ərzaqlarda bugünkü kimi yüksək bahalaşma yox idi, birtəhər dolanırdıq. Uşaqlar böyüdükcə xərcləri də artıb. Uşaqpulu yoxdur, ünvanlı sosial yardımı vətəndaşa verməmək üçün min oyundan çıxırlar, iş yoxdur ki, həyat yoldaşım işləsin. Çox əziyyət çəkirik. Həyat yoldaşım dəfələrlə Məşğulluq İdarəsinə gedib, deyirlər, iş yoxdur, axtarın, özünüzə iş tapın”. 

Şamaxının kəndlərində də işsizlikdir. Kəndlilərin göz dikdikləri yeganə sahə heyvandarlıqdır ki, örüş sahələri əllərindən alındığı üçün heyvandarlıqla da məşğul ola bilmirlər. Pay torpaqlarındansa pulsuzluqdan istifadə edə bilmirlər. Deyirlər ki, əkin işləri üçün texnika, suvarma, gübrənin alınması işlərində kəndlilərə dövlət dəstəyinin adı var, özü yoxdur. 

Şamaxıdakı işsizliyin faizi ilə bağlı dəqiq məlumat yoxdur. Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, vətəndaşlar çox hallarda iş üçün bu quruma müraciət edirlər. Qurum da vətəndaşları başqa quruma – Şamaxı Rayon Məşğulluq Xidmətinə yönləndirir. Xidmətdənsə Meydan TV-yə bildirilib ki, son bir neçə ildə DOST İş Mərkəzi vasitəsiylə yüzlərlə işsiz vətəndaş işlə təmin olunub, yüzlərlə ailə özünəməşğulluq proqramına cəlb edilib. Xidmətdən o da bildirilib ki, əksər hallarda iş üçün müraciət edən işsiz vətəndaş təklif olunan işləri qəbul etmir, məhz məktəb, yaxud icra hakimiyyətində iş verilməsini tələb edir. Bu isə mümkün olmur.

Ana səhifəBölgəŞamaxılılar: “Səfalət içərisində yaşayırıq”