Şamaxı rayonunun 48-ci məhəlləsində torpaq sürüşməsi olub. Dağdan axıb gələn torpaq kütləsi nəticəsində evlər qəzalı hala düşüb. 15 evdən 7-si ərazini tərk edib, qohum-qonşuya sığınmaq məcburiyyətində qalıb.
Buralarda təhlükə hər gün bir neçə santimentr sürüşən torpaq sürüşməsi ilə daha da artır. Hasarlar torpaq altında qalır, evlərdə iri çatlar yaranır.
Sakinlər deyir ki, icra nümayəndələri də, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vəziyətdən xəbərdardır, ərazidə olublar. Ancaq ailələri sığınacaqla təmin etməyiblər.
“Deyirlər, çıxın, gedin kirayədə yaşayın. Mən 100 manat maaş alıram, kirayə pulunu hardan ödəyim? 3 ailə yaşayırıq bir evdə. Mən cəhənnəmə, bayırda da olsa yataram. Bəs bu körpə uşaqları nə edim?”
Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin komissiyası əraziyə baxış keçirib. Sakinlərə lazımi köməklik göstəriləcək.
8 ailə də torpaq uçqununun baş verdiyi təhlükəli ərazidə gələcək yardımı gözləyir.